Pulun varsa, yolu kəsə, hamını əzə bilərsən – Fazil Mustafa



 09:30 25.06.2021     415

Nexeber.az deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın “Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edir:

- Fazil bəy, bir müddət öncə Azərbaycan parlamentinin nümayəndə heyətinin tərkibində Türkiyədə səfərdə oldunuz, Prezident Ərdoğanla görüşdünüz. Maraqlıdır, “Bir millət, iki dövlət”in müttəfiqliyini Türkiyədən necə müşahidə etdiniz?

- Türkiyə səfərimiz parlamentlərarası işçi qrupu formatında nəzərdə tutulmuşdu və Milli Məclisin sədri Sahibə Qafarovanın birbaşa təşəbbüsü ilə gerçəkləşmişdi. Ümumiyyətlə, son bir ildə ağır pandemiya şərtlərinə rəğmən Milli Məclisin dünya parlamentləri ilə əlaqələri xeyli genişlənib. Azərbaycanın dövlət maraqlarına uyğun bütün məsələlər barədə sədrin göstərişi ilə işçi qrupları vasitəsi ilə digər ölkələrin parlament üzvləri operativ bilgi əldə edə bilirlər. Türkiyə qardaş ölkədir və bizim dövlət başçıları arasında ən yüksək səviyyəli səmimi münasibətlər var, parlament sədrləri arasında da intensiv əlaqələr yaranıb, ancaq parlament müxtəlif siyasi qüvvələri təmsil edən orqan olduğuna görə müvafiq işçi qruplarında təmsil olunan ayrı-ayrı partiya üzvləri ilə təmasların olduqca böyük əhəmiyyəti var. Bilgiləndirmə, qarşılıqlı fikir mübadiləsi, proseslərin izahı, Türkiyənin bölgəyə strateji baxışını aydınlaşdırma baxımından faydalı səfər sayıla bilər. Həm də Türkiyə Cumhurbaşqanı, Böyük Millət Məclisi başqanı, xarici işlər, təhsil və səhiyyə nazirləri, üç komitə sədri, işçi qrupu üzvləri ilə görüşlər proqramın zənginliyindən xəbər verir. Türkiyə qardaş ölkə kimi tamamilə Azərbaycanın arzuladığı yol xəritəsi üzrə hərəkət edir və savaşda qələbəmiz ümumiyyətlə Azərbaycana “bir dövlət və millət olaraq” Türkiyə cəmiyyətində sayğınlığı xeyli artırıb. Ordu quruculuğunda Türkiyənin dəstəyi əvəzolunmazdır, ardınca daha çox diaspor fəaliyyətində, təhsil sahəsində işgüzar münasibətlərin keyfiyyətinin artırılmasını zəruri hesab etdiyimdən orada bu mövzular ətrafında müzakirələrdə aktiv iştirak etmişəm.

- Türkiyə və Azərbaycanın konfederativ əsaslarla birləşməsi təklifi on illərdir ki, vaxtaşırı gündəmə gəlir. İndiki mərhələdə bu hədəfə xeyli yaxınlaşmışıq. Siz konfederasiya ideyasına necə baxırsınız?

- Türkiyə və Azərbaycan məgər bir yerdə deyil? Bundan o tərəfə daha hansı formada birləşməni nəzərdə tutursunuz? Müasir dünyanın baxışları altında bir yerdə olmanı birləşməklə rəsmiləşdirməyin hansısa faydasını görmürəm. Hələ bir müddət də bu formada hərəkət etmək hər iki dövlətin salamatlığı üçün zəruridir. Şuşa Bəyannaməsi eyni düşüncəni daşıyan, eyni strateji xətti izləyən iki dövlətin vahid dövlət kimi hərəkəti deyilmi? Ümumiyyətlə, “birləşmə” populizmini ortaya atanlar qaş düzəltmək istədikləri yerdə vurub göz çıxarmayacaqlarını sübuta yetirməlidirlər. Bugünkü düşüncə birliyimiz, hərəkət birliyimiz, səmimiyyətimiz o qədər dəqiq cilalanıb ki, ərazi birliyini rəsmiləşdirmənin bunlara zərər vuracağını anlamalıyıq. “Azərbaycana hücum olsa, Türkiyəyə hücum sayılacaq, Türkiyəyə hücum olsa, Azərbaycana hücum sayılacaq”. Fikrimcə, Şuşa Bəyannaməsinin ruhunda yer alan bu ifadə hər iki ölkənin gerçək vətənsevərləri üçün yetərli sayılır. Konfederasiya ideyasına gündəmdə qala bilər, ancaq bu ən kritik anda gerçəkləşdiriləcək bir addım ola bilər. Hələlik iki səs, iki bayraq və bir yumruq hər iki dövlətin maraqlarına tam uyğundur.

- Fazil bəy, Milli Məclisin son iclaslarında ən çox toxunduğunuz məsələlərdən biri Bakıdakı plansız tikililərlə bağlıdır. Paytaxtı gecəqondulardan, nizamsız tikililərdən xilas etmək üçün gecikməmişikmi? Bəlkə ən doğrusu yeni paytaxtın salınması olardı. Axı, bu qədər plansız binaları sökmək də olmaz...

- Burada söhbət yalnız Azərbaycanın paytaxtının plansız tikilişindən getmir. Bir mədəniyyətsizlik təzahürü göz qabağındadır. Binaların fasadı əla, çıx ən hündür yerdən Bakıya bax və heyrətlə şəhərin möhtəşəmliyinə təriflər deyəcəksən. Ancaq bu şəhəri gəzərkən sinəsinə dağ kimi çəkilmiş yerüstü körpüləri, dəniz görüntüsünün bulvar zolağında qarşısını kəsən ərköyün, imtiyazlı hündür binaları, dar yolda çığır-bağır salan təcili yardım maşınlarını, yanğın olan bitişik binalara yolun darlığından, maşınların parketmə əngəlindən yaxınlaşa bilməyən yanğınsöndürən maşınları, əlil arabası ilə qalxış-enişin mümkün olmadığı piyada keçidlərini görəndə, sivil taksi dayanacaqlarının olmadığına baxanda, şəhərə girişdə plansız səpələnmiş gecəqonduları seyr edəndə məyusluğunu gizlədə bilmirsən. Bakıda mütləq və təcili olaraq Böyükşəhər bələdiyyəsi yaradılmalı, bələdiyyə seçkiləri keçirilməli, inzibati rayonların sayı yarıya endirilməli, şəhərdə tikililər kollegial müzakirədən keçməlidir, nəqliyyatı, yol infrastrukturunu bələdiyyə qurumu idarə etməlidir və məhz bu qurum şəhərin durumuna görə konkret məsuliyyət daşımalıdır. Bu yaxınlarda Ankarada Əsənboğa hava limanından şəhərə gedərkən 30 il öncə gördüyüm şəhəri tanıya bilmədim. Yolun kənarında olan bütün gecəqondular artıq ortadan qaldırılmışdı və sahibləri də müvafiq bələdiyyələrin imkanları ilə yeni inşa edilən mənzillərlə təmin olunmuşdu. Təklif edirik ki, bir sıra ali təhsil ocaqları, nazirliklər Gəncəyə köçürülsün, şəhərə axışan rayonların sakinləri üçün öz doğma yerlərində məşğulluq imkanları yaradılsın, şəhərdə tıxacların sayının azalması üçün park yerləri infrastrukturu genişləndirilsin, hamısını bir tərəfə buraxıb ancaq yumurtadan yun qırxmağı düşünürlər. Hara boylanırsan, tətbiq olunan cərimələrlə rastlaşırsan, sanki bu durum cərimə yığmaq üçün münbit gəldiyindən dəyişməyi, yaxşılaşdırmağı düşünən yoxdur. Pulun varsa, imtiyazın varsa, ürəyin istədiyi yerdə bina da tikərsən, yolu bağlaya bilərsən, vətəndaşı əzə bilərsən. Budur reallığımız… Gecəqondulaşma yalnız sosial problem deyil, rüşvət mənbəyidir. Ona görə də nə bu evlərin özəlləşdirməsini gerçəkləşdirməyi, nə də şəhəri qaydaya salmağı düşünən yoxdur.

- Xəzər dənizinin başına açılan oyunlar, sahilin hasarlarla gizlədilməsindən illərdir danışırsınız. Hətta Şuşa qalasını azad etdiyimiz halda, Xəzəri xilas etməkdə çətinlik çəkirik. Bəlkə də dünyada yeganə “nümunə”yə - Allahın bəxş etdiyi dənizin insanların üzünə bağlanmasına nə vaxt və hansı yolla son qoyula bilər, sizcə?

- Xəzəri hasarlardan azad etmək Şuşanı işğaldan azad etməkdən çox çətin məsələdir. Bunun üçün azərbaycanlı mentalitetinə qalib gəlməlisən. Hələ indi-indi bəzi sahil yerlərində dənizə girmiş hasarlardan xahiş etdilər ki, on-on beş metr geri çəkilsinlər. Bəzi məhəllələrdə “qara camaat”ın keçməməsi üçün qoyulmuş şlaqbaumları yığışdıra bildilər. Ancaq bütövlükdə bu hasarlanmanı ləğv etmək üçün “Xəzər dənizinin statusu” barədə qanun qəbul etməliyik. Biz, bu statusu Xəzəryanı ölkələrə qəbul etdirə bildik, ancaq özümüz tanımaq istəmirik ki, istəmirik. Axı bu dəniz bir nemətdir, bura kanalizasiya axıtmaq olmaz, qumunu daşıyıb pul qazanmaq cinayətdir, sahilini insanların üzünə bağlamaq görməmişlikdir! Hər il sahildə pul verib, qum meydançası düzəldirik ki, insanlar gəlib futbol oynasınlar. Gedib görürsən meydançanın ortasına hansısa məmur bilərəkdən beş maşın zibil tökdürüb ki, adamlar idman etməsinlər. Bizdə dəniz turizmi sıfır vəziyyətdədir. Mütləq dənizi qorumaqla bağlı addımlar atılmalıdır. Əks halda, bir azdan Xəzəri Aral dənizinin gününə salacağıq.

- Söhbətimizin bu yerində sizi təbrik etmək istəyirəm, nəhayət, səsiniz eşidildi, idman zallarına girişə izn verildi və toy qadağasının götürüləcəyi tarix açıqlandı. Məmnunsunuzmu?

- Əlbəttə, məmnunam. Bu insanların böyük sıxıntısı idi və mənasız yerə qəsdən məsələni uzatdılar ki, daha çox sosial gərginlik yaşansın, daha çox sahənin adamları müflisləşsin. Cəmiyyətin səsini eşitmək lazımdır, pandemiya onsuz da ağır şərtləri özü diktə edir, bir yandan da alınan yanlış qərarların ən böyük zərbəsi vətəndaşlara dəyir. İdman zallarının, eləcə də metronun uzun müddət bağlanması yanlış qərar idi. Toylarla bağlı durum bir qədər fərqlidir. Bizim şöhrətpərəst cəmiyyətimiz üçün vərdiş etdiyi israfçılıq adətindən qurtuluş üçün müəyyən məhdudiyyətlərin olması zəruri sayılmalıdır. Ancaq bu qədər müddətə toyların yasaqlanması həm korrupsiyaya yol açdı, qapalı şəkildə müvafiq qurumlara qanunsuz vəsait ödəyərək bir qrup insan toylarını keçirdi, digər tərəfdən isə demoqrafik duruma əhəmiyyətli təsirini illər sonra göstərmiş oldu. Hər halda geçikmiş də olsa, qərarın qəbul edilməsi məmnuniyyətvericidir, ancaq yenə də tətbiqatda boşluqlar saxlanılıb, bunları da təcili düzəltmək lazımdır.

- Burası da var ki, Rusiyada COVİD xəstələrinin sayındakı artım narahatlıq yaradır. Bu istiqamətdə ölkəmizdə geridönüşün ola biləcəyi, yenidən məcburi qapanmaya gediləcəyi qorxusu var. İntuisiya və müşahidələr sizə nə deyir?

- Bizim kimi ölkələr qonşuda baş verən ən kiçik hadisəyə belə, ciddi yanaşmalıdır. Rusiyada baş verən bu pandemiyanın yeni təhlükəsi sözsüz ki, bizə də təsirini göstərəcək. Ona görə də çox ehtiyatlı olmamız vacibdir. Gediş-gəlişimiz olan ölkədir, müvafiq qurumlarımız çox ciddi nəzarət mexanizmi qurmalıdırlar ki, təhlükəni vaxtında hazırlıqlı qarşılaya bilək. Hələ ki, pandemiyaya son qoyulduğu elan olunmayıbsa, qaydaların sərtliyini də qorumağa davam etməliyik. Bu, xüsusilə gediş-gəlişlə bağlı məhdudiyyətlərdə özünü qabarıq hiss etdirməlidir. Yayılma riski əsasən yerdəyişmə prosesində artırsa, miqrasiya siyasətində həssaslığımızı daha da gücləndirməliyik.

- Son günlər ölkədə referendum keçiriləcəyi haqda söz-söhbətlər yayılmaqdadır. Necə bilirsiniz, buna ehtiyac varmı?

- Referendumla bağlı hansısa bilgiyə sahib deyiləm. Mümkündür. Çünki idarəetmədə, bölgədə çevik dəyişən çox məsələlər var, bunların hüquqi tənzimlənməsinə hər an zərurət yarana bilər. Yəni bu, bir ehtimaldır, ancaq əsas odur ki, dəyişikliklər ciddi əsaslandırılmış olsun. Ötən illərin referendum təcrübəsindən göründü ki, bir sıra məsələlər əsaslandırılmamış olanda sonradan konstitusion başağrıya çevrilir. Məsələn, bələdiyyələrin Milli Məclisə hesabat verməsi barədə referendumla Konstitusiyaya dəyişiklik etdik, indi də gecə-gündüz mexanizmini tapa bilmirik ki, bunu necə təmin etmək olar?

- Necə bilirsiniz, 10 milyonluq əhali üçün Milli Məclis üzvlərinin sayı qaneedicidirmi?

- Deputatların sayı cəmiyyəti bir o qədər də narahat etməməlidir. Fikrimcə, bu say optimal sayıla bilər. Önəmli olan daha keyfiyyətli, daha hazırlıqlı deputatların sayının çox olmasıdır. Bir də partiya demokratiyasının inkişafı üçün proporsional seçki sisteminin tətbiqi məsələsi daha aktual mövzudur. Yeri gəlmişkən, məhz buna görə referendum keçirmək olar. Milli Məclisin qanunların icrası üzərində nəzarət mexanizmini dirçəltmədikcə, hüquq-mühafizə və təhlükəsizlik orqanları üzərində nəzarət institutunu yaratmadıqca nüfuzunu qaldırmaq da arzulanan səviyyədə olmayacaq. Hazırda bu Məclisə yüksək savadlı, ziyalı bir xanım rəhbərlik edirsə, kifayət qədər öz sahəsinə hakim olan təcrübəli və ya gənc deputatlar varsa, Milli Məclisin daha aktiv siyasət fazasına daxil olması kifayətdir ki, bu keyfiyyət fərqini görmək mümkün olsun.

- Fazil bəy, son iclaslarda məmurlardan giley-güzar eşidildi. Siz necə, qatılırsınız bu tənqidi fikirlərə?

- Ümumi ad altında məmurların tənqid olunmasını və ya hədəfə götürülməsini doğru saymıram. Hansı qurumda ki, məmurların başında qanuna hörmət göstərən, ziyalılıq keyfiyyəti yüksək olan vəzifəli şəxslər oturursa, orada məmurun da öz işindən məmnunluğunu və vicdanlı davranışını görürsən. Hansı qurumun başında ki, bir yırtıcı, büdcəni talan edən durursa, tabeliyindəki məmuru da potensial cinayət iştirakçısına çevirmiş olur. Vəzifəli şəxslərin seçimi və təyinatı doğru olanda, məmurun da vəziyyəti yüngülləşir və öz işinə daha məsuliyyətlə yanaşır. Ona görə də məmurlara ləyaqətli yaşamı üçün yetərincə layiq olduğu əmək haqqını vermək lazımdır ki, gözü başqa yerdə qalmasın...(axar.az)