KİV: ““Patı” Xankəndidə ermənilər tərəfindən hazırlanır”



 15:18 28.07.2021     1138

 

Azərbaycan mətbuatında “patı” adlandırılan  narkotik vasitə ilə bağlı sensasiyalı məlumat yayılıb.  Bildirilir ki,  Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin Almaniya hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, son dövrlər  Azərbaycanda bəlaya çevrilən  “patı”  Xankəndidə ermənilər tərəfindən hazırlanır.  Bununla bağlı alman kəşfiyyatında  dəqiq informasiya var.   Məlumatda əlavə olunur ki, ermənilər 44 günlük İkinci Qarabağ Müharibəsində Azərbaycan gəncliyinin döyüş ruhu qarşısında rüsvayçı şəkildə məğlub olduğunu  həzm edə bilmədiyindən gəncləri zəhərləməklə qisas almaq planını işə salıb.   Mənbənin bildirdiyinə görə, Xankəndidə  istehsal olunan  “patı” İran vasitəsilə Azərbaycana ötürülür. Məlumata görə,  əvvəllər “patı”  Zəngilanda istehsal edilib. Zəngilan işğaldan azad edildikdən sonra  ermənilər  bu işi  Xankəndidə davam etdirirlər. Ehtimal olunur ki, “patı”  tez-tez xarici ölkələrdən  Xankəndiyə  gələn  və nömrəsi  dəyişdirilən  maşınlar vasitəsilə daşınır. 

Saxta.info bu məlumatla bağlı dəqiqləşdirmələr aparıb.

Bu məlumatı konkret faktlar üzrə təsdiqləmək hələlik mümkün olmasa da, deyilənlər əsassız deyil.  Çünki, bu, Qarabağ ərazisində ermənilərin narkotik vasitə hazırlamasına dair  ilk məlumat deyil. 

Azərbaycanın işğal  olunmuş ərazilərində  narkotik becərilməsinə və satılmasına dair məlumatlar   hələ  ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il  tarixli hesabatında əksini tapıb.  ABŞ Dövlət Departamentinin hesabatında işğal edilmiş Azərbaycan ərazilərindən narkotik vasitələrin kütləvi şəkildə daşınması üçün istifadə olunduğu bildirilib. Həmçinin Ermənistana coğrafi yerinə görə narkotik vasitələrin beynəlxalq dövriyyəsində potensial subyekt kimi baxılıb.  Azərbaycanın işğal olunmuş sərhədyanı ərazilərində çətənə kollarının yetişdirilməsi faktına  Aavropa Şurası  Parlament Assambleyasının  (AŞPA)  Dağlıq Qarabağ üzrə məruzəsində də yer verilib.  

BMT-nin hesabatında isə  narkotik maddələrin üç marşrut üzrə daşındığı əksini tapıb. Bunlar  

Əfqanıstan-İran-Dağlıq Qarabağ

Əfqanıstan - Pakistan - İran - Dağlıq Qarabağ,

Əfqanıstan - Orta Asiya - Dağlıq Qarabağ

marşrutlarıdır.

Azərbaycan hökumətinin  2019-cü ildə verdiyi açıqlamada bildirilib ki,  ermənilər əsasən İran-Azərbaycan sərhədinin 132 kilometrlik nəzarətsiz qalan hissəsində, bir qədər də konkret desək Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının ərazisində narkotik bitkilər becərib, bunun üçün hətta  laboratoriyalar inşa edilib.  Bununla bağlı sənədlər  Birləşmiş Millətlər Təşkilatının (BMT)  Vyana ofisinə təqdim olunub, hətta monitorinq qrupu yaradılıb, lakin Ermənistan həmin qrupu işğal altında olan  ərazilərə buraxmayıb.

Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrin becərilməsi və satışının təşkil olunması 2013-cü ilin iyun ayında Milli Təhlükəsizlik Nazirliyinin  keçirdiyi əməliyyatlarla da sübut  edilib. Əməliyyatlar zamanı  İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib, onlardan nə az, nə çox  40 kiloqram 500 qrama yaxın narkotik vasitə götürülüb.   

Araşdırma nəticəsində  narkotik vasitələrin bir hissəsinin məhz Azərbaycanın işğal edilmiş ərazilərində yetişdirildiyi,  buradan əvvəlcə İrana, daha sonra  yenidən  Azərbaycana gətirildiyi məlum olub.  Qrup üzvləri bildiriblər ki,  narkotik vasitəni  onlara verən iranlı  Ərsalam Həlim  müştərilərin əsasən  Qarabağda yetişdirilən  marixuanaya üstünlük verdiklərini deyib.  Hətta  erməni hərbçilərə sifariş olunan növbəti marixuana partiyasının keyfiyyətini yoxlamaq üçün  qrupun Azərbaycandan olan üzvü Babək Bağırov İrana  da gedibmiş.   Orada ona bildiriblər ki,  marixuananı Qarabağ ərazilərində erməni zabit və əsgərlər yetişdirərək sifarişlər əsasında İrana ötürürlər,  buradan isə  Azərbaycan  və  başqa  ölkələrə göndərilir.

Ermənilərin  Qarabağda  narkotik vasitələr becərməsinə dair  məlumatlar  İkinci Qarabağ Müharibəsi zamanı və  müharibədən sonra bir daha təsdiqini tapıb.  

Məsələn,  2020-ci ilin oktyabr ayında Füzuli rayonunun işğaldan azad olunan ərazilərində narkotik bitkilərin əkildiyi ərazi və laboratoriya, həmçinin külli miqdarda narkotik vasitə  aşkarlanmışdı.  

Ağdam və Qubadlı rayonlarında da narkotik əkilən ərazilərə rast gəlinmişdi. 

Kəlbəcərdə isə  müharibədən sonra narkotik becərilən  sahə   aşkarlanıb.  Bunu  sosial şəbəkələrdə yayılan video  təsdiqləyir.  

Hesabatlarda əksini tapan məlumatlar,  istintaq materialları, videofaktlar göstərir ki, ermənilər, xüsusilə də erməni hərbçilər  Qarabağ ərazisində narkotik vasitələrin becərilməsi ilə planlı şəkildə məşğul olublar. Hətta  bir sıra mənbələrdə əksini tapan məlumatlara görə, ermənilər  Azərbaycan ərazilərini işğalda saxladıqları 28 il müddətdə saflaşdıraraq satdıqları   narkotik vasitələrdən  16-17 milyard dollar gəlir götürüblər. Bütün bunlar  ermənilərin  indi də Qarabağ ərazisində, konkret olaraq Xankəndidə narkotik istehsalı ilə məşğul olduğunu deməyə əsas verir. 

Saxta.info bu qənaətə gəlib ki,   süni narkotiklərin Xankəndidə yetişdiriməsinə dair yayılan məlumatlar  kifayət qədər əsaslıdır.