Bakı metrosuda niyə şəkil çəkdirmək olmaz?
Bakı metropolitenində sərnişinlər üçün qadağalardan biri də foto çəkilişidir.
Demedia.az xəbər verir ki, metropolitendən istifadə qaydalarında bu qadağa rəsmən qoyulub.
Bəs, hər kəsi maraqlandıran sualın cavabı nədir? Metropolitendə çəkiliş etmək niyə qadağandır?
Bakı Metropoliteni QSC-nin əməkdaşı və mətbuat katibi Bəxtiyar Məmədov bunun bir neçə səbəbi olduğunu bildirib: Səbəblər çoxdur. Biri odur ki, bu nəqliyyat vasitəsidir, yəni, sərnişini mənzil başına çatdırmalıdır. Sərnişinin rahat və təhlükəsiz daşınması isə ən əsas vəzifələrdir. İndi təsəvvür edin ki, metroda şəkil çəkməyə qadağa yoxdur. Hərə əlinə bir mobil cihaz alacaq, şəkil çəkəcək - eskalatorun qarşısında, üstündə, aşağı meydançada, orta zalda çəkəndə qatardan sərnişinlər axınla düşüb çıxmaq istəyəndə, ya da elə stansiya yolunda. Ən maraqlı şəkil də qatar stansiyaya girəndə çəkiləcək. Hələ mən bəy-gəlin, nə bilim filankəsin ad günü foto-videosessiyalarını demirəm.
Bunlar məsələnin hələ cüzi, məhz cüzi bir qismidir.
İndi özünüzə sual verin: qadağa götürülsə, sizə və ya tanıdığınız başqa birinə metro işçisi, ya polis "burada şəkil çəkməyin, sərnişinlərə mane olursunuz" deyəndə, nə edəcəksiniz? İnanıram ki, özünüzə obyektiv cavab verəcəksiniz.
Yaxud da başqa bir sərnişin "burada şəkil çəkmə, mənə mane olursan" desə və "əcəb edirəm" cavabını alıb mübahisə yaransa, nə baş verəcək.İndi deyin, bu olmayacaq yəni?
İnsanyönümlü şəhər hər şeyin hər-kəsin istədiyi kimi olması, yaxud demokratiya "ürəyim istəyir, edirəm" prinsipi ilə olmamalıdır. Bu saat bir-iki misal çəksəm, əməlli mübahisələr qızşacaq. Çəkmirəm...
Bir anlıq düşünək, bu foto-video qadağası götürülsə və metro işçisi kimdənsə, sərnişin təhlükəsizliyinə mane olmamağı tələb etsə, nə baş verəcək?!
Metro işçisinin vəzifəsi sərnişin təhlükəsizliyini maksimum təmin etməkdir. Buna görə işçilərin nə qədər əzab-əziyyətlə qarşılaşdığını da düşünək".