Həbs edilən xəstəxana direktoru ilə bağlı - Rəsmi açıqlama
Azərbaycan Respublikasında əlilliyi və sağlamlıq imkanları məhdud olan şəxslərin sosial təminatı sahəsində rast gəlinən korrupsiya hüquqpozmalarına yol verən vəzifəli şəxslərin ifşa olunması istiqamətində prokurorluq orqanlarının kompleks tədbirləri davam etdirilir.
Bu barədə Nexeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Belə tədbirlərdən biri kimi, uzun müddət Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyən Nəzərov Cəlil Oruc oğlunun həmin tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri kimi vətəndaşlardan əlillik dərəcəsinin müəyyən edilməsi üçün rüşvət qismində müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmişdir.
Həyata keçirilmiş ilkin tədbirlərlə Cəlil Nəzərovun ona müraciət edən iki vətəndaşdan əlillik dərəcəsinin təyin edilməsi üçün tələb edilən xəstəlik tarixçələrinin hazırlanması və səhiyyə müəssisəsinin göndərişinin "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə daxil edilməsi müqabilində onlardan tələb etdiyi cəmi 4500 manat pul məbləğini 2020-ci il ərzində ayrı-ayrı vaxtlarda rəhbərlik etdiyi tibb müəssisəsinin inzibati binasında şəxsən və qeyri-rəsmi köməkçisi olan Sultanlı Davud Məmməd oğlu vasitəsilə təkrarən rüşvət qismində almasına, habelə, işlədiyi dövr ərzində çox sayda digər sağlam və həqiqi xəstəliyi olan vətəndaşlara xəstəliklə bağlı saxta tibbi sənədlərin hazırlanması, həmin sənədlərin reyestrə daxil edilməsi müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına dair əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə Cəlil Nəzərovun Masallı rayon mərkəzi xəstəxanasının inzibati binasındakı xidməti otağında və digər aidiyyəti ünvanlarda axtarış aparılan zaman 2015-ci ilin əvvəllərindən başlayaraq pensiya təyinatı üzrə göndərişlərin verilməsi, xəstəliklər üzrə diaqnozların müəyyən olunması və sair təyinatlar üzrə çoxsaylı vətəndaşların adlı siyahısı və həmin vətəndaşlardan alınan müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər olan dəftərçələr, milli və xarici valyutada olan pul vəsaitləri, xəstəxananın mühasibatlığından isə 49 ədəd plastik hesab kartı və müxtəlif tibbi sənədlər aşkar olunaraq götürülmüşdür.
Qeyd edilən faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, toplanmış ilkin sübutlarla Cəlil Nəzərov 23 yanvar 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda C.Nəzərovun rəhbərlik etdiyi Masallı rayon Mərkəzi Xəstəxanasının işçi heyətinin məvacib kartlarını özündə saxlamaqla onların əmək haqlarının, habelə rəhbərlik etdiyi Xəstəxanaya dövlət tərəfindən ayrılmış dərman preparatları və tibbi avadanlıqların mənimsənilməsi ilə bağlı faktların araşdırılması, eləcə də, təqsirləndirilən şəxsin digər qanunsuz hərəkətlərinin aşkar edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.