Bakıda həkimi şantaj edən baş redaktora hökm oxunub



 22:59 14.04.2022     188

Bakıda həkimi şantaj edən “www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahova hökm oxunub və o, 7 il azadlıqdan məhrum edilib.

"Report"un xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Qeyd edək ki, portalın baş redaktoru Namik Əmrahovun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, qeyd edilən xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahov vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən istifadə edib Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək alıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb, Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.