Staj tələbi ilə bağlı MÜHÜM QƏRAR
Nazirlər Kabineti "Sığorta ödənişinin verilməsi Qaydası"na dəyişiklik edib.
Demedia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan staj müddəti 35 aydan 30 aya endirilib. Sığorta ödənişinin təyin olunması üçün əmək qabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən sonra 3 ay gözləmə müddəti isə ləğv edilib. Yəni sığorta ödənişi sığorta hadisəsinin baş verdiyi tarixdən təyin olunacaq, işini itirən şəxsin müraciət etdiyi aydan etibarən işsizlikdən sığorta ödənişi almaq hüququ yaranacaq.
Qeyd edək ki, işsizlikdən sığorta ödənişi işəgötürən ləğv edildikdə, ştat ixtisar edildikdə və müddətli əmək müqaviləsinin müddəti bitdikdə təyin olunur.
İşsizlikdən sığorta ödənişi almaq hüququnun yoxlanılması üçün ilk olaraq “Məşğulluq” altsistemində (DOST Mərkəzlərinə və ya ərazi məşğulluq filiallarına müraciət etməklə) qeydiyyatdan keçmək tələb olunur.
Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə vətəndaşa məlumat verilir.