Kürdəmirin sabiq icra başçısının rüşvət aldığı epizodların bəziləri məlum olub - SİYAHI
Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİN) həbsdə olan sabiq başçısı Ceyhun Cəfərovun rüşvət aldığı epizodların bəziləri məlum olub.
Demedia.az-ın məlumatına görə, cinayət işinin materiallarında qeyd edilib ki, o, 2014-cü il aprelin 16-dan 2020-ci il avqustun 20-dək Kürdəmir RİH-in keçmiş birinci müavini Tacəddin Novruzov və İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri Natiq Kərimovla cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq yaratdıqları korrupsiya şəbəkəsində qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşiblər.
Belə ki, onlar 2004-cü il tarixdən Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin rəisi vəzifəsində işləyən Balayev Ata Seyfəddin oğlundan vəzifədə qalıb fəaliyyətini davam etdirməsi müqabilində 18 000 manat, rayonun Atakişili kənd bələdiyyəsinin sədri Ömərov Habil Ələddin oğlundan 10 000, rayonun Şıxımlı kənd uşaq bağçasının müdiri İslamova Nazlı Yusif qızından 1 300 manat, rayonun Carlı kənd sakini Novruzov Sədrəddin Şəmsəddin oğlundan 187,0 ha torpaq sahəsinin örüş-otlaq məqsədilə 15 illik müddətə icarə əsasında istifadə edilməsinə görə 81 200 manat pulu rüşvət qismində alıblar.
Bundan başqa, C.Cəfərovla T.Novruzov Kürdəmir RİH başçısının Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş və öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Rəsulov Rasim Aydın oğlu və “Ruslan-Qərb” MMC-nin direktoru Səfərov Ramiz Məhəmmədəli oğlu ilə cinayətkar əlaqəyə girib.
İttihamda qeyd edilib ki, R.Rəsulov Topalhəsənli kənd körpələr evi-uşaq bağçasına və kənd tam orta məktəbinə guya müxtəlif təsərrüfat malları və qiymətlilərin alınması görüntüsü yaradıb. Daha sonra onlar 32 896,05 manat məbləğində pul vəsaitini Kürdəmir rayonu üzrə Maliyyə Şöbəsi vasitəsilə “Ruslan-Qərb” MMC-nin bank hesabına köçürüb. Yalnız 18 may 2020-ci il tarixli elektron qaimə ilə 3 adda 1 083,05 manat məbləğində mal-material qiymətliləri alınaraq nümayəndəlik üzrə maddi-məsul şəxsin hesabına mədaxil edilib. Qalan, o cümlədən, həmin nümayəndəlik üzrə 2 432 manat, Topalhəsənli kənd körpələr evi-uşaq bağçası üzrə 27 276 manat və Topalhəsənli kənd tam orta məktəbi üzrə 2 105 manat, cəmi 31 813 manat məbləğində pul vəsaiti R.Səfərov tərəfindən rayon ərazisində həmin müddətdə bankdan çıxarılaraq nağdlaşdırılıb, Rasim Rəsulova verilib. C.Cəfərov həmin pul vəsaitini əlbir olduğu T.Novruzov, R.Rəsulov və R.Səfərovla bölüb.
Eyni zamanda C.Cəfərovla T.Novruzov 13 oktyabr 2014-cü il tarixdən 30 iyun 2016-cı il tarixədək Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının direktoru vəzifəsində işləmiş, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Sadıqov Müşfiq Qubad oğlu və kombinatın digər əməkdaşları ilə cinayətkar əlaqəyə girib. Keçmiş icra başçısının verdiyi tapşırıq əsasında M.Sadıqov tamah niyyəti ilə tərtib etdiyi kassa məxaric orderləri ilə həmin kombinata guya təsərrüfat malları və yumşaq inventarların alınması görüntüsü yaradıb. Daha sonra kombinatın sabiq təmizlik şöbəsinin müdiri Xələfov Vaqif Osman oğlunun adına qeyd edilən tarixlərdə saxta kassa məxaric orderləri tərtib edilib. V.Xəlilov inzibati binada kassadan həmin müddətlərdə nağd qaydada 11 729 manat məbləğində pul vəsaitini götürərək M.Sadıqova verib. Həmin pul isə C.Cəfərova T.Novruzov vasitəsilə çatdırılıb. Keçmiş icra başçısı pulu öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib.
Qeyd edək ki, Ceyhun Cəfərov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimovun hər biri 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev, Rəsəb Hüseynovun hər biri 8 il üç ay, Emin Sadıqov 4 il, Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib.
Təqsirləndirlilən Məhəmməd Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub. / Report