Amandır sürücü, qadın kimi sür: Millət vəkili ilə ekspertin fikirləri toqquşdu
Fransada yol qəzalarında həyatını itirən və ya yaralananların hüquqlarını müdafiə edən "Victimes et Citoyens" (Qurbanlar və Vətəndaşlar) Dərnəyinin "Qadın kimi sür" adlı kampaniya başlatdığı haqda xəbər vermişdik.
Kampaniyanın məqsədi kişilərin daha yaxşı sürücü olduğuna dair davam edən “qadın düşməni” anlayışı ilə mübarizə aparmaq, kişi sürücüləri maarifləndirmək, mentalitet və dolayısı ilə davranış dəyişikliyinə səbəb olmaqdır.
Dərnəyin araşdırmasına görə, yollarda ölümlə nəticələnən qəzaların 84 faizi kişilər tərəfindən törədilir. Qadınların isə daha diqqətli olduğu bildirilib.
Azərbaycanda bu statistika açıqlanmasa da, ən çox qəzaların kişilər tərəfindən törədildiyi məlumdur.
Lakin qadınların avtomobil idarə etməsini qəbul etməyən kişilər az deyil. Onlar yollarda baş verən qəzaların, tıxacların bütün günahını qadın sürücülərdə görürlər.
Maraqlıdır, görəsən bu mövzuda kişilər nə qədər haqlıdır? Bizdə də belə bir kompaniya başlamağa ehtiyac varmı? Ölkəmizdə baş verən avtomobil qəzalarını ən çox kimlər törədir? Bu işdə qadınlar daha diqqətlidir, yoxsa kişilər?
Mövzu ilə bağlı Publika.az-a danışan deputat Aqil Abbas bildirdi ki, qəzaların çoxunun kişi sürücüləri tərəfindən baş verməsinin əsas səbəbi say çoxluğundan irəli gəlir:
“Kişi sürücü çox olduqda, təbii ki, qəza məsələsində statistika kişilərin əleyhinə olacaq. Amma qadınların da avtomobil sürməsinə pis baxmıram. Nə fərqi var, qadın, kişi. Sürə bilirsə, sürsün. Hətta qadınlara qarşı sərt münasibət olan İranda avtomobillərin 60-70 faizini qadınlar idarə edir. Qəzaların günahkarı çox vaxt kişilər olur. İçkili halda maşın sürürlər, yatırlar və sair”.
Deputat onu da bildirdi ki, əslində kimin daha diqqətli olduğunu dəqiq deyə bilər, "hər halda qadınlar kişilərdən daha məsuliyyətli olar".
Yol nəqliyyat eksperti Eldar Bəşirov yol qəza hadisələrinin ən çox baş vermə səbəbini sürücülərin reaksiya müddəti ilə əlaqələndirdi.
“Qəza anında qadınlarda reaksiya müddəti daha çox olur. Çünki onların hadisəni dərk etməsi, avtomobili idarə etməsi və sair bunlar reaksiya müddətini uzadır. Ona görə də qadınlar qəza hadisəsini görənə qədər vaxt gedir. Kişilərdə isə bu elə deyil. Bunu da əsas səbəbi odur ki, qadınlar idarəetməni yaxşı bacarmırlar. Loru dildə desək, qadınlar avtomobili kortəbi idarə edirlər.
Məsələn, hər hansı bir qəza vəziyyəti yarananda, onlar istər-istəməz hadisədən necə yayınmaq lazım olduğunu bilmirlər. Mənə elə gəlir ki, məhz bu səbəblərdən qadınlar daha çox qəza törədir. Tıxacların yaranmasında isə qadınları əsas səbəb kimi göstərməyin doğru olduğunu düşünmürəm. Çünki belə hallarda kişilərə nisbətən qadınlar daha səbirlidirlər. Ona görə də, bu sahədə hərənin özünün faiz dərəsi var. Yəni tıxacların yaranmasında kişilərin daha böyük rolu olur. Qəza hallarının baş verməsində isə daha çox qadınlar günahkardır”.
Baş Dövlət Yol Polis İdarəsinin qərargah rəisi, polis mayoru Elvin Hüseynzadə isə qadınların törətdiyi qəzalarla bağlı onlarda statistika olmadığını bildirdi:
“Onunla bağlı statistika yoxdur. Bu sualı dəfələrlə bizə ünvanlayıblar. Ancaq onunla bağlı rəsmi rəqəm yoxdur”.