Mövsümi gəlsə də ucuzlaşmayan meyvələr – SƏBƏB NƏDİR?



 18:30 18.06.2024     219

Son günlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də meyvə-tərəvəzin qiymətinin real dəyərindən yüksək olmasıdır. Yəni bu il mövsümi meyvə və tərəvəzlər əvvəlki illərlə müqayisədə daha bahadır. Regionlarda çox ucuza satılan meyvə-tərəvəzin Bakıda yüksək qiymətə satılması alıcıları narahat edir.

Mövsümi meyvə-tərəvəzin qiyməti niyə bahadır?

Kənd təsərrüfatı eksperti Akif Nəsirli Bizim.Media-ya bildirib ki, bu ilin may ayında dəyişkən hava şəraiti müşahidə olunub:

"Havalar soyuq oldu və beləliklə meyvə-tərəvəzin yetişməsi üçün isti olmadı. Demək olar ki, havalar bir həftədir düzəlib. Yəni temperatur 30 dərəcə ətrafındadır. Meyvələrin yetişməsi gecikib.

Məsələn, ağ ərik mayın sonu iyunun ilk həftəsi yetişməli idi, amma indi yetişir. Əslində bu il meyvə-tərəvəz bol olacaq, sadəcə yetişməsi gecikir. Qarşıdakı günlərdə meyvə-tərəvəzin ucuzlaşması gözlənilir. Əslində əvvəlki illərlə müqayisədə ucuzluqdur, getdikcə qiymət bir az da aşağı düşəcək. Gilasın bütün növləri yetişəndə, qiyməti maksimum 1-2 manat olacaq".