531 körpə ÖLÜMÜ - Uşaqlar hansı səbəblərə görə ölü doğulurlar?



 19:01 17.07.2024     576

2023-cü ildə 531 uşaq ölü doğulub.

Bu barədə Dövlət Statistika Komitəsindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, 2022-ci ildə 597, 2021-ci ildə 556, 2020-ci ildə isə 519 uşaq ölü doğulub.

Maraqlıdır, uşaqlar hansı səbəblərə görə ölü doğulurlar? Hamiləlikdə qadınlar nəyə diqqət etməlidirlər?

Həkim Adil Qeybulla bildirib ki, doğuş zamanı uşaq və ana ölümlərinin səbəbi hamiləliyin patoloji getməsidir:

"Anada yanaşı xəstəliklərin olması və ya hamiləliyin gedişində ağırlaşmalar həm ananın, həm də uşağın həyatı üçün təhlükə yaradır. Bundan başqa, patoloji keçən hamiləlik, dölyanı suyun bulanması və digər problemlər uşaqların ölü doğulmasına gətirib çıxarır. Ən yaxşısı odur ki, qadınlar hamilə qalmazdan əvvəl yoxlansınlar. Hamilələr isə ən azı müəyyən bir yoxlanış üzrə müayinə olunmalı, ginekoloji və ya "qanında infeksiyalar varmı" deyə yoxlanmalıdır".

A.Qeybulla qeyd edib ki, eyni zamanda anada böyrək çatışmazlığı kreatinin artıqlığı, qaraciyərində başqa problemlərin olub-olmaması yoxlanmalıdır:

"Tənəffüs infeksiyaları, qrip kimi xəstəliklər də uşağın ölü doğulmasına gətirib çıxaran amillərdəndir. Təəssüf ki, bizdə vəziyyət belə deyil. Qadınların çoxu ya doğuş vaxtı, ya da hansısa xəstəliyinin ağırlaşması vəziyyətində həkimə müraciət edirlər. Bundan başqa, uşağın gipoksiyadan (orqanizmdə oksigen çatışmazlığı) və ya əməliyyat zamanı ölməsi halları da var".