Bakı metropolitenində COP29-la bağlı hansı işlər aparılır?



 15:30 29.10.2024     772

COP29-la bağlı "Bakı Metropoliteni"ndə müvafiq hazırlıq görülüb. Hazırlıq təkcə COP29 iştirakçıları üçün deyil, metropolitenin ənənəvi və daimi sərnişlərinin də maraqları nəzərə alınmaqla aparılır.

Bu barədə Demedia.az -ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, aidiyyəti qurumlarla birgə işlərimiz hazırda davam edir.

"Eyni zamanda, COP29 Əməliyyat Şirkəti ilə də müntəzəm əlaqələr var. Burada, əsasən, gələcək qonaqları də nəzərə almaqla, metronun iş rejimində müvafiq tənzimləmələrin, zəruri məsələlərin həllidir. Bu istiqamətdə hazırda iş aparılır. Əgər iş rejimi ilə bağlı dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək", - deyə B.Məmmədov əlavə edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.