214 milyon manat ƏDV geri qaytarılıb



 14:37 29.04.2022     214

2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.

Dövlət Vergi Xidmətindən Demedia.az-a verilən məlumata görə, bu günədək alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb.“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 536.252.529 kassa çeki üzrə 213,9 milyon manatdan çox, təkcə bu ilin yanvar-mart ayları ərzində isə 107.998.512 çek üzrə 42 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Qeyd edək ki, 2021-ci ilin 1-ci rübü ərzində istehlakçılara 67.101.388 kassa çeki üzrə 26,7 milyon manatdan çox ƏDV məbləği qaytarılıb.

Qeyd edilib ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır.

"Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür. Hazırda ölkə üzrə tətbiq edilən onayn kassaların sayı 58.095-dir.

İstehlakçı alınan malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir",- deyə əlavə edilib.