Qətlin üstü açılmaq üzrədir, bəziləri narahatdır
Bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisinin qəbulunda olduq. Mehriban xanıma ünvanlandığımız məktubun lazımi qaydada çatdırılacağını bildirdi.
Bu sözləri Demedia.az-a açıqlamasında Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun qardaşı Adil Süleymanov deyib.
“Sosial şəbəkələrdə İlkin barəsində edilən paylaşımlardan xəbərdar olduqlarını bildirdilər. Mehriban xanıma ünvanladığımız məktubda əlavə məumatlar da var”, - o deyib.
A.Süleyman ötən gün Baş prokuror Kamran Əliyevin qəbulunda olması barədə də danışıb:
“Məsələmizi danışmaq üçün saatlar lazımdır. Verilən vaxt isə qısa idi. Lakin görüş bizi qane etdi. Bu prosesdə o qədər saxtakarlıqlar olub ki... Kamran Əliyev özündə qeydiyyatlar apardı, bizim yanımızda aidiyyəti qurumlara tapşırıqlar verdi ki, bizi qəbul etsinlər. Məsələnin üstü açılmaq üzrədir deyə, narahat olan qüvvələr çoxdur. Medianın, vətəndaşların dəstəyini görürük. Ümid edirik ki, ədalətli qərar veriləcək”.