Ətraf mühiti çirkləndirən 1411 nəfər məsuliyyətə cəlb olunub



 20:05 29.01.2021     266

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyindən Nexeber.az-a verilən məlumata görə, ötən il bu istiqamətdə keçirilən birgə tədbirlərlə Bakı şəhəri və Abşeron rayonu ərazisində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması) maddələrinin tələblərini pozan 24 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub. Onlara tətbiq olunan cərimələr 71 min 200 manat təşkil edib.

Ümumilikdə 2020-ci il ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozan 1411 nəfər inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərə tətbiq olunan cərimələr 139 min 40 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.