Orxan Fikrətoğlu OD PÜSKÜRDÜ: Sakit olun, yemək bişirməyəcəm...
“Mən həm Dövlət Turizm Agentliyinə, həm Tahir Əmiraslanova milli irs zəminində yardım etmək fikrindəyəm. Əlbəttə ki, tarixi, diplomatik və siyasi sahədə yardım etməyi düşünürəm. Fikrimcə, buna ehtiyac var”.
Demedia.az xəbər verir ki, bunu ötən gün Milli Kulinariya Mərkəzinin baş direktoru təyin edilən Orxan Fikrətoğlu deyib.
O bildirib ki, kulinariya ancaq yemək demək deyil:
“Eyni zamanda, milli mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm sahədir. Həyatına hirsli olanların, borcu olanların, ömrü boyu gündəmdən kənarda qalanların mənim bu müvəqqəti seçimimlə bağlı ağız dolusu danışması əslində gözlənilən idi. Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın dijital formatda, yeni televiziya varinatında təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi nəhayət ki, qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək”.
O.Fikrətoğlunun sözlərinə görə, kulinariya bir çoxlarının fikrincə, deyəsən, “bozbaşxana” kimi şəkillənib:
“Mən Dövlət Turizm Agentliyinə bu stereotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm. Tahir Əmiraslanov hələ də Milli Kulinariya Mərkəzi Assosiasiyasının rəhbəridir. Mən isə hər gün İTV-də verilişimi aparıram. “Beşinci kolon”a xidmət edən, Azərbaycanın inkişafında maraqlı olmayan bəzi boşboğazlara isə feysbukda dövlətini və məni sevənlər cavab verir. Sakit olun! Mən yemək bişirməyəcəm. Heç xəstəliyim səbəbindən yeyə də bilməyəcəm. Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və televiziya da mənim sahəm deyildi. Sonralar oldu... Bacarırsınızsa, bu sahədə bizə kömək edin. Bacarmırsınızsa, kasada qurd axtarmayın. İcazə verin, bütün sahələri salavatlayaq”.