MEDİA-da AŞ-nın məruzəçilər qrupu ilə görüş keçirilib
İyunun 16-da Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun (GR-DEM) sədri, İsveçin Avropa Şurası yanında daimi nümayəndəsi Martin Ehnberqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Agentlikdən Demedia.az-a verilən xəbərə görə, Əhməd İsmayılov “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanından irəli gələrək ölkəmizdə media sahəsində həyata keçirilən islahatların mahiyyəti, “Media haqqında” Qanunun məqsədləri, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlər haqqında geniş məlumat verib.