Əməkhaqları artırılacaq - TƏSDİQLƏNDİ
Əməkhaqları artırılacaq və hamı üçün layiqli həyat səviyyəsi təmin ediləcəkdir. İşləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum əməkhaqları artırılacaqdır. Xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsi qorunacaqdır
Demedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əksini tapıb.
"Bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi qurulacaqdır. Pensiyaçılar üçün effektiv yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün isə sosial yardımların əlçatanlığı artırılacaqdır. Pensiya sisteminin dayanıqlığı gücləndiriləcək, sosial sığortanın tətbiqi genişləndiriləcək. Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat və sosial xidmətlər sistemi inkişaf etdiriləcəkdir. Minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75‒80%-də saxlanılacaqdır", sənəddə qeyd olunub.
Həmçinin özəl sektorda yeni iş yerləri yaradılacaq, məşğulluq səviyyəsi artırılacaq. Yeni iş yerləri yaradan sahibkarlıq fəaliyyəti stimullaşdırılacaqdır. Xüsusilə, regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcək, bunun nəticəsində qeyri-dövlət sektorunda məşğul əhalinin payı 2021-ci ildəki 77,6%-dən artaraq 80%-ə çatdırılacaq. Qeyri-formal məşğulluğun mərhələli azaldılması nəticəsində muzdla işləyənlər üzrə qeyri-dövlət sektorunun payı 50% (2021-ci il üzrə: 46,9%) təşkil edəcək.