Daha bir prospektdə avtobus zolaqları təşkil edildi
Paytaxtın küçə və prospektlərində avtobus zolaqlarının təşkili işləri davam etdirilir. Bu çərçivədə M.K.Atatürk prospekti üzrə üfüqi nişanlanma xətlərinin çəkilməsinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Nexeber.az-a verilən məlumata görə, avtobus zolağı prospektin daha çox sıxlıq halları və ləngimələr müşahidə olunan istiqamətində Əlövsət Əbdülrəhimov küçəsilə kəsişməsindən Səttar Bəhlulzadə küçəsilə kəsişməsinədək olan hissəsində təşkil olunacaq.
Prospektin qeyd olunan hissəsindən 15 marşrut xətti üzrə 231 avtobus keçir. Gündəlik olaraq bu avtobuslardan 140 000 nəfərə yaxın sərnişin istifadə edir. Lakin bu istiqamətdə yolda müşahidə olunan nəqliyyat sıxlığı avtobusların hərəkət qrafikinin 15-20 dəqiqə bəzən isə daha uzun müddətə gecikməsinə səbəb olur. Nəticədə avtobsularda və prospekt boyunca dayanacaqlarda sərnişin sıxlıqları yaranır, sərnişinlərin səyahət müddəti lüzumsüz yerə artır.
Zolağın təşkili ilə isə pik saatlarda avtobuslararası interval stabilləşəcək, orta hərəkət sürəti artacaq, sərnişinlərin səfər müddəti isə 20 dəqiqədən 4 dəqiqəyədək azalacaq.