Məktəbli forması və korrupsiya şorbası: Əgər valideyn ala bilmirsə...
Azərbaycan Respublikasının əlahəzrət Konstitusiyası var. Orada ən dəyərli maddələrdən biri də 42 saylıdır. Bu maddə hər kəsə təhsil hüquqi verir və üstəlik də pulsuz icbari ümumi orta təhsil almaq hüququnu dövlətin təmin etdiyini bildirir.
Təəssüf ki, bu gün həmin hüququn real həyatda gerçəkləşdirilməsi həm də "Oxumuram!" və ya "Oxutmuram!" deyə biləcək bir hüququn yaranmasına bəhanə verir. Ancaq bizim aydınlıq gətirmək istədiyimizi əsas məsələ məhz bu hüquqdan istifadə edən, övladını icbari təhsil almağa həvəslə göndərən, hətta bunun üçün "yaxşı məktəb", "yaxşı sinif" üçün qeyri-qanuni vəsait ödəyən insanlara aiddir.
Bu o deməkdir ki, istənilən vətəndaş pulsuz orta təhsili dövlətin hesabına alır və dövlət bunu etməyə borcludur. Bu həm də o deməkdir ki, məktəblin işığından başlamış istiliyinə, təmizliyinə, oturacaq yerinin keyfiyyətinə, uşağın məktəbə nəqliyyat vasitəsi ilə çatdırılmasına, uşaqların təhlükəsizliyinə, məktəb hüdudlarında sağlamlığına, savadlı və əxlaqlı pedaqoqlarla, idarəçilərlə təmin olunmasına və ən əsası da dərslik, ləvazimat, məktəb hüdudlarında geyim formasına qədər təminat dövlət tərəfindən gerçəkləşdirilməlidir. Bunun üçün də dövlət büdcəsindən ayrıca bəndlər üzrə vəsait ayrılır.
Uzun illərdir bizim məmləkətdə icbari təhsil hüququ və təhsilverən üçün təhsil alanın qanunsuz ödənişlər etməsi problem olaraq qalır. Açıq etiraf edək ki, dövlət öz üzərinə düşən minimumları edir: məktəb tikir, təhsil verdiyinə görə müəllimə pul ödəyir, dərslikləri pulsuz verir, yaxşı-pis təhsil infrastrukturunu qurur, təhlükəsizliyi qoruyur.
Lakin Konstitusiyanın tələbinə uyğun gələn bəzi öhdəliklərin yerinə yetirilməsi illərdir mümkün olmur. Burada söhbət təkcə təhsil şəbəkəsində geniş yayılmış korrupsiya elementlərindən getmir, məktəbə ənənəvi baxışın dəyişməməsindən gedir. Əgər orta təhsil icbaridirsə, mənim də təhsil hüququm varsa, mən aclıqdan, geyimsizlikdən, nəqliyyat imkansızlığından bu hüququmu gerçəkləşdirə bilmirəmsə, bunun maddi təminatını hökmən dövlət etməlidir.
İndi bizdə uşağın məktəbə çatdırılması üçün nəqliyyat xərcləri, məktəbdə ac-susuz qalmaması üçün ödənişlər, dərslikdənkənar xeyli sayda vəsaitin alınması, idman ləvazimatları, məktəbli çantası təminat olaraq valideynə aiddir. İllərdir buraya məktəbli forması da əlavə olunur və bu forma standartları və seçimi xüsusi bir korrupsiya şəbəkəsinin formalaşmasına imkan yaradır.
Əgər valideynin bu təminatı gerçəkləşdirməyə maddi imkanı və ya həvəsi yoxdursa, o halda nə baş verəcək? Uşağı məktəbdən hansı əsaslarla uzaqlaşdıracaqlar? "Niyə maşın tapıb dərsə gələ bilmirsən, niyə pul tapıb forma ala bilmirsən, niyə çantan yoxdur, niyə idman dərsləri üçün geyim almamısan" kimi sualları hansı əsasla verə bilərsiniz?
Sözün qısası budur: hansısa vəzifəli şəxsin, hansısa qurumun, hansısa direktorun, sinif rəhbərinin "bu cür forma geyəcəksən, filan yerdən alacaqsan, filan qiyməti ödəyəcəksən" tələbi, təklifi, hətta tövsiyəsi tamamilə qanunsuzdur. Dövləti təmsil edən müvafiq icra hakimiyyəti ya özün bu formanı verəcəksən (Konstitusiya da məhz bunu deyir), təmin edə bilmirsənsə valideyn üçün optimal standartlara uyğun gələn (açıq-saçıqlığa, fərqləndiriciliyə aşkar yol açmayan) alternativ forma əldə etməsinə imkan yaradacaqsan!
İndiki halda məktəblilərə ödənişlə təklif olunan məktəbli formaları valideynlərdən qanunsuz şəkildə alınan, onlara yüklənən bir korrupsiya variantıdır. Bu şəbəkədən, bu qiymətə və həm də bu formanı almalısan dayatması mədəniyyətsiz bir soyğunçuluqdur. Buyurub məktəblər üçün beş-on növdə alternativ geyim forması tövsiyə edin, valideyn də minimum məsrəflə və ya məsrəfsiz şəkildə bu problemi çözə bilsin.
Sözümün canı budur ki, hansısa vəzifəli şəxsin, sinif rəhbərinin məhz bu formanı geyməlisən, məhz bu formanı almalısan deməsi tamamilə qanuna ziddir, vətəndaşın təhsil hüququnun gerçəkləşməsinə qarşı davranışdır. Əlbəttə, geyim üçün məktəbə xas əxlaq standartlarının tələb olunmasına hansısa valideyn narahat olmaz, əsas odur ki, məktəbli formasından kimlərsə korrupsiya şorbası bişirməsin.
Fazil Mustafa, millət vəkili