Bakıda “dəhşətli sentyabr tıxacı” başlayır - Çıxış yolu nədir?
Yay tətili bitdi, Bakıda tıxac problemi günbəgün dərinləşməyə başladı. İnsanların vaxtlarının əhəmiyyətli hissəsi artıq tıxaclarda keçir. Bu səbəbdən bir çox iş yerlərinin normal fəaliyyəti də pozulur.
Sentyabrın 15-i dərslər başlayandan sonra Bakı şəhərində nəqliyyatın hərəkətində daha ciddi çətinliklərin olacağı gözlənilir.
Nəqliyyat üzrə ekspert-hüquqşünas Ərşad Hüseynov ‘’Yeni Müsavat’’ın müxbirinə bildirib ki, cəmi bir həftədən sonra paytaxt küçələrində son illər rast gəlmədiyimiz tıxaclara şahidlik edəcəyik:
“Bunu güman etmək üçün qeyd etdiyim məqamlara diqqət yetirmək kifayətdir:
- paytaxt metropoliteni genişlənmir, demək olar ki, yerində sayır (8-10 ilə bir stansiyanın istismara verilməsi yerində saymaq kimi bir şeydir);
- paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişindaşıma çox ciddi iqtisadi, texniki və təşkilati böhran yaşayır. Belə davam etsə, dövlətin ciddi dəstəyi və müdaxiləsi olmasa, bu sektorun çöküşü çox uzaqda deyil;
- taksi aqreqatorları “hər kəsi ucuz qiymətə biz daşıyacağıq” devizini açıq səsləndirirlər. İlk baxışdan cazibədardır, lakin Bakı kimi iri şəhərdə reallıqdan uzaq olan bu ideya son illərdə taksi minik avtomobillərinin sayının dəfələrlə artmasına gətirib çıxarıb;
- ictimai nəqliyyatla qane olmayan, çox vaxt ona əli çatmayan və “ucuz taksi” şüarının keçici olduğunu bilən insanlar bütün imkanlarını səfərbər edərək fərdi avtomobil əldə etməkdədirlər. Köhnə, bəzən yararsız avtomobil sahibləri isə ondan bərk-bərk yapışıblar ki, yollarda qalmasınlar. Əslində fərdi avtomobillərin artması qorxulu deyil, çünki bu, firavanlıq, maddi rifahın yüksək olması deməkdir (inkişaf etmiş ölkələrdə belədir). Amma bizim dərdimiz odur ki, fərdi avtomobil nəinki ailənin, hətta bəzən qohum-qonşunun yeganə yerdəyişmə vasitəsi olur. Bu səbəbdən az qala hər kəsin avtomobili hər gün küçədə olur;
- velosipedin real mobillik (yerdəyişmə) vasitəsinə çevirilməsi istiqamətində isə sadəcə söz-söhbət var;
- tıxac yaradan digər səbəblər (müəyyən yerlərdə hərəkətin təşkilindəki qüsurlar, qanunsuz parklanma, bəzən elementar mədəniyyətsizlik və s.) də yerində qalır".
Ərşad Hüseynov əlavə edib ki, belə mənzərə fonunda tıxaclar qaçılmaz olur: “Nəticədə vaxtımız (ömrümüz), pulumuz, əsəblərimiz, əmək qabiliyyətimiz və s. yollarda xərclənir...
Ən kədərlisi odur ki, hansısa dövlət qurumunun bu bəlanı həll etmək istiqamətində aydın fəaliyyət planı, ideyası yoxdur (varsa da, cəmiyyətə məlum deyil). Təbii ki, belə ola bilməz. Bu istiqamətdə real ciddi işlər görmək lazımdır".
Bəs aidiyyəti qurumlar tıxacların minimuma endirilməsi üçün verilən təkliflər üzrə düşünürlərmi, hansısa addımlar atırlarmı?
Millət vəkili Aqil Abbas mövzu ilə bağlı bunları dedi: “Hər il bu problem təkrarlanır. Hökumətin də bununla bağlı hər hansı proqramı yoxdur. Avtobuslar daha yaxşı işləyərsə, bunun qarşısını almaq olar. Məktəblər avtobuslar tuta bilər. Məsələn, bir avtobus 50 adam götürsə, o qədər maşın məktəbə getməz. Dünyanın hər yerində məktəb avtobusları var. Bizdə də bəzi özəl məktəblərdə var. Dövlət məktəbləri avtobusları ayırmalıdır. İkinci tərəfi, Bakıda yolu genişləndirmək mümkün deyil. Yeni körpülər, yeraltı tunellər tikilə bilər. O da uzun bir zaman tələb edir. Tıxacdan qurtarmaq cəhənnəmdən qurtarmaq kimi görünür. Bir dəfə parlamentdə məsələ qaldırmışdım ki, dünyanın bir çox ölkələrində tıxacın aradan qaldırılmaq üçün tək və cüt günlər üzrə tək nömrəli avtomobillər tək günlər şəhərə çıxır, cüt günlərdə isə nömrəsinin sonu cüt olan maşınlar çıxır. Bununla tıxacın qarşısını xeyli almaq olar. Bizdə də onu tətbiq etmək olar. Şəhərdə avtomobillərin sayı yarıbayarı azalır. Təbii ki, bu dövlət maşınlarına, xidməti avtomobillərə aid deyil. Elə avtobus marşrutları normal işləsə, adamlar avtobusla normal şəkildə gedib-gələrlər. Tıxaca görə onlar da normal işləyə bilmir.
Mən parlamentə gedərkən bahalı özəl məktəblərin qarşısından keçirəm. Özəl məktəb tikiblər, amma avtomobil saxlamağa yer tikməyiblər. Bir az torpaq götürüb tiksinlər ki, pulları da var, dayanacaq düzəltsinlər, gələnlər də orada uşağını gözləsin. Amma etmirlər, pullarına heyiflərı gəlir. O məktəblərin qarşısından güclə keçirsən, dalaşa-dalaşa. Yolu ikiqat-üçqat bağlayırlar. Səhər saat 8-in yarısı heç bir məktəblərin qarşısından keçmək mümkün deyil. Saat yarım məktəblərin qarşısı bağlanır, bu da tıxac yaranmasına səbəb olur. Bir də şəhərin içində sürəti artırmaq olar. Sürət artarsa, tıxac azalar. Amma şəhərin içində sürət 20-30-a düşür, bu da tıxac yaranmasına səbəb olur".
Bir neçə quruma “tıxacların minimuma endirilməsi üçün nə kimi addımlar atılır, bununla bağlı hər hansı plan varmı” sualı ilə müraciət etdik.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bunları dedi: “Agentlik yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə məşğul olan qurum olmadığı üçün bu məsələni aidiyyəti üzrə sualları yönəltmək doğru olardı”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev də oxşar cavab verdi: “Tıxacla bağlı məsələlərdə, zəhmət olmasa, Dövlət Yol Polisinə müraciət edin”.
Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyevlə də əlaqə saxlamağa cəhd etdik, dəfələrlə zəng vursaq da cavab vermədi.
Göründüyü kimi, ünvanladığımız suallar necə cavabsız qaldısa, tıxac problemi də illərdir ki, beləcə sual məngənəsindən çıxa bilmir...//Yeni Müsavat