“Xəzər dənizi 18 metrə qədər dayazlaşa bilər” - Azərbaycanlı alim



 12:29 08.09.2022     626

“Qlobal iqlim dəyişikliyi ilə əlaqədar Xəzər dənizi sürətlə kiçilir. Keçmiş dəniz dibinin onlarla kilometri isti günəş altında qurumuş səthə çevrilib”.

Bunu Akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutu “Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası” şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Rusiyanın “Россия 1” kanalına verdiyi müsahibəsində bildirib. Əmir Əliyev vurğulayıb ki, bu əsrin sonunda Xəzər dənizi 9, hətta 18 metrə qədər dayazlaşa bilər: “Bu isə o deməkdir ki, su hövzəsi öz ərazisinin 34%-ni itirəcək. Dənizə çıxışı olan bütün ölkələr üçün bu, böyük bir problemdir və Azərbaycan, Qazaxıstan, İran, Rusiya, Türkmənistan onu birlikdə həll etməli olacaq”.

Azərbaycanlı alim qeyd edib ki, Xəzərin səviyyəsi dövrüdür. Belə ki, təxminən 200-250 il ərzində dənizin səviyyəsi eyni vaxtda yüksəlir və enir: “Sonuncu yüksək səviyyə 1800-cü ildə aşkar edilib. Bu andan etibarən səviyyə tədricən aşağı düşür. Dərbənddəki Narın-Qala qalasının bir hissəsi indi su altındadır. Bu o deməkdir ki, orta əsrlərdə Xəzərin səviyyəsi xeyli aşağı idi. Amma Bakıda Qız qalası - əksinə, şəhərin mərkəzində ucalır. Baxmayaraq ki, bir neçə əsr əvvəl dəniz tərəfindən yuyulurdu. Təbii dövrlər onun təbii nəfəsidir”.

Nikbinlik nümayiş etdirən alimin sözlərinə görə, təxminən 10-15 ildən sonra yüksəliş gözlənilir və “azərbaycanlıların gənc nəsli Xəzərin qayıdışını görəcək”.

Qeyd edək ki, Əmir Əliyevin Rusiyanın “Россия 1” kanalına verdiyi müsahibəsi həftə xəbərlərinin («Вести недели») “Xəzər qayıdanda” süjetində yayımlanıb.