Tibb elmləri doktorundan məktəblərlə bağlı XƏBƏRDARLIQ
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev məktəblərlə bağlı xəbərdarlıq edib.
Nexeber.az xəbər verir ki, həkim oxu.az-a açıqlamasında bildirib ki, koronavirusla mübarizənin bu mərhələsində xüsusi olaraq qeyd etməliyik ki, artıq tibbi müalicəvi müdaxilələr deyil, düşünülmüş epidemioloji müdaxilələr və strategiyalar önəm kəsb edir:
“Bunun üçün də ən son elmi tədqiqatlarla işləmək və onların nəticələrindən yararlanmaq lazımdır. Bu istiqamətdə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyacaq ən son iki mühüm nəticəni qeyd etmək istəyirəm. Bu nəticələr bizə bir daha uşaqların pandemiyadakı rolunu və virusun yayılmasındakı gizli, amma çox vacib məqamını göstərir. Nəticələri açıqlamadan öncə qeyd etməliyəm ki, son günlər eşitdiyim bir neçə əsassız fikirləri çıxarsaq, bu gün cəmiyyətdə uşaqlarla, xüsusi ilə də məktəblərin açılması ilə bağlı iki əsas fikir var. Bunlardan birincisi odur ki, məktəblər ən qısa zamanda tam şəkildə açılmalı və uşaqlar normal həyatlarına dönməlidir. Mən bunu deyənləri çox gözəl başa düşürəm və bunun səhv istək olduğuna zərrə qədər də şübhəm yoxdur.
Cəmiyyətdə formalaşan ikinci fikir isə cavabını gözləyən bir neçə sualdan ibarətdir: Ümumiyyətlə, məktəblərin bu gün tam açılması doğrudurmu, məktəbə gedən uşağın virusa yoluxmaq riski nə qədərdir, elm bu barədə nə deyir və bəlkə bir az da gözləyib virusa tam qalib gəldikdən sonra uşaqları tam təhlükəsiz məktəbə yola salaq?
Bu iki fikir arasında doğrunun hansı olduğunu mən bir elm adamı və eyni zamanda bu istiqamətdəki ən son elmi tədqiqatları yaxından izləyib araşdıra bilən birisi kimi deyə bilərəm. Bunu hər kəsin başa düşməsi üçün də elmi əsaslı şəkildə izah etmək istəyirəm. Belə ki, bu elmi nəticələr İngiltərədən (Office for National Statistics in England) təqdim olunan rəsmi hesabat məlumatına və Avstriyada aparılan ən son elmi tədqiqata əsaslanır”.
“İngiltərədən təqdim olunan hesabatda çox maraqlı faktla rastlaşırıq. Deməli, məhdudiyyətlərin qismən tətbiq edildiyi karantin dövründə, yəni məktəblərin açıq saxlanıldığı və digər yerlərin əksəriyyətinin bağlı qaldığı dövrdə məktəbyaşlı uşaqlar arasında yoluxma böyüklərə nisbətən dörd dəfə çox olub.
Bu nəticələr dekabr ayında olan tətilə qədər qeydə alınıb. Amma tətil zamanı yoluxma hallarında əhəmiyyətli dərəcədə azalmalar olub. Bu da ilk növbədə onu deməyə əsas verir ki, məktəblilərin virusa yoluxma tezliyi böyüklərlə eynilik təşkil edir və bir qisim yerlərin bağlı, məktəblərin isə açıq olduğu halda da virusa yoluxma halına böyüklərdən daha çox uşaqlar arasında rast gəlinir.
Bundan başqa Avstriyada aparılan elmi tədqiqatın nəticələri də İngiltərədəki faktlarla eynilik təşkil edir və nəticələrin nə qədər əhəmiyyətli olmasını bir daha sübut edir. Belə ki, iki mərhələdə payız tətilindən sonra aparılan tədqiqatda 11 minə yaxın şəxs iştirak edib. Bunlar 250 məktəbin hərəsindən seçilən 60 məktəbli və 10 faizə yaxın müəllim olub.
Tədqiqatın nəticəsində məlum olub ki, məktəblər tam açıq olan zaman məktəblilər arasında yoluxmaların səviyyəsi böyüklərlə eynilik təşkil edir. Bundan başqa buradan bir daha aydın olur ki, məktəblər tam açıq olduqda virusun çoxalması baş verir və məktəbi açıq saxlayıb digər yerləri bağlayanda bəlli vaxtdan sonra uşaqlar arasında virusa yoluxma tezliyi çox yüksək həddə çatır və onlar da virusun ötürülməsinə və pandemiyanın davam etməsinə səbəb olur.
Ona görə də yuxarıdakı elmi əsasları nəzərə alaraq xatırlatma etmək istəyirəm ki, məktəblərlə bağlı son qərar verilərkən təkcə pedaqoji yanaşma deyil, bunun bu gün düşdüyümüz durumda epidemioloji tərəfdən də əhəmiyyəti nəzər alınmalı və düşünülmüş epidemioloji müdaxilələrdəki rolu da düzgün dəyərləndirilməlidir”- deyə o əlavə edib.