Kiyevdə “Maydan fəalı” piyadanı yumruqla öldürən taksi sürücüsü Abdulla - FOTO



 23:12 20.02.2021     255

Ukraynanın paytaxtı Kiyevdə ötən gün Azərbaycan vətəndaşının törətdiyi səs-küylü cinayətin bəzi təfərrüatları məlum olub.

Nexeber.az virtualaz.org-a istinadən bildirir ki, şəhərin mərkəzi küçələrindən birində yolu keçən piyadanı yumruqla vurub öldürən "Hyundai Sonata" sürücüsü heç də imkanlı və harınlamış biri deyil, adi taksi sürücüsüdür, "xalturşikdir". Üstəlik maşın da qaynanasına məxusdur.

Xatırladaq ki, internetdə yayılmış görüntülərə əsasən ağ rəngli "Hyundai Sonata" avtomobilinin sürücüsü yolu keçərkən ona irad bildirən orta yaşlı piyadanı-Kiyev sakinini bir neçə yumruq zərbəsi ilə yerə sərir. Piyada yerə yıxılır və hərəkətsiz qalır, təcili yardım briqadası hadisə yerinə gələnə qədər keçinir. Sürücü hadisə yerindən qaçsa da tezliklə əməliyyatçılar onu yaxalayıblar, məlum olub ki, hadisəni törədən şəxs 1991-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Hərçənd onun adı açıqlanmırdı.

Strana.ua Kiyevdəki azərbaycanlı diasporundakı mənbələrdən dəqiqləşdirib ki, həmin sürücünün adı Abdulladır. Özünü bu cür çılğın aparsa da əslində nüfuzlu adam və ya major deyil, adi taksi sürücüsüdür.

Hadisədən əvvəl o, sərnişini şəhərin mərkəzi hissəsinə aparıb. Münaqişə isə yolu keçən piyadanın Abdullanı söyməsindən sonra başlayıb. Belə ki, Kiyev sakini piyada keçidində ona yol vermədiyi üçün sürücüyə irad bildirib və onun anasını söyüb. "Nəzərə alanda ki, qafqazlılarda ana söyüşü qəbul edilmir, taksi sürücüsü özündən çıxıb, özünə nəzarəti itirib və onu təhqir edən piyadanı bir neçə dəfə vurub. Təbii ki, sürücü piyadanın bu zərbələrdən öləcəyini gözləmirdi",-mənbə deyib.

Abdulla arvadı və qaynanası ilə birlikdə Kiyevin "Lesnoy massiv" kvartalında yaşayır. Onun idarə etdiyi avtomobil də qaynanasının adınadır. Bu gün o, məhkəmə qarşısına çıxarılacaq və barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. Barəsində qəsdən ağır xəsarət yetirmə, ölümə səbəb olmaqla maddəsi ilə cinayət işi qaldırılıb, Abdullanı bu ittiham üzrə 10 ilə qədər həbs gözləyir.

Ölən şəxsin adı isə Vladislavdır, tanışlarının dediyinə görə, Peçerskdə yaşayırdı. 201-2014-cü illər Meydan hərəkatının fəallarındandır, hadisə günü  həmin hərəkatdan olan yoldaşları ilə içib, ölənlərin xatirəsini yad edib. Yaxınlarından ancaq boşandığı keçmiş arvadı var...

Son məlumata görə bu gün axşam saatlarında Kiyev məhkəməsi Abdullanın barəsində həbs qətimkan tədbiri seçib. Məhkəmədə ifadə verən azərbaycanlı sürücü deyib ki, piyada keçidinin qarşısında kəskin tormozlayıb, bu vaxt yolu keçən şəxs dönüb və onu söyməyə başlayıb. "Mən də düşüb onu vurdum və çıxıb getdim. Adamın yerindəcə öldüyünü sonradan, polislər məni saxlayanda bildim",-o deyib.