Bakıda iki yeniyetməni cərəyan vurdu: Cinayət işi başlandı
Dünən günorta saatlarında Bakıda yeniyetmə oğlanın cərəyan vurması nəticəsində ölməsi hadisəsi ilə bağlı Xəzər rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, fevralın 21-də saat 12 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində elektrik cərəyanı vurması nəticəsində 2005-ci il təvəllüdlü İsmayıl Muradovun ölməsi, 2008-ci il təvəllüdlü Uğur Qəhrəmanovun isə xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda)
maddəsi ilə cinayət işi başlanıb.
İlkin istintaqla Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində köhnə tikilidəki 863 nömrəli, 6 KV-luq Qapalı Paylayıcı Qurğunun içərisində olarkən elektrik cərəyanın təsirinə məruz qalmaları nəticəsində İsmayıl Muradovun ölməsi, Uğur Qəhrəmanovun isə xəsarət alması müəyyən edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.