Hazır şorbalar immuniteti zəyiflədir



 11:06 06.12.2022     482

Tez hazırlanan məhsullar və hazır şorbalar orqanizmə ziyan verən qidalardır. Təəssüf ki, müasir dövrdə istər iş adamları, istər tələbələr, istərsə də mətbəxdə az vaxt keçirmək istəyənlər bu cür qidalardan yararlanmaqla öz vaxtlarına qənaət etmiş olduqlarını düşünürlər.

Demedia.az xəbər verir ki, həkim-diyetoloq Gülşən Rzayeva deyib: “İstehlakçılar tez hazırlanan qidalar arasında paket şorbaların daha sağlam qida olduğunu düşünürlər. Paketlənmiş şorbalar duru yemək olduğundan mədə üçün daha uyğun qida növü kimi qəbul edilir. Əslində isə bu, belə deyil, çünki paketlənmiş qidaların hər biri, şorbalar da daxil olmaqla fastfud qidalara aiddir. Həmin qidaların uzun müddət qalması üçün müəyyən qədər kimyəvi tərkibli sintetik maddə qatqıları əlavə olunur”.

Tez bişən şorbaların tərkibində zülallar normadan artıq olduğuna görə mübadilə prosesinə birbaşa təsir göstərir. Həmin qidalara qatılan ədviyyatlar çox olduğundan mədənin selikli qişasını qıcıqlandırır və uzun müddət qəbul ediləndə qastritin əmələ gəlməsi ilə nəticələnir.

Qida eksperti Seymur Qafarov bildirib ki, tez hazırlanan şorbaların tərkibində sağlamlıq üçün daha ciddi fəsadlar yaradan palma yağından istifadə olunur. Həm də onun içərisindəki makaron, vermişel, qurudulmuş spagetti və s. palma yağında bişirilir. Bunlar isə insan orqanizmində çox gec həll olur və fəsadlar yarada bilər.

Hazır şorbaların istifadəsi xüsusilə soyuqdəymə zamanı bədəndəki iltihabi prosesləri sürətləndirərək ağırlaşdırır, immuniteti aşağı salır.