Nikol və himayəçiləri elə bilirdilər ki, Laçın yolundakı aksiya... - Ekspert



 20:15 30.12.2022     466

Ermənistanın baş naziri Nikol Paşinyanın sonuncu sərsəmləmələri rəsmi İrəvanın Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan Azərbaycan ərazilərində yaşayan ermənilərlə bağlı bütün oyunlarını detallarına kimi gün işığına çıxarıb. Şübhəsiz ki, rəsmi İrəvanın həm Rusiyaya, həm də digər regional və qlobal aktorlara münasibətdə sərgilədiyi bütün manipulyativ davranışlarının, Paşinyan və “sorosçu” komandasının bölgəyə regiondankənar qüvvələrin cəlb edilməsi ilə bağlı üzərilərinə götürdükləri öhdəlikləri gerçəkləşdirmək cəhdlərinin ən incə detallarına kimi ifşa olunmasında Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarının və ictimai fəallarının artıq 18 gündür ki davam edən etiraz aksiyasının müstəsna rolunu qeyd etmək lazımdır.

Demedia.az xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Baş nazir Paşinyanın hökumətin toplantısında qəbul edilən qərarlarla bağlı ictimailəşdirdiyi məqamlar, dilə gətirdiyi ziddiyyətli fikirlər rəsmi İrəvanın nə qədər çaşqın durumda olduğunu sübuta yetirir:

"Görünən odur ki, Nikol və himayəçiləri Azərbaycanın vətəndaş cəmiyyəti insitutlarının etiraz aksiyasının bu qədər uzunmüddətli və effektiv olacağını gözləmirmiş...

Bu çaşqınlığı ifadə edən məqamlardan biri də baş nazirin müavini Tiqran Xaçatryanın rəhbərliyi altında Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərindəki “humanitar böhran”la bağlı “işçi qrupu”nun yaradılması və Paşinyanın hökumətin toplantısında açıqlamağa ehtiyac duymadığı məqsədlər üçün əlavə olaraq, 4 milyard erməni dramının (17,5 milyon manat) ayrılmasıdır. Bütün bunlar Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərindəki separatçıların birbaşa rəsmi İrəvanın, erməni diasporunun və Fransanın siyasi institutlarının koordinə olunmuş diqtəsi ilə hərəkət etdiklərini, Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və etnik ermənilərlə bağlı bütün bəyanatlarının vaxt qazanmaq üçün yayındırıcı manevrlər olduğunu bir daha sübuta yetirir. Ermənistan 44 günlük müharibədə acınacaqlı məğlubiyyətə uğradığına baxmayaraq, Fransanın və digər himayəçilərinin dəstəyi ilə prosesi “yenilənmiş Madrid prinsipləri” müstəvisinə qaytarmaq, 2020-ci ilin 10 noyabrından, Azərbaycanın qələbəsindən sonra bölgədə yaranmış reallıqların təsir gücünü minimuma endirmək istəyir. Bölgədə Ermənistanın və təlimatçılarının hədəflərini ifadə edən başqa bir reallıq isə, “sorosçu”ların hakimiyyəti dönəmində rəsmi İrəvanın siyasətində hər hansı bir dəyişikliyin baş verməyəcəyi, hər dəfə sülh prosesinin bir addımlığından geri dönüş üçün ən müxtəlif bəhanələrin gətiriləcəyi perspektividir. Bu səbəbdən də, Ermənistana qarşı güc və “yumşaq güc” siyasəti daha sərt, daha çevik və dinamik şəkildə davam etdirilməli, İrəvanın və Xankəndinin gündəmi yeni-yeni həmlələrlə zəbt olunmalı, rəsmi İrəvanın müxtəlif manevrlərlə qazanmağa çalışdığı vaxt onun öz əleyhinə işləməlidir. Bu xüsusda, Ermənistanın baş nazirinin müavini Tiqran Xaçatryanın və onun “işçi qrupu”nun Azərbaycan ərazisinə daxil olmalarına yol verilməməlidir. Azərbaycan Rusiya sülhməramlılarına bununla bağlı xəbərdarlıq etməli, rəsmi İrəvanın hər hansı bir nümayəndəsinin bölgəyə daxil olmağa cəhd göstərəcəyi təqdirdə, Laçın yolunun tamamilə nəzarətə götürüləcəyi maraqlı tərəflərin diqqətinə çatdırılmalıdır.

Bununla yanaşı, düşünürəm ki, Azərbaycan Laçın yolunun yaxınlığında, həm də qısa müddət ərazində modul tipli xəstəxanalar, humanitar yardım məntəqələri yarada bilər. Çox yaxşı olardı ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərin humanitar və sosial problemlərinin həlli ilə bağlı layihələrin həyata keçirilməsinə də maliyyə dəstəyi versin. Arzi edərdim ki, 2023-cü il üçün elan ediləcək müsabiqələrdə bununla bağlı istiqamətlər də yer alsın.

Əgər Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altındakı Azərbaycan ərazilərində yaşayan ermənilərin, həqiqətən də humanitar və sosial dəstəyə ehtiyacları varsa, buyursunlar bunu həmin ərazilər üzərində suveren hüququ olan dövlətdən – Azərbaycandan alsınlar.

Şübhəsiz ki, Paşinyanın hökumətin iclasında Laçın yolu ilə bağlı səsləndirdikləri mülahizələrin, o cümlədən əllaməçi baş nazirin 10 noyabr bəyanatının prinsiplərinin pozulduğu barədə iddialarının heç bir əsası olmadığı üçün, onun bu istiqamətdə səsləndirdiyi cəfəng mülahizələrə də vaxt ayırmaq niyyətində deyiləm. Üçtərəfli bəyanatın pozulmasına qalarsa, sözügedən sənəddə Ermənistanın pozmadığı nəinki “cümlə”, heç “hərf” belə yoxdur – “A”-dan “Z”-ya nə varsa pozub.

Paşinyanın Rusiya sülhməramlılarına “BMT-nin mandatının verilməsi” ilə bağlı mülahizələrinə gəldikdə isə, hesab edirəm ki, Rusiya Xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova baş nazirin cavabını verib və Nikolun “dünyadakı reallıqları anlamadığını” bildirib. Yəni demək istəyib ki, ya özünü klassik erməni qanmazı yerinə qoyub, ya da anlaqsız vəziyyətdədir.

Qənaətimə görə, Rusiyanın Ermənistanın baş nazirinin iddialarına ən yaxşı cavabı, sülhməramlıların missiyası və mandatı ilə bağlı Azərbaycanla ikitərəfli müqavilə imzalaması ola bilər. O zaman Ermənistanın baş nazirinin Rusiya sülhməramlılarının missiyası ilə bağlı 10 noyabr 2020-ci ilə bəyanatına istinadına da zəmin qalmaz. Hüquqi baxımdan da belə yanaşma daha doğru olar. Çünki Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan ərazilər Azərbaycan Respublikasının suveren əraziləridir və bu ərazilərdə Rusiya sülhməramlarının fəaliyyəti ilə bağlı bütün məqamlar Azərbaycanla razılaşdırılmalıdır.

Ermənistana “Yeni il hədiyyəsi” verilməsinin zamanıdır...".

Xəyalə Məmmədova / Demedia.az