Braziliya necə ölkədir? - Araşdırma

 20:35 05.01.2023     1009

Braziliya –rəsmi adı Braziliya Federativ Respublikası. Cənubi Amerikanın həm ən böyük, həm də əhalisi ən çox olan ölkəsidir. Ekvador və Çilidən başqa, bütün Cənubi Amerika ölkələri ilə həmsərhəddir. Ərazisi 8516000 km2 olan ölkə Cənubi Amerikanın 47,8%-ni əhatə edir.

10 ölkəylə sərhəd qonşusu olan Braziliyanın ən maraqlı sərhədi ölkənin şimalındakı Fransız Qvineyası ilədir. Bu sərhəd Braziliyanı bir Avropa ölkəsi ilə qonşu edir. İstanbuldan paytaxt Braziliyaya reys dəyişmə ilə, ən tezi, 17 saata uça bilərsiniz. Braziliya 4 fərqli saat qurşağına sahibdir. Paytaxt Braziliya ilə müqayisədə, ölkədə vaxt Türkiyəyə nisbətən, 6 saat geri qalır. Braziliyanın ərazisinin böyük hissəsi Cənub yarımkürəsində, kiçik bir hissəsi isə Şimal yarımkürəsindədir. Ölkə səhralardan yağış meşələrinə, şəlalələrdən bataqlıqlara, düzənliklərdən dağlara qədər təbii müxtəlifliyə malikdir. Dünyanın ən böyük bataqlığı Pantanal, dünyanın ən böyük meşəsi Amazon və dünyanın ən böyük şəlalələrindən biri olan İguazu Braziliyadadır. Amazon yağış meşələri başqa Cənubi Amerika ölkələrinin ərazisinə daxil olsa da, 60%-i Braziliyanın payına düşür. Planetimizdə ən çox bioloji müxtəlifliyə məhz burada rast gəlinir. Qardaş Türkiyə ərazisindən 7 dəfə çox olan meşələr sayəsində palnetimizə lazım olan oksigenin üçdə biri burda yaranır. İndiyədək elmə məlum olan 9 milyon heyvan növünün, təxminən, yarısı bu meşələrdədir. “Dünyanın ən ölümcül məkanı” adlanan İlanlar adası da Braziliyadadır. Buraya, qanunla yalnız elm adamlarının daxil olmasına icazə verilir. Adada hər 1 m2-ə 1 zəhərli ilan düşür. Braziliya o qədər böyük bir ölkədir ki, torpaqlarının tamamı, hardasa, bütün Avropa ölkələrinin ərazisinin toplamına çatır. Ərazisinə görə, dünya ölkələri arasında 5-ci yerdədir. Ölkə 26 əyalət və 1 federal bölgədən ibarətdir. Çox adam elə bilir ki, ölkənin paytaxtı Rio-de-Janeyrodur. Amma deyil...Paytaxt Braziliya şəhəridir. Rio 1960-cı ilədək paytaxt olub. Braziliya isə paytaxt olması üçün 1956-1960-cı illərdə, tam olaraq, 41 ay ərzində sıfırdan tikilən bir şəhərdir. Şəhər planlanarkən, yuxarıdan baxıldığında bir təyyarəyə bənzəyəcək şəkildə salınıb. Ölkənin demoqrafik göstəricisinə baxsaq, əhali sayının 214 milyona yaxın olduğunu görərik. (213057783). Əhalisinin sayına görə, müvafiq siyahıda 6-cı yerdədir. Braziliyada mədəni müxtəliflik də var. Burda fərqli ölkələrin, fərqli xalqların mədəniyyətlərinin izini görmək olur. Bu gün braziliyalılar avropalılar, afrikalılar, qızıldərililər kimi 3 etnik qrupun nəvələri olaraq qəbul edilir. Ona görə də, burda hər cür müxtəlifliyə rast gəlinir. Mətbəxdəki rənagrənglik də bundan qaynaqlanır. Əhalinin 47%-i ağdərili, 43%-i pardo, yəni, mələz, 8%-i qaradərili, 1,5%-i asiyalı, 0,5%-i yerli amerikalıdır. Pardolar qaradərililər kimi tünd, yaxud, ağdərililər kimi açıq dəriyə malik deyil. Əslində, ölkənin şimalı və cənubu arasında dəri fərqi olduqca nəzərə çarpır. Şimaldakı əhalinin yarısından çoxu qaradərili ikən, ölkənin ağdərili əhalisinin böyük hissəsi cənubda yaşayır. İrqçilik tarix boyunca burda problem olub. Amma 2011-ci ildə ölkədəki irq nisbəti dəyişdi. Ölkə tarixində ilk dəfə, ağdərili əhalinin digər əhali qrupuna nisbətən azaldığı müəyyən edildi. Bir zamanlar Braziliya dünyada ən çox afrikalı kölə idxal edən ölkə idi. Məhz buna görə, bu gün ölkədə afrika kökənli insanlarla addımbaşı qarşılaşmaq mümkündür. Rəqəmlərə baxsaq, o vaxtlar Braziliyanın ABŞ-la müqayisədə, 11 dəfə çox kölə idxal etdiyini görərik. O vaxt kölə kimi göndərilən, təxminən, 12,5 milyon insanın 38,9%-i Braziliyaya gəlirdi. 1880-ci ildə əkinçilikdə texnologiyaya keçid və respublikanın elan edilməsiylə Braziliya Amerika qitəsində köləliyi ləğv edən son ölkə kimi tarixə düşdü. Amma köləlik ləğv edilsə də, qaradərililər cəmiyyətdə digər insanlarla eyni hüquqa malik deyildi. Məcbur qalan qaradərililər öz icmalarını yaratdılar. Beləcə, köləlik olmasa da, irqçilik alovları yanırdı. Əhalisinin 82%-i afrikalı kölələrin nəvə-nəticələri olan Salvador “Afrika xaricindəki ən böyük Afrika şəhəri” adlanır. Braziliya əhalisinin 65%-i katolik, 22%-i protestan, 2%-i spiritist, 3,2%-i müsəlman, budist, hindu kimi digər dinlərin mənsublarıdır. 8%-i isə heç bir dinə inanmadığını dilə gətirir. ABŞ-dan sonra dünyada ən çox xristian əhali burada yaşayır. Dünyada ən çox katolik əhaliyə də Braziliya sahibdir. Bunun da səbəbi Braziliyanın 1500-cü ildən 1822-ci ilədək, yəni, tam 322 il boyunca Portuqaliyanın müstəmləkəsi olmasıdır. 1891-ci ilə qədər dövlət dini xristianlıq idi. Əhali də bu müddət ərzində məcburən xristianlaşdırıldı. Bu gün yerli əhalinin az olmasının səbəbi də portuqallardır. Onlar bu torpaqlara gələndə özləri ilə bərabər Avropa xəstəliklərini də gətirdilər. Yerli əhalinin böyük qismini məhz bu yad xəstəliklər yox etdi. Etnik köklərə baxdıqda, ölkədə 900 mindən çox insan 240 qəbilədən birinin nümayəndəsidir. Siyahıya alınan 80-ə qədər qəbilə isə dünya ilə təmas qurmamağı seçib.

Bahadur Seyidov / Demedia.az