Dünyanın ən kasıb və sıx insan yaşayan ölkələrindən biri... - MARAQLI FAKTLAR



 21:33 05.01.2023     991

Yolunuzu Banqladeşdən salmaq istəyirsinizsə, sizi əsrarəngiz təbii gözəlliklər qarşılayacaq.

Amma bu gözəlliklərin fonunda, Banqladeş şəhərləri heç də yaşamaq istəyəcəyiniz yerlər deyil... Niyə? 147 min km2 sahəyə malik olan ölkədə 164 milyon insan yaşayır. Yəni, Banqladeş əhali sıxlığına görə, ölkələrin sıralandığı siyahıda ilk yerlərdən birini tutur. Qardaş Türkiyəylə müqayisə etsək, demək olar ki, Banqladeşin ərazisi Türkiyə ərazisinin beşdə biri qədərdir. Amma əhalisi Türkiyə əhalisindən iki dəfə çoxdur. Azərbaycanla müqaisədə Banqladeşin ərazisi müstəqil Azərbaycanın ərazisindən heç 2 dəfə də böyük deyil. Əhalisi isə 16 dəfə çoxdur. Banqladeşin paytaxtı Dəkkə şəhəri, ölkənin rəsmi dili benqal dilidir. Myanmar və Hindistan ilə həmsərhəd olan Banqladeşin bayrağı yaşıl rəngin fonundakı qırmızı dairədir. Bəli, ilk baxışdan Yaponiya bayrağını xatırladır, amma Banqladeşin Yaponiya ilə oxşarlığı elə təkcə bu bayraqlarındakı qırmızı dairədir. Çünki, dünyanın ən kasıb və ən sıx insan yaşayan ölkələrindən biri olan Banqladeşdə həyat heç asan deyil. “The Economist”in açıqladığı məlumata görə, paytaxt Dəkkə “dünyanın ən yaşanılası şəhərləri” siyahısında sondan 3-cü sıradadır. Beynəlxalq Valyuta Fondunun (İMF) 2018-ci ili əhatə edən hesabatlarının birində Banqladeş insan başına 1745 dollar illik gəlirlə müvafiq siyahıda 143-cü idi. Bir günə 3 dollar qazananların varlı sayıldığı ölkədir Banqladeş... Buna baxmayaraq, burda həyat bahalıdır. Maraqlı təzaddır ki, “dünyanın ən kasıb ölkələri” sırasında adı olan Banqladeş son 10 ildə “iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr” siyahısında ilk 10-luqda yer alır. Amma kapitalizmin özünəməxsus qaydaları çərçivəsində bir nüans var: ölkə iqtisadiyyatının böyüməsi orda yaşayan insanların varlanması anlamına gəlmir. Gəlirlərin bölünməsindəki ədalətsizlik bu cür ölkələrdə kasıbların daha da kasıblamasına, varlıların daha da varlanmasına səbəb olur. Varlılar isə ölkə əhalisinin, cəmi, 4-5%-ni təşkil edir. 1971-ci ilədək Banqladeş Pakistanın bir əyaləti idi. 1971-ci ildə qanlı bir savaş sonunda müstəqilliyini qazandı. Quruluşundan bu yana Banqladeşdə 3 baş nazir olub, onun ikisi qadındı. İndiki baş nazir, ölkəni quran, sonradan üsyan sonucunda öldürülən Mucibur Rəhmanın qızı Şeyx Hasina Veciddir.

Bahadur Seyidov / Demedia.az