"Ukrayna Kremlin istəyini qursağında qoydu" - Natiq Cəfərli



 17:03 06.01.2023     588

Rusiyanın Ukraynaya təcavüzü, müharibə: Başa vurduğumuz il bütün dünya üçün əsas müzakirə mövzusu Rusiyanın Ukraynaya təcavücü, 21-ci əsrdə vəhşi işğal cəhdi oldu. Çox güman, 2023-cü ildə də bu məsələ yenə dünyanın əsas gündəmi olacaq. Diqqətli oxucular yəqin ki, xatırlayar, müharibə başlayandan 7 gün sonra, martın əvvəlində yazmışdım ki, bu savaş “pat” vəziyyəti yaradacaq – Rusiya müharibəni uda, amma Ukrayna da qalib gələ, işğala birdəfəlik son qoya bilməyəcək.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, açığı, indi də eyni düşüncədəyəm:

"Ukrayna xalqı, ordusu böyük qəhramanlıq göstərərək Kremlin tez qalibiyyətə köklənən müharibə istəyini qursağında qoydu, fevraldan bəri Moskvanın işğal etdiyi xeyli əraziləri qaytara bildi, amma müharibə artıq dalana dirənir, “pat” vəziyyəti oturuşur. Aydın məsələdir ki, Kreml hədəflərinə çatmadı-çatmayacaq, amma Ukrayna da 2023-cü ildə müharibəni tam qələbə ilə başa çatdıra, Krım daxil bütün işğal altında olan ərazilərini düşməndən təmizləyə bilməyəcək. Mümkün ssenarilərdən biri odur ki, qış aylarında Kreml bacardıqca böyük vəhşilik hesabına cəbhədə müəyyən üstünlük qazanmağa çalışacaq, nəticə etibari ilə yaz aylarının sonu, yaya yaxın tam sabitləşmiş cəbhə xətti yaranacaq ki, bu da müxtəlif ölkələrin, əsas da Türkiyənin iştirakı ilə yeni danışıqlar masasının qurulmasına səbəb olacaq. Çox güman, yeni, məsələn, ATƏT-in İstanbul (başqa şəhər də ola bilər) Qrupu kimi bir format düşünüləcək və atəşkəs imzalanacaq, bundan sonra illərlə davam edən danışıqlar sürəci başlaya, bu illər ərzində Rusiyanın iqtisadi çöküşünə yönəlik addımlar güclənə bilər. Problem odur ki, Rusiyada Putin getsə belə onun yerinə gələn kim olursa-olsun, Krım, Donbasın ruslar yaşayan əraziləri məsələsində güzəştə getməyəcək, çünki əhalinin özü elə “putinləşmiş” toplumdur. Bir sözlə, 2023-də müharibə tam bitməsə də, “dondurula” bilər.

Azərbaycan: Məmləkət ciddi institutsional və sistem dəyişikliyinə “hamilədir”, ölkə qarşısında duran çağırışlar və problemlər kadr dəyişiklikləri ilə həll edilə bilməz, ona görə də, 2023-də ölkədə növbəti Konstitusiya dəyişiklikləri referendumu olacaq (olmalıdır) – bu addım bir çox problemlərin həllinə qapı açacaq (açmalıdır).

Bu ili məmləkət yenə neft-qaza görə yaxşı nəticələrlə başa vurdu, doğrudur, ilin sözü “inflyasiya”, qiymət artımı olsa da, ciddi makroiqtisadi problemlər yaşanmadı, amma bu hökumətin yaxşı işləməsinə görə deyil də, “əlahəzrət neftə” görə, enerji daşıyıcılarının qiymətinin yüksək olmasına görə baş verdi – tədiyyə balansda, ticarət balansda yüksək müsbət göstəricilər qeyd olundu.

Azərbaycan-Ermənistan sülh danışıqları: Bu il çox böyük gözləntilər və şans olsa da, təəssüf ki, Rusiyanın tutumu və Ermənistanın “cığallığına” görə böyük sülh müqaviləsi imzalanmadı, halbuki, bunun üçün yaxşı təməl var idi, sadəcə Kreml bu məsələnin kökündən həllini istəmir, buna mane olur deyə sənədlər imzalanmadı. İndiki durumda görünən odur ki, həm Moskva, həm də Brüssel formatı dalana dirənib, irəliləmək mümkün deyil, mənim fikrimcə bu iki formatı əvəzləyə biləcək yeganə danışıq meydançası “Vaşinqton treki” ola bilər – Ağ Ev bu məsələyə ciddi yanaşaraq hər iki tərəflə razılıq əldə edə bilsə, çox güman, İlham Əliyevlə Paşinyanın Vaşinqtonda görüşü baş tuta, ciddi anlaşmalar imzalana bilər - nə vaxt rəsmi xəbər yayılsa ki, Azərbaycan Prezidenti və Ermənistanın Baş Naziri Vaşinqtona səfərə gedir, bilin ki, artıq ciddi bir sənəd imzalanacaq.

Sülh danışıqlarının ciddi nəticələnməsi üçün də məmləkətimizdə Konstitusiya dəyişiklikləri, referendum mütləq şərtlərdən biridir - 44 günlük Vətən Savaşının hərbi nəticələrini Ana Yasamızda əks etdirmək, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının haqq və azadlıqlarının genişləndirilməsi, yerli özünüidarə, Mer institutu, Naxçıvanın statusunun ləğvi, hakimiyyətin qolları arasında və qolların öz daxilində səlahiyyət və məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi və digər təməl məsələlər üçün yeni mətn olmazsa-olmazdır...".

Xəyalə Məmmədova / Demedia.az