Türkiyə-Ermənistan münasibətləri belə davam edərsə... - Politoloq açıqladı

 15:03 09.01.2023     458

Yanvarın 10-dan etibarən Türkiyə və Ermənistan arasında hava yolu ilə karqo ticarəti başlayır. Bu, iki ölkə liderlərinin xüsusi təmsilçilərinin danışıqlarında əldə olunmuş razılaşmalardan biridir.

Demedia.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.

O bildirib ki, növbəti addım Türkiyə-Ermənistan sərhədinin ilk mərhələdə üçüncü ölkələrin vətəndaşları üçün açılmasıdır:

"Lakin İğdırdakı Əlican sərhəd-buraxılış məntəqəsi ərazisindəki körpünün təmirə ehtiyacı olduğundan bu proses bir qədər vaxt aparacaq.

Göründüyü kimi, Türkiyə-Ermənistan əməkdaşlığının bərpası istiqamətində real addımlar atılır və bu məsələdə Ankara ilə Bakı arasında tam sinxronluq yoxdur. (Azərbaycan-Ermənistan sülh və əməkdaşlıq prosesi gecikir.) Türkiyə Azərbaycanın mövqeyini hər zaman nəzərə alsa da, öz siyasətini sonsuzluğa qədər Bakının iradəsindən asılı duruma salmaq istəməz. Ankarada həm rəsmi, həm də müxalif çevrələr görürlər ki, Azərbaycan və Ermənistan arasında anlaşılmazlıqlar asan və qısa müddətdə çözüləcək bir məsələ deyil, eyni zamanda, tərəflər Moskvanın düşmənçiliyi uzatmağa yönəlmiş provokasiyalarına çox açıqdır. Belə olan halda Türkiyədən oturub, gözləməsini ummaq və tələb etmək bizim tərəfimizdən doğru və haqlı davranış olmaz.

Burada vacib detallardan biri də budur ki, Türkiyədə siyasi dəyişiklik baş verərsə və yeni gələn hökumət Ermənistanla başlayan əməkdaşlığı inkişaf etdirərsə, Azərbaycan dövləti və xalqının narazılığına əsas olmayacaq, çünki söhbət prezident Ərdoğan dövründə əsası qoyulmuş siyasətdən gedir. (Bizdəki bəzi qafillərin Türkiyə müxalifətinə də "ermənipərəst" damğası vurmağa və Xorasan türkməni Kılıçdaroğlunu erməni çıxartmağa çalışdıqlarını görürəm.)

Qarabağda Ruben Vardanyan ətrafında aparılan təmərküzləşmə və onun Rusiyanın faktiki nəzarətindəki ərazidə tək adam rejimi qurması da diqqətdən kənarda qalmamalıdır. Yerli ermənilər arasında nüfuza malik olan Vitali Balasanyanın uzaqlaşdırılması bu prosesin tərkib hissəsidir. Rusiyanın məqsədi Vardanyan kimi qəbulolunmaz yad elementi önə çıxarmaqla Bakı ilə Qarabağ erməniləri arasındakı mümkün dialoq kanallarını məhv etməkdən ibarətdir. Balasanyan sırf hüquqi baxımdan - Azərbaycan qanunvericiliyi nöqteyi-nəzərindən cinayətkar olsa da, azərbaycanlılarla ünsiyyət, hətta dostluq təcrübəsi yaşamış, dilimizi bilən, qeyri-rəsmi səviyyədə dialoq qurula biləcək Qarabağ ermənilərindən biri idi. Onu kənarlaşdırmaqla Moskva Bakını Vardanyanla üz-üzə qoyur, belə vəziyyətdə isə dialoqun baş tutması qeyri-mümkün görünür.

Laçın dəhlizində davam edən aksiya da Moskvanı narahat etmir, çünki konfrontasiya və düşmənçiliyin davam etməsi görüntüsü yaradır ki, bu da dünyanın gözündə Rusiyanın Qarabağdakı mövcudiyyətini daha önəmli hala gətirir".

Xəyalə Məmmədova / Demedia.az