Sahibkarlar üçün ciddi problem... - İqtisadçı açıqladı

 20:04 09.01.2023     344

2015-ci ildə devalivasiya olanda ciddi təsirlənmiş kiçik sahibkarların boğulmaması üçün vergi qanunvericiliyində bir dəyişiklik edilmişdi. Belə ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verən illik dövriyyə məbləği 120 000 manatdan 200 000 manata qədər artırılmışdı.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

O bildirib ki, vaxtilə 5 manata satılan məhsul bu gün 10 manata çatıb:

"Bu da sahibkarın dövriyyəsini avtomatik olaraq nominal şəkildə 2 dəfə artırır. Amma hələ də sadələşdirilmiş vergi ödəyiciləri üçün 200 000 manatlıq limit dəyişmir. Bu sahibkarlar üçün ciddi problem yaradır. Çünki, məbləğ 200 000 manat təyin ediləndə məqsəd kiçik sahibkarlığın ƏDV-dən azad edilərək onların dəstələməsi, fəaliyyətin stimullaşdırması idi. Amma 2015-ci ildən bəri hər il yüksələn infilyasiya, artan qiymətlər 8 ildə nominal dövriyyəni artıraraq 200 000 manatlıq limiti əslində 100 000 manatlıq effektiv həddə salıb.

Hətta cərimələr belə 500%-ə qədər artıb. Əvvəl çek təqdim etməyəndə sahibkar birinci dəfə 400, sonra 800, daha sonra 1200 manat cərimə edilirdi. Amma indi bu cərimə məbləği analoji olaraq 1000 manat, 3000 manat və 6000 manata çatdırılıb.

Odur ki, 200 000 manat məbləğin 500 000 manata qaldırılmasına ehtiyac vardır. Onsuz da müəyyən sahibkarlar bu limiti keçməmək üçün - ƏDV ödəyicisi olmamaq üçün 1001 yolla yayınmağa çalışırlar. Nəticə də onsuz da vergidən yayınma baş verir. Ona görə də yaxşı olardı ki, bu məbləğə yenidən baxılsın və eyni zamanda diferensiallıq tətbiq edilsin. Odur ki, təklif edirik ki, sadələşdirilmiş vergi mexanizmi 500 000 manata qədər olan dövriyyədən 2%, 500 min - 800 min manat intervalında olan hissə üçün 3%, 800 mindən 1 milyon manat qədər olan dövriyyədən isə 4% müəyyən edilsin. Bu variantı ən yaxşı variant hesab edirik. Amma ən pis halda isə 2015-ci ildən 2023-cü ilin əvvəlinə qədər olan 8 illik dövr ərzində indilyasiya səviyyəsinə uyğun indeksasiya edilməsi mütləqdir. Hətta sadələşdirilmiş vergi siyasətinin davamlı uğurlu olması üçün qarşıdakı illərdə də hər 3 ildən bir bu məbləğ 3 illik indeksasiya edilməlidir.

Bu zaman kiçik sahibkarlar da rahat işləyər, dövriyyəni gizlətməyə çalışmaz. Nəticədə həm vergi yığımı artar, həm vergi mədəniyyəti. Dövlət də udar, sahibkar da".

Xəyalə Məmmədova / Demedia.az