"Paşinyan bunu etsə Moskva onun işini bitirə bilər" - Elxan Şahinoğlu

 14:02 11.01.2023     360

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın ölkəsindəki hərbi mövcudluğunu təhdid adlandırıb.

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ukraynadakı müharibənin fonunda Qərb ölkələrinin Rusiyaya münasibətinin dəyişdiyini vurğulayan Paşinyan belə şəraitdə Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun Ermənistanın təhlükəsizliyini təmin etmədiyini, əksinə ona təhdid yaratdığını bildirib:

"Paşinyan hakimiyyətdə olduğu dövrdə ziddiyyətli çox açıqlama verib, ancaq Rusiyanın ünvanına hələ beləsini səsləndirməmişdi. Onu bu açıqlamalara son bir neçə il ərzində görüşdüyü Qərb liderləri, diplomatları və kəşfiyyat rəhbərləri həvəsləndirib. Digər səbəb Azərbaycandır.

Paşinyanın məntiqinə görə, Rusiya Ermənistanın düşməni Azərbaycana təzyiqi lazım bilməyibsə, Ermənistanla Qarabağı birləşdirən yolda azərbaycanlı etirazçılara qarşı güc tətbiq etməyibsə, üstəlik Azərbaycanla təmas xəttindəki döyüşlərdə Ermənistanı dəstəkləməyibsə, demək İrəvanın belə bir müttəfiqə ehtiyacı yoxdur. Ancaq Paşinyan daha da irəli gedərək “Rusiyanın Ermənistanda hərbi bazasına ehtiyac yoxdur” fikrini təlqin etməyə başlayıbsa, bu Kremldə İrəvanın Rusiya ilə münasibətlərdə qırmızı çizgini aşması kimi dəyərləndirəcək. Paşinyan hakimiyyətdə olduğu müddətdə Ermənistanı həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxararsa, həm də Rusiyanın hərbi bazasını ləğv edərsə, bunun Cənubi Qafqaza faydası olacaq. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa alternativi qalmayacaq. Paşinyanın bunları etmək üçün zamanı azdır, o Rusiya ilə ipləri qoparmaq planını işə salana kimi Moskva onun işini bitirə bilər".

Xəyalə Məmmədova / Demedia.az