Solovyov və dəstəsi indi Priqojinə cavab verəcək ya yox?



 18:00 11.01.2023     551

Rusiya kanalları 2 gündür qırmızı-qırmızı yalan danışırlar ki, Ukrayna ordusu Soledar və Baxmutdan qaçır, onları kütləvi məhv edirlər, dezertirlər artır, əsir düşənlər çoxalır, hətta Kremlin “bülbülü” Solovyov bununla bağlı geniş reportaj da çəkib-yaymışdı. Dünən isə Rusiya MN-nin sözcüsü Soledarın nəzarətə götürüldüyünü elan etmişdi.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, bu gün səhər isə Priqojin açıqlama yayıb və deyib ki, Ukrayna ordusu qəhrəmancasına (bu sitatdır, yəni, Ukrayna ordusuna qəhraman demək Rusiya təbliğatına daban-dabana ziddir) vuruşur, Soledar alınmayıb, heç bir dezertirlik yoxdur:

"Mesajın sonunda bir daha Ukrayna ordusu haqqında, “onlar öz mövqelərini şərəflə müdafiə edirlər”, sözlərinə yer verib.

Maraqlıdır, Solovyov və dəstəsi indi Priqojinə cavab verəcək ya yox?! Rusiyada indiyədək görünməyən vəziyyət yaranıb – Bir neçə şəxslərə bağlı ordu birlikləri var, bir tək Priqojin və ona bağlı “Vaqner” deyil, həm Kadırovun, həm də bəzi başqa oliqarx və qubernatorların şəxsən özlərinə bağlı orduları, silahlı gücləri var, bu isə Rusiya üçün heç də yaxşı deyil, istənilən an o silahlı güclər öz ağalarının sözünü Rusiya Müdafiə Nazirliyinin əmrlərindən üstün tuta bilərlər.

Yəni, bir müddət sonra Rusiyanın öz “surəthüseynovları” yarana bilər...".

Xəyalə Məmmədova / Demedia.az