Bundan istifadə edib informasiya müharibəsində qələbə qazana bilərik - Natiq Cəfərli



 16:08 13.01.2023     451

Azərbaycan 44 günlük Vətən Savaşında informasiya cəbhəsində də uğurlu oldu, səbəbi o idi ki, haqlı idik, hüquq bizim tərəfdə idi, ona görə də həm dünya mediasını, həm nüfuzlu beynəlxalq təşkilatları ölkə dəvət etdik, onlar da obyektiv informasiya yayaraq haqlı mövqeyimizi Dünyaya çatdırdılar.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Prezidentin çoxsaylı müsahibələri, dünyaya açıq olması da 44 gün boyu Azərbaycanın haqlı mövqeyinin dünyaya doğru izah edilməsində də müsbət rol oynadı:

"Amma 2022-ci ildə Azərbaycan hökuməti bu məsələlərdə də köhnə "ayarlarına" geri döndü, dünya ilə kommunikasiya siyasətini əvvəlki illərdə olduğu vəziyyətə qaytardı - nəticədə sentyabr hadisələrində, indiki Laçın yolunda baş tutan aksiyada haqlı olduğumuza, hüquqi olaraq doğru davranmağımıza baxmayaraq informasiya müharibəsində "sinifdə qaldıq.

Azərbaycan hökuməti əlimizdə bütün "uduş kartları" olmasına baxmayaraq təqdimatı qura bilmədi, nəticədə haqlı olduğumuz halda haqsız duruma düşmək üzrəyik.

Qərbin iki düşməni - Rusiya və İran Ermənistanın yanındadı, Rusiyadan tam asılı olan, hətta Moskvaya qarşı Qərb sanksiyalarını dəlməyə imkan yaradan, İranla hərbi-iqtisadi münasibət quran Ermənistan, amma Qərbdən müəyyən dəstək görən də məhz yenə İrəvandır. Yəni, indi elə bir gözəl geo-siyasi vəziyyət yaranıb ki, Azərbaycan bundan istifadə edib informasiya müharibəsində tam qələbə qazana, Ermənistanı darmadağın edə bilər - Rusiyanın Ukraynaya vəhşi təcavüzü bunun üçün gözəl şərait yaradıb. Necə ola bilər ki, Dünya Ukraynanın Krım, Donbas, Xerson, Zaparojye bölgəsində olanları HAQLI olaraq işğal sayır, amma EYNİ vəziyyətdə olan Xankəndi məsələsində FƏRQLİ yanaşmağa çalışır?! Bu ermənipərəstlik zad deyil, bu bizim təbliğatın axsaması, daxili siyasətdə atılan mənasız sərtləşmənin nəticəsidir. Siyasi həbslərin yenidən baş verməsi, məzmunsuz və məntiqsiz Partiyalar və Media haqqında qanunların qəbulu - bütün bunlar da Qarabağ məsələsində TAM haqlı və hüquqi olaraq üstün olan durumumuzu zəiflədir - bunun günahı isə yalnız özümüzdədir...".

Xəyalə Məmmədova / Demedia.az