Zakir Həsənovun “Hazır ol” əmri... - Siyasi şərhçi



 15:05 17.01.2023     484

Zakir Həsənovun “Hazır ol” əmri ordunun daim tətikdə dayanması baxımından təbiidir, lakin indi sərhəddə və Qarabağda mümkün təxribatların olması fonunda daha çox aktuallıq qazanır.

Demedia.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, Ermənistan sərhəddə eskalasiya ilə razılaşmaları sıfırlamaqda, danışıqların yeni şərtlərini formalaşdırmaqda maraqlı tərəfdir:

"İstisna deyil ki, İrəvan sərhəddə “itirdiyini” hesab etdiyi hansısa mövqeyi ələ keçirmək, bununla delimitasiya məsələsində əlini gücləndirmək istəyə bilər.

Laçın yolundakı aksiyanın davam etməsi fonunda erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələsi daha da aktuallaşır və separatçılar da, ruslar da, erməni diasporu/lobbisi və onların müdafiəçisi olan ölkələr də belə bir perspektivdə maraqlı deyil: erməni əhalisinin Bakıya düşmənçiliyinin körüklənməsi və mümkün təmasların sıradan çıxarılması məqsədilə Qarabağda təxribatlar törədə bilərlər.

Azərbaycan hər iki istiqamətdə mümkün ssenariyə hazır olmalıdır. Belə hazırlıq təkcə hərbi yox, diplomatik və informasiya müstəvisində də nəzərə alınmalıdır".

Xəyalə Məmmədova / Demedia.az