Paris-Bakı əlaqələri necə düzələ bilər? - ŞƏRTLƏR



 19:32 17.01.2023     1868

Bakı ilə Paris arasındakı gərgin münasibətlərə rəğmən, yenə də gözləntilər var ki, Fransa qərəzli platformadan sürüşərək, ən azından, bitərəf mövqeyə gələcək.

Demedia.az xəbər verir ki, bunu politoloq Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, Fransa ziyanvericilik missiyasını sonlandırıb sülh prosesini irəliyə aparmaq istəyirsə, Bakı buna etiraz edən deyil:

"O şərtlə ki, Paris üzdə bir, arxada fərqli davranıb danışıqların ruhunu dağıtmasın. Ancaq Fransa danışıqların bitərəf təşəbbüskarı olmaq niyyətindədirsə, onda bir neçə mərhələni adlamalıdır.

Fransa strateji maraqlarını nəzərdən keçirərək Azərbaycanı itirməyin ona verə biləcəyi zərərlər haqqındakı suala cavab tapmağı bacarmalıdır. Çünki Azərbaycan bölgədəki reallıqlara təsir etmək və onu dəyişdirmək potensialını qoruyub-saxlayır. Cənubi Qafqazdakı təhlükəsizlik modelinin dayanıqlılığı Avroatlantik məkana da müsbət təsir göstərir.

Azərbaycan Avropanın enerji xəritəsinin çəkilməsində pay sahibidir və energetika sahəsindəki göstəricilərini artırır. Bu, Azərbaycanın geoiqtisadi və geostrateji payını çoxaldan amillərdən biridir və məntiqlə Bakı Avropa İttifaqının gündəliyində mühüm tərəfdaşa çevrilir. Düzdür, Fransa enerji idxalatında Azərbaycandan asılı deyil, ancaq Paris Avropa İttifaqının gələcəyini düşünməlidir.

Fransa bu işə töhfə vermək qabiliyyətini göstərməlidir, çünki Azərbaycan “yaşıl” enerji sektorunda da ixraca hazırlaşır və bu, Avropanın enerji konsepsiyasının yeni fəsli deməkdir.

Azərbaycan Fransanın bəzi davranışlarını başa düşür. Məsələn, Azərbaycan rəsmi Parisin ölkədəki güclü erməni diasporunu sakitləşdirmək üçün Ermənistanın xeyrinə mesajlar verməsini anlayır. Ancaq Fransa milli-strateji maraqları erməni icması üzərində qurmaqdan uzaqda dayanmalıdır".

Xəyalə Məmmədova / Demedia.az