Rayondan Bakıya gələnlərin bakılı olanlara müqayisədə uğuru daha yüksəkdir - Politoloq



 18:00 18.01.2023     438

Bakının bu günə düşməsinin səbəbi rayondan gələn bəzi vətəndaşlarımızdır ya yox məsələsi yaxşı təhlil olunmalıdır. Bakının əsas problemləri arasında iyrənc və qaydalara zidd şəhərləşmə, aşırı əhali sıxlığı, ekoloji və vizual kirlilikdir.

Demedia.az xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, səbəbləri sadəcə rayondan gələn bəzi vətəndaşların şəhərçilik qaydalarını pozması deyil təbii ki, hətta ilk sıralarda belə deyil:

"Əvvəlcə onu qeyd edək ki bölgələrdə həyat və iqtisadi inkişaf sönük olduğuna görə belə hal yaşanır. Əhalinin köçü Bakıya davam edir və edəcəkdir. Şəhərə uyğunlaşması da getdikçə daha da imkansız hala gələcək çünki şəhərçilik (urbanizasiya) dağılmış/dağıdılmış bir vəziyyətdədir, yəni görüb götürəcəyi bir şey qalmayıb.

Ümumi olaraq götürdükdə, rayondan Bakıya gələnlərin Bakılı olanlara müqayisədə uğur indeksi daha yüksəkdir. Belə ki Bakılı oğlan atasının evində yaşadığı halda, rayonlu balası konfort zonasında deyildir və əlləşib-vuruşub özünə ev də alır, ikincisini də. yerində sayan Bakılılar isə bunu şüuraltı xoş qarşılamaz və problem səbəbini ümumiləşdirmədə axtarar.

Xalq olaraq ümumiyyətlə kollektiv yaşama şüurumuz az olduğuna görə, urbanizasiya mədəniyyəti də bizdə aşağıdır. SSRİ illərində güclü partiya nəzarəti qismən də olsa urbanizasiyaya müsbət təsir göstərirdi. Deməli güclü bürokratik nəzarət olmayandan sonra, vətəndaşlarımız nəinki qanunsuz və standartlara zidd tikililərə etiraz etmir, hətta onlarda yaşamağı normal bilir.

Təhsil problemi də öz növbəsində insanımızın sivilləşməsinə mənfi təsir göstərir. Mədəni davranış qaydaları problemi da var. Məsələn bizimkilər nəzakət cəhətiylə ruslardan daha mədəni olsalar da, qərbi avropalılardan bu məsələdə geri qalırlar".

Xəyalə Məmmədova / Demedia.az