Böyrək və sidik kisəsinin təmizlənməsi, bərpası  - Araşdırma



 20:33 23.01.2023     10834

Hər gün orqanizmdə 3-5 litr qan dövr edir. Onun filtrlənməsinə böyrəklər cavabdehdir. Qanın təmizlənməsi və zərərli maddələrin qandan atılması böyrəklərin işidir. Buna görə də, rasionumuza elə qidalar daxil etməliyik ki, vacib orqanımızı dəstəkləyə bilək. Həmçinin, böyrəklərin sağlamlığını qoruyan, onun işinə kömək edən qidalar da rasionumuzun bir hissəsi olmalıdır. 

Hansı qidalar böyrəklər üçün faydalıdır? 

Siyahının “lider”ləri göyərtilər, meyvə və tərəvəzlərdir.  Onların mineral və vitaminlərlə zəngin olmasını bildiyimizə görə, bu hal təəccüb doğurmur.  Üstəlik, əksəriyyəti sidikqovucu xüsusiyyətə malikdir və sidik yollarını təmizləməyə qadirdir.  Böyrək üçün ən faydalı göyərti cəfəri və kərəvizdir. Onlar böyrəkdə və sidik yollarında yaranmış daşı əridən efir yağı ilə zəngindir. 

Tərəvəzlərdən isə ən faydalıları yerkökü, bolqar bibəridir ki, bu xüsusiliyi onlar malik olduqları bol A vitamini sayəsində qazanıblar. Ayaqlardakı şişkinlikdən yaxa qurtarmaq və  artıq mayenin orqanizmdən sürətlə xaric  edilməsinə nail olmaq istəyənlər isə bacardıqca çox balqabaq və qarpız yeməlidir. 

Alma da “böyrək dostu” sayılır. Çünki alma böyrək hüceyrələrinin məhvinin qarşısını alan antioksidantlarla zəngindir.  Böyrəyə dəstək olmaq üçün meyvələri təzə-təzə, yaxud püre halında yemək olar. İtburnu da böyrəyə faydalıdır. C vitamini ilə zəngin olan itburnu infeksiyalarla mübarizə aparmaqda böyrəyə və sidik yollarına kömək edir. 

Zülalla zəngin yeməklər böyrəyi gücə salır. Ona görə də, çalışın ki, bu cür qidaları ölçülü şəkildə qəbul edəsiniz.  Zülallı qidalardan tamamilə imtina etməyi isə ağlınıza da gətirməyin. Çünki zülal orqanizmdə, bir növ, “tikinti materialı” rolunu oynayır. Məsələn; balığı qızartma yox, buğda, yaxud sobada bişirin və bu zaman ona acılı, duzlu ədviyyatlar vurmaqdan çəkinin. 

Böyrəklərin sağlamlığını dəstəkləmək üçün orqanizmin maye balansının da qeydinə qalmaq lazımdır. Konkret olaraq, “filan qədər su içilməlidir” demirəm, çünki hər orqanizmin özünəməxsus maye balansı var. Orta ölçüdə desəm, orqanizmin hər 1 kilosu gün ərzində 30 ml su tələb edir.

Böyrəyin bərpasına kömək edən qidalar. 

Böyrəklər dayanmadan işləyir: qanımızı təmizləyir, sidik ifraz edir və s. Amma bir məsələni etiraf etməliyik ki, narahatlıqlar başlamasa, kimsə böyrəyin sağlamlığı haqda düşünmür. Ən sadə 3 məqamı qeyd etmək istəyirəm ki, böyrəyin sağlamlığına faydalıdır. 
Alkoqol qəbulundan imtina etmək; 
Lazımi qədər su içmək; 
Faydalı qidaları rasiona əlavə etmək; 

Bu 3 sadə addımla böyrəyin uzun müddət sağlam fəaliyyət göstərməsinə nail olmaq mümkündür. Bir məsələ də var ki, heç kim böyrəkdə hər hansı problemin baş qaldırmayacağına zəmanət verə bilməz. Xalq təbabəti bu zaman yada düşür. 
“Böyrək çayı”nın qəbulu. Bu çay böyrəyə faydalı olan bitkilərin qarışımından ibarətdir.  Bura tozağacı, ayıqulağı, gicitkən daxildir. Bu bitkilər böyrəyin təmizlənməsinə  və işinin asanlaşmasına xidmət edir. 
İtburnu çayı C vitamini ilə zəngindir və sidik yollarındakı istənilən infeksiyaya qarşı savaşa bilir.  Yumurta, süd və bal ilə hazırlanan “yumurtalı qarışım” da böyrəklər üçün faydalıdır. Düzdür, indi heç kim qayğanağı bu cür yemir, amma “dərman acı olur” sözünü unutmamalıyıq.  Böyrəkləri zərərli maddələrdən təmizləmək üçün “may atpıtrağı” şirəsi də köməyə çatır. 

Bayaq da qeyd etdiyim kimi, alkoqol qəbulu böyrəklərin sağlamlığı üçün təhlükəlidir. Etil spirti orqanı zədələyir və funksiyasına mənfi təsir edir. Bu da böyrəkdə iltihablanmaya səbəb olur. Nəticədə isə, xroniki böyrək çatışmazlığı yaranır.  Xəstəlik böyrəyin iş qabiliyyətinin aşağı düşməsi, qanda toksin miqdarının artması ilə xarakterizə olunur. Amma vəziyyət kəskinləşmədən böyrəyi bərpa etmək mümkündür. Bunun üçün rasiona soğan, yerkökü, balqabaq, alma, qarpız və balıq daxil etmək lazımdır. 

Böyrəyi təmizləyən qidalar. 

Bir çox qidaların qəbulu böyrəkləri toksinlərdən təmizləyir və daş əmələ gəlməsinin qarşısını alır.  Həmin qidaların köməyilə 1 sm həcmində olan daşlar və qumlar asanca orqanizmdən xaric olunur. Əvvəlcə, ultrasəs müayinəsindən keçərək böyrəyin vəziyyəti ilə tanış olmaq lazımdır. Daşın həcminə görə qərar verilməlidir ki, evdə bu daşı salmaq olar, yoxsa mütəxəssis müdaxiləsi mütləqdir? Xırda daşların salınması üçün “isti vanna” üsulu da köməyə çatır.

Böyrəyin təmizlənməsi üçün aşağıdakı üsullar mövcuddur: 
Həftə içində bolluca qarpız yemək. Xüsusilə, yay aylarında qarpız yemək böyrəkdəki çöküntüləri təmizləyir. 
1-2 həftə ərzində hər gün təzə xiyar yemək. Unutmayın, təzə xiyar, turşusu deyil. 
1 ay boyunca sidikqovucu xüsusiyyətə malik giləmeyvələr yemək. Mütəmadi olaraq, mərcanı və mərcangilə yeyənlərin böyrəyi təmiz olur. Amma bir daha vurğulayıram ki, daşın həcmi böyükdürsə bu üsullardan qabaq həkimə müraciət edin. 
Çiyələk şirəsi. Hər gün yeməkdən əvvəl yarım stəkan çiyələk şirəsi içmək böyrəyi təmizləyir. 
Balqabaq və yerkökü şirələri, nəinki, böyrəyin, bütün orqanizmin sağlamlığının qeydinə qalır. 1-2 ay müddətində, hər gün yeməkdən   30 dəq əvvəl təzə çəkilmiş balqabaq, yaxud yerkökü şirəsi, zövqə görə, ikisinin birlikdə çəkilmiş şirəsi  böyrəkləri təmizləyir. 
Qara turpun özünü təzə-təzə yemək də olar,  şirəsini içmək də. Böyrəkdəki qumların orqanizmdən xaric edilməsi zamanı qara turp çox əhəmiyyətlidir.  Müsbət nəticə əldə etməkçün 1 ay ərzində hər gün qara turp şirəsi içmək tövsiyə edilir. 
 2-3 dəfnə yarpağını 1 stəkan qaynar suya əlavə edin. Bu içkini müəyyən müddət ərzində içmək lazımdır. 3 gün ard-arda için, sonra 2 həftə fasilə verin, təkrar 3 gün için. 
1 çay qaşığı cökə çiçəyi,  1 çay qaşığı dazı qurusu, 1 çay qaşığı böyürtkən yarpağı qurusu, 3-4 ədəd limon tumu götürün.  Qarışdırın və 500 ml qaynar suya əlavə edin. 30 dəq dəmlənməsini gözləyin. Alınan qarışımı 1 gün ərzində içmək lazımdır. 
Limon, cəfəri və bal qarışımı da böyrəyin təmizlənməsinə kömək edir. 2 limonu xırdalayın, 1 dəstə cəfərini doğrayın. 2 xörək qaşığı balı, limonu və cəfərini yaxşıca qarışdırın. Alınan qarışımdan hər səhər acqarına 1 xörək qaşığı yeyin. 
Yulafı 1:2 nisbətində təmiz suda isladın. Sonra 40 dəq vam odda bişirin. Soyumağını gözləyin və yeyin. 5 gün ard-arda, hər gün yarım stəkan  bu cür bişmiş yulafdan yeyin. 5 gün fasilə verin və prosesi davam edin.  Qatırquyruğu çayını da bu cür hazırlayın və eyni sxemlə qəbul edin. 
Bəribaşdan qeyd edim ki, böyrəyin təmizlənməsi üçün istifadə edilən bütün məhlullar və qarışımlar sidikqovucudur.  Ona görə də, hansısa üsulu tətbiq etdiyiniz zaman sidiyə tez-tez getməyə hazır olun. 

Böyrəyin işini asanlaşdıran qidalar. 
Böyrəklərimiz qanımızı  zərərli maddələrdən təmizləyir.  Qan analizindən sonra həmişə sidik analizinin aparılmasının səbəbi budur. Sidik analizi böyrəyin işini dəyərləndirmək üçün ən sadə üsuldur. Orqanın işindəki hansısa problem bütün orqanizmə mənfi təsir edir.  Bu səbəbdən də, rasiona böyrəyin işini asanlaşdıran qidalar daxil edilməsi mütləqdir. 
Su. Sutkalıq normanı nəzarətdə saxlamaqla böyrəyin işini yüngülləşdirmək ən asan yoldur. 
Qarpız və yemiş sidikqovucudur. Bu da o deməkdir ki, toksinlər orqanizmdən sürətlə xaric olunur. 
Balqabaq, yerkökü kimi, A vitamini ilə zəngin qidalar  böyrək toxumalarının bərpası üçün lazımdır. 
Təbii şirələr böyrəkdə daş əmələ gəlməsinə mane olur. 
Balıqdakı zülal və  yağlar orqanın gündəlik iş rejimini dəstəkləyir. Sadəcə, çalışın ki, balığı düzgün və faydalı şəkildə bişirəsiniz.  Trans yağlardan isə uzaq durmaq yaxşıdır; onlar böyrəyin işini çətinləşdirir. 

Böyrək və sidik yolları üçün faydalı qidalar. 

Sidik kisəsi sidiyin xaric edilməsində böyrək qədər əhəmiyyətli orqandır. Kisədəki hər hansı problem sidiyə getmədə çətinliklər yaradır. Orqanizmdə yetərli qədər su olmaması, alkoqol qəbulu  sidiyin əmələ gəlməsinə və ixracına mənfi təsir edir.  Bu zaman sidik qatı və daha çirkli olur ki, bu da sidik kisəsinin divarlarını zədələyir, sidiyə getmədə diskomfort hissi yaradır. 
    Sidik kisəsinə faydalı olan qidalar: 
C vitamini mənbəyi itburnu və mərcanı. 
Toksinlərdən və zərərli maddələrdən təmizləyən alma. 
B qrupu ilə zəngin olan buğda kəpəyi. 
Orqanın tonusunu balanslaşdıran çaytikanı. 
Omega-3 turşusu və faydalı yağ mənbəyi balıq, bəzi tumlar. 
Böyrəkdəki yığıntıları xaric edən böyrək çayları. 
Böyrəyin işini asanlaşdıran, sidiyin təmizliyini və normasını təmin edən su içmək vərdişi. 

Səhər açılandan axşamadək sidiyə cavabdeh olan bütün orqanlar dayanmadan işləyir. Onların yalnız gecələr özlərinə ayıracaq az vaxtları olur.  Buna görə də, axşam yatmazdan qabaq ağır içkilər qəbul etməyin ki, onların dincəlməyə və bərpa olunmağa ayırdıqları vaxtı əllərindən almayasınız. 

Böyrək üçün zərərli olan qidalar. 
Böyrəklər yağlı, qızarmış, duzlu, marinə edilmiş, acı, hisə verilmiş yeməkləri sevmir. Fast-food və alkoqol da orqana mənfi təsir edir. Həddən artıq duz qəbulu orqanizmdə su qıtlığı yaradır. Bu da böyrəklərin iş rejimini gərginləşdirir. Səhərlər yuxudan oyananda göz ətrafındakı torbalanmalar gecə boyu böyrəyin gərgin rejimdə işləməsinin və  vəzifəsini tam mənasilə yerinə yetirə bilmədiyinin göstəricisidir.  Yüksək miqdardakı duz  qandakı kaliumu da üstələyir. Kaliumun ürək-damar sisteminin  işini dəstəklədiyini isə artıq bilirik. 
Böyrəkləri  gücə salmamaq üçün zülalla zəngin qidaları az, ölçülü şəkildə qəbul etmək yaxşıdır.  Donuz əti, inək əti və emal edilmiş ət məhsullarının qəbul miqdarını azaltmaqla böyrəklərin qeydinə qala bilərsiniz. 
Monopəhriz, uzunmüddətli pəhriz də böyrəyə mənfi təsir edir. Həmçinin, orqan stressi də sevmir. Alkoqol böyrək hüceyrələrinə xəsarət yetirir. Bu da gələcəkdəki böyrək çatışmazlığına  zəmin yaradır.  Qazlı içkilər, kofe asılılığı da sidik sistemində problemlərə səbəb olur.  Kimyəvi əlavələr qatılan meyvə və tərəvəz şirələri də böyrəklərin “evini yıxır”.  Meyvə -tərəvəzin təbii üsulla yetişənini seçib alın, şirəni də evdə özünüz hazırlayın. 
Əksər dərman preparatları böyrək toxumalarını zədələyir. Antibiotiklər, sakitləşdiricilər və iltihab əleyhinə dərmanlar bu baxımdan siyahıda “lider”dir. 
Böyrək problemi yaşayanlar göbələk yeməkdən çəkinməlidirlər.  Ümumiyyətlə, göbələk orqanizm tərəfindən çətin mənimsənilir.
Gördüyünüz kimi, öz qida vərdişlərinizi azacıq dəyişməklə böyrəklərin sağlamlığına dəstək ola bilərsiniz.

Bahadur Seyidov / Demedia.az