Qulaqlardakı səsdən xilas olmağın yolları - Araşdırma



 21:29 23.01.2023     1202

Bu gün qulaqlardakı səslərdən yaxa qurtarmaq haqqında danışacağam. Qulaqlardakı səslərin bir çox səbəbləri var.  Əksər hallarda, bu səbəblər ətraf mühitlə əlaqəli olur. Məsələn; qəfil atmosfer təzyiqinə məruz qalmaq və ya yüksək səs altında uzun müddət oturmaq.  Bu hallarda, adətən, simptomlar uzun çəkmir və qulaqdakı səslər öz-özünə yoxa çıxır. Əgər patalogiya yoxdursa, ətraf mühitlə əlaqəli səslər o qədər də təhlükəli hesab edilmir.  Amma qulaqlardakı səslər  müxtəif vaxtlarda peyda olursa, insanı gərgin hala gətirirsə bunu hansısa bir xəstəliyin “xəbərçisi” kimi dəyərləndirmək olar. 

Qulaqlardakı səslərin pataloji səbəbləri bunlardır: 
Çiyin nahiyələrindəki əzələlərdə spazmlar; 
Onurğanın distrofik xəstəliyi, məsələn; osteoxondroz; 
Onurğadakı disklərin deformasiyası nəticəsində beyinə gedən damarların sıxılması: bu, başgicəllənmə, başda ağrılarla yanaşı, qulaqlardakı səslərlə də özünü biruzə verir; 
Başa gedən damarlardakı xolesterol yığıntıları: bu zaman beyinə lazımi qədər qidalandırıcı maddə və qan ötürülmür. Nəticədə, qulaqlarda səs, baş ağrıları və gözlərin qaralması kimi hallar müşahidə edilir; 
Uzunmüddətli arterial hipertenziya:  daim yüksək olan təzyiq damar divarlarını zədələyir, beyinə qan axınında problemlər yaradır;
Vegetatiiv damar distoniyası: arteriya və venalarda spazmlarla müşahidə olunur.  Spazmlar isə, öz növbəsində, beyinin düzgün qidalanmamasına və qulaqlarda səs yaranmasına səbəb olur; 
Aortada anevrizma;
Baş beyin qabığında iltihablanma; 
Uzunmüddətli şəkərli diabet; 
Orqanizmdə yetəri qədər vitamin olmamağı; 
Baş beyinin onkoloji xəstəlikləri; 
Yod çatışmazlığı və endokrin sistemindəki problemlər; 
Vestibulyar aparatın zədələnməsi; 
Onurğanın zədələnməsi; 

Adıçəkilən bütün xəstəliklərə olduqca ciddi yanaşmaq,  mütəxəssisə müraciət etmək lazımdır. Əgər uzun müddətdir ki, qulaqlarınızdakı səs öz-özünə qeyb olmur, sizi narahat edir, o zaman həkimə getməyə tələsin.  Səbəbi və qarşısını almaq üsullarını həkim bizdən yaxşı bilir.  Unutmayın ki,  səbəb nə qədər tez tapılsa, uğurlu nəticə də bir o qədər tez əldə edilər. 
Qulaqlardakı səsin daha bir səbəbi isə “qulaq kiri”dir. Yaxud, el arasında deyildiyi kimi, “tıxac”.   Bu zaman sizin üz tutacağınız həkim otolorinqoloqdur.  “Qulaq kiri”ndən xilas olmağın türkəçarə üsulu da vardır. 
Qadınlarda hamiləlikdə oynayan hormonlar da qulaqlarda səs yarada bilir.  Belə bir sindromla rastlaşan hamilə qadın varsa, həmən ginekoloqu ilə məsləhətləşməlidir. Adətən, bu hallarda xüsusi müalicə kursuna ehtiyac duyulmur.  Amma daha ciddi səbəblər varsa,  həkimə getməyi təxirə salmaq olmaz. 

Qulaqlarda və başda səsdən yaxa qurtarmağın Neumıvakin üsulu. 
Tibb professoru, məşhur alim Neumıvakin əmin idi ki, qulaqlarda və başda səs yaranmasının ilkin səbəbi gün ərzində yetəri qədər maye qəbul edilməməsidir.  Yetkin insanların gün ərzində 2 litrdən az olmayaraq su içməsi artıq beynəlxalq normaya çevrilib. Təbii ki, bu rəqəm şərtidir. Çünki maye qəbulu insanın həyat şəraitindən, qidalanmasından, hətta orqanizmin individuallığından da asılıdır. Məsələn; kök insanlar daha çox maye qəbul etməlidir.  Burda “maye” deyərkən təmiz su nəzərdə tutulur: şirələr, kompotlar, alkoqollu, qazlı içkilər və s.  sözün burdakı ehtiva dairəsindən kənarda qalır.  Çünki lazımi qədər qəbul edilməyən su orqanizmin maye balansının pozulmasına səbəb olur.   Bununla yanaşı, yaxşı olar ki, rasiondan şəkər və yağlı qidalar çıxarılsın.  
Qidalanma balanslı şəkildə olmalı, bitki mənşəli vitaminlərin və liflərin qəbuluna nəzarət edilməlidir. Bu, metabolizmanın yaxşılaşmasına, qan dövranının normallaşmasına, baş beyinin yetərincə qidalanmağına xidmət edir.  Fiziki aktivlik, xüsusilə, təmiz havada gəzinti damarlarda qan axınını normaya salır, bütün orqanizmdə hüceyrələrin qidalanmasını təmin edir. Gündəlik gəzinti, ən azı, 30 dəqiqə davam etməlidir.  Boyun nahiyəsində qan dövranını normallaşdırmaq üçün  kontrast duş almaq ən əlçatan vasitədir. Bu zaman isti və soyuq su mərhələli şəkildə açılır və boyun nahiyəsi hər iki halda da suyun masajına məruz qalır.  Masaj demişkən, nahiyəni özünüz də masaj edə bilərsiniz.  Əgər qulaqlardakı səs qan dövranının pisləşməsindən qaynaqlanırsa, bu üsulun effektivliyindən əmin ola bilərsiniz. 
Neumıvakin, həmçinin, məsləhət görür ki,  hidrogen-peroksid məhsulundan istifadəni də sınaqdan çıxarmaq lazımdır.  Stəkanın 1⁄4-i qədər isti su götürün, 10 damcı 3%-li hidrogen-peroksid məhsulu əlavə edin.  İynəsiz şpris ilə mayedən 1 ml götürün, burun dəliyinizə damcıladın. Prosedur vaxtı diskomfort yaşaya bilərsiniz. Amma unutmayın ki, bu narahatlığın ömrü, cəmi, bir neçə saniyədir. Bu üsul gənziyin yaxşı-yaxşı yuyulmasını təmin edir ki, nəticədə  oksigen orqanizmə maneəsiz daxil olur. 1 ml hidrogen-peroksid məhsulu qatılmış suyu qulağa damızdırsanız, sonra qulaq ətrafını yaxşı-yaxşı masaj etsəniz, qulaq kanalınız yuyulacaq, “qulaq kiri” eşiyə çıxacaq. Narahat olmayın, maye qulaqda qalmayacaq, öz-özünə xaric olacaq.

Qulaqlardakı səsdən xilas olmağın ev üsulu: 
Soğan suyu.  İstənilən növ soğan eşitmə orqanımızdakı iltihablanmanı aradan qaldırmağa qadirdir. 
I üsul: tənzifi bir neçə qat edin və soğan suyu ilə isladın. Qulağın üstünə qoyun, üstündən bağlayın və  böyrü üstə uzanın. 3 saatdan sonra proseduru digər qulaqda təkrarlayın. Bir şeyi deyim ki, hər dəfə tənzif yenilənməlidir. 
II üsul: Damcılıq götürün, 3 damcı soğan suyu çəkin və qulağa damızdırın. Bu üsulla eşitmə qabiliyyətini yaxşılaşdırmaq da mümkündür.

Qulaqlardakı səs burun nahiyəsinin soyuqlaması və ya iltihablanması zamanı da meydana çıxa bilir. Sinusitdən yaxa qurtarmaq üçün növbəti resept köməyinizə çatacaq. Yarım çay qaşığı balı və eyni miqdardakı  soğan suyunu yarım stəkan qaynar suya qatın.  Qarışımı 6 saat dəmlənməyə qoyun. Sonra  sutkada 3 dəfə bu qarışımla burnunuzu yuyun. 

Çiyələk. Əgər problem damar tıxanıqlığından qaynaqlanırsa, gecikmədən pis xolesterolun səviyyəsini azaltmaq, damarları təmizləmək üçün işə qoyulmaq lazımdır. Bunun üçün adi çayın, yaxın kofenin ardınca çiyələk çayı hazırlanmalıdır. Dadını gözəlləşdirmək üçün bal əlavə etmək sizin seçiminizdir. Mütəmadi olaraq çiyələk çayının içilməsi qulaqlardakı səsi yox edir və beyinə qan axınını normallaşdırır. 

Adi qıtıqotu. Bu bitki də çiyələk kimi effekt verir. Sadəcə, bu dəfə qıtıqotundan sıyıq hazırlanmalıdır.Əvvəlcə, bitkinin qabığını soyun, suda bir neçə saat saxlayın. Sonra sürtgəcin xırda gözündən keçirin  və  bərabər miqdarda xama ilə  qarışdırın. Bu qarışım istənilən  meyvə-tərəvəz salatına, kartof soyutmasına və digər yeməklərə çox yaraşır. Onu təkcə yeməksə, daha faydalıdır. Yemək vaxtı, cəmi, 1 xörək qaşığı yesəniz, bəs edir. 

Propolis tamponu. Bu  effektiv vasitə xalq təbabətində soyuqdəymə, öskürək zamanı olduqca geniş istifadə olunur.   Sidik yollarının ilthablanması,  mədə ağrıları, qarın ağrıları, müxtəlif dəri problemləri və stomatoloji xəstəliklərin müalicəsində propolis həmişə köməyə çatır.  Qulaqlardakı səsdən yaxa qurtarmaq üçün istifadə edilən birinci propolis üsulu isə belədir: 15 qr propolisi 100 ml spirtə əlavə edin və 1 həftə dəmlənməyini gözləyin.   Elə ki, lazım olan qədər vaxt keçdi, 10 ml məhlul götürün və 40 ml günəbaxan yağı ilə qarışdırın.  Sonra qulağın ölçüsündə  bir neçə dəfə qatlanmış tənzif kəsin, qarışıma batırın və qulağın üstünə qoyun. Qulağın içinə də nazik tampon hazırlayın, onu da qarışıma batırıb qulağın içinə qoyun Yaxşı olar ki, tampon bütün gecəni bu vəziyyətdə qalsın.  Səhər tamponu götürün və bir də növbəti axşam proseduru təkrarlayın.  20 dəfə bu proseduru təkrarladıqdan sonra siz dəyişikliyin fərqinə varacaqsınız: eşitməyiniz yaxşılaşacaq, qulaqlarınızdakı səs mərhələli şəkildə yoxa çıxacaq. İkinci üsul: spirtli propolis məhlulundan 1 xörək qaşığı götürün və 4 xörək qaşığı zeytun yağı ilə qarışdırın.  Prosedur isə  əvvəlki üsulla eynidir. Sadəcə, effektiv nəticə əldə etmək üçün minimum 10 gecə təkrarlanmalıdır. 

Başınağacı üsulu. Ürək-damar sisteminin normallaşması,  vitamin çatışmazlığının aradan qaldırılması üçün əvəzsiz olan başınağacı qulaqlardakı səsin yox olması üçün də faydalıdır. Bunun üçün giləmeyvəni üyüdün və az miqdarda balla qarışdırın.  Tənzifi bu qarışıma batırın və qulağın içinə qoyun.  Vasitənin qulağınızda bütün gecə qalması məsləhətdir. 

Yonca üsulu.  Yonca çiçəyi çayı qulaqlardakı səsi yox etmək üçün ən əlverişli vasitələrdən biridir. Həmçinin, damar tıxanıqlığı və baş ağrıları zamanı da yonca çiçəyi çayı köməyə çatır.  Mütəmadi olaraq yuxudan əvvəl içilən  1 fincan çay  qulaqlarınızdakı səsin yox olmasına kömək edəcək. 

Şüyüd üsulu.  Ev şəraitində şüyüd toxumu ilə vasitə   hazırlamaq olduqca  asandır.  1 stəkan şüyüd toxumunu 2 litr qaynar suya əlavə edin  və 10 saat dəmlənməyə qoyun.  Hər dəfə yeməkdən əvvəl  bu qarışımdan 2 xörək qaşığı qəbul edin.   

Badam yağı üsulu.  Yüksək miqdarda antioksidantla və faydalı maddələrlə zəngin olan  badam yağı  damarlarda iltihablanmanı aradan qaldırır və qan dövranını yaxşılaşdırır.  Resept olduqca asandır.  Səhər və axşam qulağa isidilmiş badam yağı damızdırın. Hər qulağa 2 damcı bəs edir.  

Bitkilərdən hazırlanan qarışım.  Müalicəvi içkini hazırlamaq üçün ameli, yemişan, tarla qatırquyruğu, quşəppəyi qurularını ovxalayın və bir-birinə qatın. Alınan qarışımdan 1 xörək qaşığı götürün və 1 stəkan qaynar suya əlavə edin.  Sonra vam odun üstünə qoyun və qaynara düşən kimi altını keçirin.  Səhər və axşam  yarım stəkan olmaqla için. 

Qaraqovaq üsulu.  Ümumiyyətlə, qaraqovaq bir çox xəstəliklərdə müalicəvi effektə malik olur.  Orqanizmi zərərli maddələrdən və toksinlərdən təmizləyir. Eyni zamanda, qulaqlarda səsdən yaxa qurtarmağa kömək edir.  Qaraqovaq şirəsindən damcılıq vasitəsilə 4 damcı götürün. Hər qulağa 2 damcı damızdırın.  Simptomlar itənədək proseduru hər gün təkrarlayın. 

Ballınanə üsulu.  Ballınanəni qaraçay əvəzinə dəmləyin. Beləcə, siz təkcə qulaqlardakı səsi yox edən vasitə deyil, eyni zamanda,  yuxu rejimi normallaşdıran qarışım da əldə edəcəksiniz.  Yaxşı olar ki, bu qarışımı yuxudan əvvəl içəsiniz. 

Limon üsulu.  Qulaqlarınızdakı səslə birgə eşitmə qabiliyyətinizin zəiflədiyini də hiss edirsinizsə,  limon qabıqlarını atmayın. Onları sürtgəcdən keçirin, azca şəkər tozu qatın və yeyin. 
Başınızda, yaxud qulaqlarınızda qəfildən səslər peyda olubsa,  simptomları diqqətlə izləyin. Ola bilər ki, səslərin qaynağı onurğadakı problemlərdir. Bununla belə, ürək-damar sistemindəki  narahatlıqlar da,  vitamin çatışmazlığı da qulaqlardakı səslərin yaranma səbəbi ola bilər.   Bütün hallarda mütəxəssisə müraciət edin və dəqiq diaqnozun qoyulmasına nail olun.  Yalnız bundan sonra xalq təbabətindən istifadə edərək müalicəyə başlaya bilərsiniz. 

Bahadur Seyidov / Demedia.az