Hər gün 20 badam yesəniz nə olar?



 21:29 25.01.2023     1603

Badam da daxil olmaqla, müntəzəm olaraq ləpə yaxud quru meyvələr yemək insan sağlamlığına və xarici görünüşünə faydalıdır.  

Sağlam qidalanmağa üstünlük verənlər üçün badam  düzgün seçimdir.  Araşdırmalar zamanı məlum olub ki, badam ləpəsi, sadəcə, qanda lipid səviyyəsini normallaşdırmaqla qalmır,  eyni zamanda, diabet xəstələrinin kardiovaskulyar xəstəliklərə tutulma riskini də aşağı salır.  Orqanizmdə yağ səviyyəsini azaldan badam arıqlamağa da kömək edir.  Heyvan mənşəli yağlara alternativ sayılan badam toxluq hissi yaradır ki, bu da çox yeməyimizə mane olur.   Orqanizmə olan  möhtəşəm faydalarını nəzərə alan mütəxəssislər gündə 20 badam yeməyin üstünlüyü  barədə danışmaqdan doymurlar.  Yaxşı olar ki, badamları birdəfəyə  yox, öynə aralarında atışdırasınız. Bir şeyi də unutmayın ki, “Roma bir günə tikilməyib”. Yəni, arzuolunan nəticə həmən əldə edilmir. Səbirli olun, qısa zamanda  badamın vücudunuza olan faydalarını hiss edəcək və görəcəksiniz. 

Mövzu sağlamlığı qorumaqla yanaşı, həm də, gözəl görünməkdirsə, tək çarəsi badamdırmı? Təbii ki, yox!  Bütün quru meyvələr və ləpələr də badam qədər orqanizmə faydalıdır. Orqanizmin nəyə ehtiyacı olduğuna bağlı olaraq, bəzilərini yedikdə faydasını daha tez görürük.  Bəs, digər sağlam çərəzlər hansılardır? 

Kətan toxumu. Beynəlxalq Süd Məhsulları  Araşdırma  İnstitutunun əməkdaşları  kətan toxumlarının insan sağlamlığına faydalarını elmi cəhətdən sübut ediblər.  Kimyəvi tərkibi zəngin olan kətan toxumu eyni anda bir çox orqan və nahiyəmizdə sağlamlaşdırıcı proseslərə start verə bilir. Sirr kətan toxumundakı fitoestrogen adlı təbii hormondadır. Xüsusilə, döş xərçəngi və prostat xərçəngi başda olmaqla, bir çox bədxassəli şişlərə qarşı mübarizə aparır.  Toxumların tərkibindəki lif mədəni örtür və iltihablanmanın qarşısını alır.  1 xörək qaşığı üyüdülmüş kətan toxumu 2 qr-dək Omega-3 yağ turşusuna malikdir. Bu da ürək-damar sisteminin qorunması üçün lazımdır. 
Küncüt toxumu. Avstraliyadakı Griffith Universitetində aparılan araşdırmalara görə,  küncüt toxumlarının kimyəvi tərkibi təzyiqi aşağı salır, infarktın, böyrək çatışmazlığının qarşısını alır. Xolesterol səviyyəsini nizamlayan küncüt toxumunda elə antioksidantlar var ki, başqa heç bir qidada rast gəlinmir. Küncüt toxumu  dəri, saç və dırnaqlar üçün faydalı olan yağla zəngindir.  Əgər küncüt toxumu yesəniz, özünüzü yaxşı hiss edəcək və gözəl görünüşə sahib olacaqsınız. 
Balqabaq tumu.  Damarları genişlədən balqabaq tumu, beləcə, qan dövranını sürətləndirir və  hipertansiyonun qarşısını alır.  Tum bütün bunlara tərkibindəki  bol arginin (L-arginin) sayəsində nail olur.  Kalorili balqabaq tumlarının malik olduğu proteinlər qanda şəkərin səviyyəsini normaya salır. Bundan əlavə, dərinin elastikliyini qorumaq üçün lazım olan A və E vitaminləri ilə də zəngindir.  Bu, balqabaq tumunun kosmetika sənayesinin “gizli silahlarından biri” olmağını izah edir. 
Qoz ləpəsi. Avstraliyadakı La Trobe Universitetindən olan araşdırmaçılar  qoz ləpəsindəki mineralların ürək-damar xəstəliklərinin, həmçinin, koroner ürək xəstəliklərinin  əmələgəlmə riskini azaltdığını açıqlayıblar.  Yaşla əlaqədar meydana çıxan sağlamlıq problemlərinin simptomlarının azalması, kişilərdə prostat xərçəni riskini minimum endirmək də qoz ləpəsinin hünərləri sırasındadır.  Bu hünəri ləpəyə malik olduğu tokoferol adlı kimyəvi maddə qazandırır.  Scranton Universitetində kimya professoru olan Joe Vinson deyir ki, gün ərzində 7 qoz ləpəsi yemək sağlamlığa olduqca faydalıdır.  Çalışın, qoz ləpəsi yeməyi təxirə salmayın. 
Günəbaxan tumu. Əzələ və sümük toxumaları üçün vacib olan kükürdlə zəngindir.   Son illərdə botaniklərin dediyinə görə, günəbaxan tumları antioksidant, iltihab əleyhinə, antimikrob  xüsusiyyətləri sayəsində, bronxlardakı və ağciyərlərdəki iltihablanmanın qarşısını alır. Hər gün 30 qr günəbaxan tumu çırtlamaq  sağlam adətdir. 
Püstə, yaxud Antep fıstığı.  Başqa çərəzlərlə müqayisə edildikdə, püstə daha az yağ və kaloriyə malikdir. Bununla belə, həmcinslərinə nəzərən, püstə doymamış yağ turşuları, kalium və karotenoidlə daha zəngindir. Bu kimyəvi maddələr orqanizmdə antioksidant kimi və iltihab əleyhinə  fəaliyyət göstərir.  Nutrition Science Solutions`dakı mütəxəssislər  əmindir ki, püstə yemək uzunmüddətli toxluq hissi yaradır, beləcə,  insan artıq çəkidən xilas olma yolunda sağlam irəliləyir.  Elmi araşdırmalar onu da aşkarlayıb ki,  faydalarından maksimum dərəcədə yararlanmaq üçün gün ərzində 1-2 ovuc püstə yemək yetərlidir.  
Kaju fıstığı (Braziliya fıstığı).  Dəmirlə zəngindir. Bu sayədə də, anemiyanın qarşısının alınmasında əvəzsizdir. Diabet xəstələrinin qanında şəkərin səviyyəsini nizamlamaq üçün məhz bu fıstıq çox önəmlidir.   Bundan əlavə, malik olduğu fosfor və tiamin enerji səviyyəsini qoruyur.  İş həyatında günlərin daha rahat keçməsinə səbəb olur.  İltihabları önləmək qabiliyyəti ilə immuniteti möhkəmləndirir, qrip kimi mövsümi xəstəliklərə tutulma riskini aşağı salır.  Çəkiyə nəzarət sahəsində mütəxəssis olan Dr. Gardi  deyir ki, gündə 4-5 kaju fıstığı yemək arzuolunan nəticəyə çatmaq üçün yetərlidir. 
Fındıq. Çoxumuzun sevimli çərəzi olan fındığın orqanizmə faydaları haqqında eşidəndə, əminəm ki, sevginiz daha da artacaq. Connecticut Universitetinin Qidalanma Elmləri bölümünün araşdırmaçıları fındıqdakı bol B vitamininin sümüklərin və əzələlərin daha da güclənməsini təmin etdiyini, immun sistemini dəstəklədiyini sübut ediblər.  Fındığın tərkibindəki təbii turşular qanda pis xolesterolun səviyyəsinin çoxalmasına imkan vermir.  Bu da qan dövranının sürətlənməsinə stimul yaradır.  Yekunda, ürək-damar xəstəlikləri riski minimuma enir. Gündə 20 fındıq  yemək məsləhətdir. 
Yerfındığı.  Siyahımızdakı ən populyar çərəzlərdəndir. Zəngin tərkibi səbəbilə sevimli olması heç də təsadüfi sayılmaz. Məsələn; polifenollar hüceyrələrimizi sərbəst radikallardan qoruyur, qocalmanı ləngidir. Linoleik turşular  isə xolesterol səviyyəsini aşağı salır, toxumaların sərtləşməsinin qarşısını alır. Yerfındığının faydalarını daha çox görmək istəyirsinizsə, onu rasionunuzun bir parçasına çevirin. Türkiyənin Kimyəvi Texnologiyalar Universitetinin mütəxəssisləri deyir ki, yerfındığı aclığı unutdurmaq qabiliyyətinə malikdir. Yəni, öynələr arasında atışdırdığınızda  masa arxasında daha az yeməyinizə səbəb olacaq. 
Braziliya fındığı.  Tərkibindəki liflər bağırsaqları təmizləyir. Connecticut Universitetinin Qidalanma Elmləri bölümünün  mütəxəssislərinin fikrincə, bu özəlliyi sayəsində Braziliya fındığı həzm prosesinə olduqca müsbət təsir göstərir. İmmun sistemini yaradan hüceyrələrin istehsalında böyük rola malik selenlə zəngindir. Braziliya fındığındakı doymamış yağlar qanda şəkərin səviyyəsini aşağı salır, beləcə, diabet riskini minimuma endirir və damarların sərtləşməsinə mane olur. Amerikan Klinik Qidalanma Dərgisində  (The American Journal of Clinical Nutrition) yayımlanan bir məqalədə gün ərzində, cəmi, 2 Braziliya fındığı yeməyin yetərli olduğu vurğulanıb. 
Pekan qozu.  Yüksək kalorilidir və  vücud enerjisini artırır. Tərkibindəki E vitamini orqanizmi gün işığı kimi ətraf mühit təsirlərinin zərərlərindən qoruyur.  B vitamini isə saç, dəri, dırnaqların sağlamlığı üçün vacibdir.  Kimyəvi tərkibi sayəsində kişilərdə testosteron səviyyəsini nizamlayır, qadınlarda hormonların balanslaşmasına kömək edir. Gündəlik rasionunuza bu çərəzi əlavə etməklə, sağlamlığınızın qayğısına qalın. 
Chia (çia) toxumu.  Malik olduğu Omega-6, Omega-3  yağ turşuları ürək-damar sistemində xarüqələr yaradır. Pis xolesterolun səviyyəsini aşağı salır, qanda laxtalanmanın qarşısını alır. B vitamini dəridəki problemləri yox edir. Klimaks dövründəki qadınlara müsbət təsir göstərir.   Gündə, təxminən, 30 qr çia toxumu  yemək norma sayılır. 

Hansı  çərəzi seçsəniz, fərq eləmir; qısa zamanda müsbət təsirlərinin şahidi olacaqsınız. Sadəcə, bir şeyi yadda saxlayın ki, hamısı kalori ilə zəngindir. Buna görə də, mütləq gündəlik normalara riayət etməlisiniz.  Qısaca desək, heç birini gün ərzində 30 qr-dan çox yeməyin. Bəs, siz bu siyahıdakılardan hansını çox sevirsiniz?

Bahadur Seyidov / Demedia.az