Qəbul edilməsi və faydaları - Xurmanın bilinməyən təsirləri



 20:31 26.01.2023     1519

Sən demə, bəzi problemlər zamanı xurmanın ziyanı faydasından çox imiş. Kimlərə xurma yemək olmaz, yeyilərsə hansı əks təsirləri olacaq... 

Əslində, xurma insan sağlamlığına çox faydalıdır.  Vətəni Çin olan xurmanın latınca adı “ürək alması”dır. Haqqındakı yazılı mənbələrin çoxu, təxminən, 2000 il əvvələ aiddir. İndi xurma dünyanın bir çox yerlərində yetişir. Elə xurma ağacları var ki, yaşı 500-ə yaxındır. Hazırda dünyada yetişdirilən xurmalar 5 növdür.

Qəbul edilməsi və faydaları. 

Xurma qiymətli qidadır. O, təkcə xeyirli meyvə deyil, həmçinin, sevimli şirniyyatdır.  Tərkibində vitaminlər, təbii turşular, minerallar və mikroelementlər var. Yod, dəmir, kalium, kalsium, fosfor, kalium permanqanat, maqnium, natrium, beta karoten, liflərlə zəngin olan xurma avitaminozun, dəmir əksikliyindən qaynaqlanan anemiyanın profilaktikasında olduqca işə yarayır. Pis xolesterinin səviyyəsini aşağı salır.  Antibakterial xüsusiyyətinə görə, bağırsaq patalogiyalarında, həzm sistemi problemlərində orqanizmin köməyinə çatır.  Sidikqovucudur və ürəyin işindəki çatışmazlıqları aradan qaldırmaqda mahirdir.  Mədə xorası zamanı mədə-bağırsaq traktatının işini normal yerinə yetirməsinə dəstək olur.  Qaraciyər və böyrək xəstəlikləri zamanı malik olduğu turşularla müalicəvi əhəmiyyət daşıyır.  Sinir sisteminin özünü bərpasına kömək edir. 

Qalxanabənzər vəzinin xəstəlikləri zamanı.

Xurma yodla zəngindir.  Yod çatışmazlığı qalxanabənzər vəzi xəstəliklərinin ilkin səbəblərindəndir.  Ona görə də, vəzinin xəstəliyi zamanı həm profilaktik, həm də müalicəvi məqsədlə  xurma yemək lazımdır. 

Sidik yolları daşı zamanı. 

Sidikqovucu xüsusiyyəti olan meyvə  bununla orqanizmdən artıq duzların xaric edilməsinə xidmət edir. Bundan əlavə, xurmadakı  bol maqnium  sidik yollarındakı daşın həcmini önəmli ölçüdə azaldır.  Sidik yolları ilə bağlı istənilən problem zamanı xurma yemək faydalıdır. Sadəcə, hər şeyi ölçüsündə, nizamlı eləmək lazımdır. 

Soyuqdəymədən qaynaqlanan xəstəlikər zamanı.

Bu zaman təzə xurma şirəsi köməyə çatır. Yaxşı olar ki, yarım stəkan şirəyə bərabər miqdarda qaynamış, isti su qatasınız. Alınan  qarışımla gündə 5-6 dəfə boğazınızı qarqara edin. Soyuqdəymə və qripin profilaktikasında mütəmadi xurma yemək də tövsiyələr sırasındadır. 

Hipertoniya zamanı. 

Yüksək arterial təzyiqin normallaşmasında xurma çayı effektivdir. Amma söhbət xurmanın özündən yox,  özəyindən gedir. 1-2 ədəd xurma özəyini 100 ml suda qaynadın. Sonra  ağzını bağlayın və 30-40 dəq dəmlənməsini gözləyin. Bundan sonra qarışımı azca vam odda isidin və isti halda için. Sutkada 1 litrədək bu çaydan içə bilərsiniz. Qış mövsümündə bu çayın içilməsi immunitetin dəstəklənməsi üçün də lazımdır. Öskürək və bronxit zamanı müalicəvi təsirə malikdir. 

Ürək-damar sisteminin problemləri zamanı. 

Malik olduğu yüksək miqdardakı beta karoten və bioflavonoidlərlə xurma əsl “ürək dostu”dur. Kalium isə ürək əzələlərini möhkəmləndirir və artıq mayenin oranizmdən xaric edilməsini təmin edir. C vitamini damarların divarlarını  qoruyur.  Ürək-damar sisteminin sağlamlığı üçün gün ərzində 2-3 xurma yemək məsləhətdir.  Müalicə müddəti 2 həftədən 1 ayadək çəkə bilər.   Sadəcə, çalışın ki,  bu müddətdə yeməyi az-az yeyəsiniz. Öynələr arasında isə  otaq temperaturundakı meyvələri yeyin. 

Ağciyərlərin soyuqlaması zamanı. 

Qabığı və çiyidləri ilə də xurma orqanizmə faydalıdır.  Ağciyər soyuqlaması zamanı müalicəvi vasitəni hazırlamaq üçün 1-2 xörək qaşığı xurma çiyidi götürün. Tunc tavada qovurun və üyüdün. 3 xurmanın qabığını soyun və içini əzin. Üyüdülmüş çiyidi əzməyə qatın və qarışımı  şüşə qabda, soyuducuda saxlayın. Hər səhər acqarına qarışımdan 1 xörək qaşığı yeyin. Üstündən isti qırmızı şərab, yaxud ilıq təmiz su için. 

Anemiya zamanı. 

2 xurma,  2 alma (istənilən növ ola bilər), kiçik zəncəfil dilimi, 1 çimdik darçın, 150 ml təmiz su götürün.  Xurmaların və almaların qabığını soyun, içini təmizləyin və xırda-xırda doğrayın. Zəncəfili sürtgəcdən keçirin. İnqridientləri birlikdə blenderdən keçirin. Axırda darçını əlavə edin və yaxşıca qarışdırın. Alınan kokteyl orqanizmi faydalı şəkildə doyurur və qidalandırır, immuniteti möhkəmləndirir, orqanizmin özünü qorumasına dəstək olur. 

Şişkinlik zamanı. 

Bu vaxt həm təzə, həm də quru xurma işə yarayır.  Sadəcə, şişkinliklərdən yaxa qurtarmaq üçün  xurma qəbul etdiyiniz müddətdə az yeməyə, bacardıqca pəhriz saxlamağa çalışın. Gün ərzində 4-5 orta ölçülü xurmanı 100 ml isti südlə birgə qəbul edin.  Sadəcə, çalışın ki, südü 3 dəfəyə içəsiniz.  Bu cür pəhriz təkcə şişkinlikdən xilas olmağa deyil, orqanizmin toksinlərdən təmizlənməsinə də kömək edir. Həmçinin, maddələr mbadiləsinə müsbət təsir göstərir. 

İshal zamanı. 

Xurmadan müalicəvi məhlul hazırlamaqla bağırsaqlarınızın bərkiməsinə nail ola bilərsiniz. 4-5 ədəd o qədər də böyük olmayan xurma götürün. Yaxşıca yuyun, xırda-xırda doğrayın. Çiyidləri təmizləyin.  Xurmaları qazana atın, üzərinə 1 l qaynar su əlavə edin. Ağzını örtün və 35 dəq saxlayın.  Sonra məhlulu cuna ilə süzün. Hər saatın başında yarım stəkan bu məhluldan için. İshal sona çatacaq. 

Sızanaqlar və irinli qabarcıqlar zamanı. 

Xurmanı yuyun və qabığıyla birgə əzin. Alınan əzməni xəsarətli nahiyələrə krem kimi sürtün.  Üstündən steril edilmiş tənziflə sarıyın.  Sarığı yalnız 6 saatdan sonra dəyişə bilərsiniz.

Qanda hemoqlobinin miqdarını yüksəltmək üçün. 

Hemoqlobin azlığı zamanı xurma çayı məsləhət görülür. 1 çay qaşığı xurma yarpağını 200 ml  qaynar suya əlavə edin. Ağzını bağlayın və 15 dəq dəmlənməyini gözləyin. Sonra rahatca için. 

Kəsməyən hıçqırıq zamanı. 

1-2 ədəd orta ölçülü xurma götürün. Təmizləyin, içlərini əzin. Onları 200 ml qaynar suya atın. Bir az gözləyin, sonra qarışımı adi çay kimi için.  İsti halda için ki, hıçqırıq tez kəssin.  

 Babasil zamanı. 

Hər gün 200 qr-dək xurmanı əzin, 300 ml isti suya qatın.  Ağzını bağlayın və qarışımı 30 dəq saxlayın.   Sonra için. Prosedur babasilin simptomları yoxa çıxanadək davam etməlidir. 

Gözün ətrafındakı torbalanmalar zamanı. 

Lazım olan kremi hazırlamaq üçün 1 xurma bəs edir. 1 xörək qaşığı zeytun yağını, 1 yumurtanın sarısını, 1 çay qaşığı balı xurmanın içi ilə elə qarışdırın ki, bircinsli məhlul alınsın.  Alınan qarışımla üzünüzü silin. 20 dəq sonra təmiz, quru kağız dəsmalla üzünüzü qurulayın. 

Zərərləri və əks təsirləri. 

Gördüyünüz kimi, xurmanın insan orqanizminə faydaları çoxdur. Amma yaxşı olar ki, onun əks təsirləri barədə də məlumat alaq.  Yetişməmiş meyvələrin yeyilməsi tövsiyə edilmir. Tərkibindəki pektin və tanen həzm prosesini yavaşladır. Bundan əlavə, kal meyvə mədə divarına yapışır. Məhz tanen kal xurmanın ağızda büzüşmə hissi yaratmasına səbəb olur.  Tanen daha çox meyvənin qabığında toplanır. Buna görə də, bəzən qabığını soyduqdan sonra meyvənin dadında kəskinlik azalır. 

Qabığıyla birgə yeyilən xurma qarın boşluğunda köp yaradır ki, bu da babasildən əziyyət çəkənlərə əlavə problem deməkdir.  Yapışdırıcılıq xüsusiyyətinə görə, xurma çox vaxt mədə-bağırsaq traktatında önünə çıxan maddələri özünə birləşdirir və orqanizm tərəfindən mənimsənilmədən xaric edir. 

3 yaşınadək uşaqlara xurma yedirmək olmaz. Çünki mədə divarına yapışan xurma həzmsizlik yaradır. Xurmanın tərkibi 25% saxarozadan ibarətdir.  Mədəaltı vəzinin fəaliyyətində problem olanlar və diabetiklər xurmadan uzaq dursalar, yaxşıdır. 

Mütəmadi olaraq xurma yemək diş emalının zəifləməsinin də səbəbidir.  Meyvəyə narıncı rəngi verən malik olduğu şəkər və pektinin çoxluğudur. Hər ikisinin də dişlərə mənfi təsir etdiyi bilinir. Disbakterioz zamanı da, “çölə çıxmaq” vərdişindəki pozğunluqlar zamanı da xurmadan imtina etməyi bacarmaq lazımdır. Yaxud onun rasiondakı payını minimuma endirin. 

Yaxşı olar ki,  xurmanı günün birinci yarısında qəbul edəsiniz. Tərkibindəki liflər sayəsində həzm sistemini gücə salır, üstəlik, acqarına yeyilən xurma iştahı açır. 

Bahadur Seyidov / Demedia.az