Hər gün 1 stəkan nar şirəsi içsək nə baş verər?



 21:28 26.01.2023     1308

Bugünkü mövzumuz nardır. Sadəcə, onun dadından, ləzzətli görünüşündən uzun-uzadı danışmayacağam, narın “can dərmanı” olan şirəsindən bəhs edəcəyəm.  

Hər gün 1 stəkan nar şirəsi içdiyinizdə orqanizminizdə nə baş verəcək?

Qan təzyiqiniz nizama düşəcək. Narın sıxılmasıyla əldə edilən təbii nar şirəsindən hər gün 1 stəkan içdiyinizdə qan təzyiqiniz nizama düşür. Beləcə, müəyyən müddət təzyiq problemindən qurtulursunuz. Tərkibindəki  bol kalium, C vitamini və polifenollar sayəsində qan axınını tənzimləyən nar şirəsi hələ qədimdən yüksək qan təzyiqindən əziyyət çəkənlərə tövsiyə edilib. Sadəcə, bir məqamı unutmayın ki, nar şirəsi ilə müalicəyə başlamazdan əvvəl həkimlə məsləhətləşmək yerinə düşər. 

Ürək-damar xəstəlikləri riski azalır. Nar şirəsi içməyə başladıqdan sonra damarlarda qan axını normallaşır. Bayaq dedim ki, təzyiq problemi də həll olur. Bəs, həmişə belə rahat olmaq istəsəniz, nə etməlisiniz? Qan dövranını yaxşılaşdıran nar şirəsi damarların içində  yığıntıların toplanmasına mane olur. Bununla da, damar tıxanıqlığı, infarkt, hətta ürəktutma, iflic kimi anidən meydana çıxan ürək-damar xəstəlikləri riski azalır. 

Qaraciyəri təmizləyir. Malik olduğu C vitamini və polifenollar sayəsində antioksidant xüsusiyyət qazanan nar şirəsi  orqanizmi sərbəst radikallardan və zərərli maddələrdən təmizləyir. Təmizləmə prosesindən ən çox yarar görən isə qaraciyərimizdir. 
Stress, yorğunluq, kədər kimi mənfi əhval-ruhiyyə yox olur. Nar şirəsinin qəribə və çox adamın bilmədiyi bir xüsusiyyəti də var: stressi yox etmək. Antioksidant xarakteri sayəsində sinir sisteminin sağlamlığını dəstəkləyən nar şirəsini hər səhər acqarına için ki, günə gümrah və şən əhvalla başlaya biləsiniz. 
Beyin funksiyasını dəstəkləyir, yaddaşı gücləndirir. Mütəmadi olaraq, nar şirəsi qəbul edildiyində qan dövranı nizama düşür. Bu da o deməkdir ki, beyin lazımi qədər oksigenlə təmin olunur. Beləcə, yaddaş başda olmaqla beynimiz bir çox istiqamətdə öz funksiyasını uğurla yerinə yetirir. Yaddaşınızın güclənməsini, diqqətinizi toplamağın asanlaşmasını istəyirsinizsə, nar şirəsi sizə bu mövzuda çox kömək edəcək. Üstəlik, dimensiya və alzeymer riski də azalacaq. 
Yağ yandırılması sürətlənir, köklüyün qarşısı alınır. C vitamini başda olmaqla tərkibindəki bir çox yararlı maddə sayəsində nar şirəsi metabolizmanı sürətləndirir ki, bu da öz növbəsində yağların sürətlə yanması deməkdir. Nəticə etibarilə, artıq çəkilərdən yaxa qurtarırsınız,  sizi qorxudan köklük problemi ilə üzləşmək şansınız minimuma enir. 
İmmuniteti möhkəmlədir, xərçəng əleyhinə vasitədir. Antioksidant və antiviral xüsusiyyətləri sayəsində immun sisteminin ən böyük dəstəkçisi olan nar şirəsi hüceyrələrdə  detoks effekti yaradır. Zərərli maddələrdən və sərbəst radikallardan təmizlənən orqanizm qrip, soyuqdəymə kimi mövsümi xəstəliklərə qarşı, hətta xərçəngə qarşı mübarizə aparır. Eyni zamanda, nar şirəsi artıq mövcud olan bir çox xəstəliklərin sürətlə sağalmasına da kömək edir.  
Qırışların əmələ gəlməsinə mane olur, sızanaq kimi dəri problemlərinin sürətlə yox olmasını təmin edir.  Əgər dərinizdə tez-tez sızanaqlar yaranırsa, hər gün 1 stəkan nar şirəsi için.  Qısa zamanda sızanaqların yox olmasının  şahidi olacaqsınız. Antioksidant xüsusiyyəti sayəsində dərinin təmizlənməsinə nail olan nar şirəsi, həmçinin, qırışıqlıqların yaranmasının qarşısını alır və dərinin qocalmasını ləngidir.
Sidikqovucudur.  Orqanizmin maye balansının qorunmasına müsbət təsir göstərən nar şirəsi  şişkinlik, su yığılması kimi problemlərin də önünə keçə bilir. Mütəmadi olaraq, nar şirəsi içən insanların sidik sistemində nadir hallarda hər hansı pozğunluqla rastlaşmaq mümkündür. 

Bahadur Seyidov / Demedia.az