Hər gün avokado yesəniz nə baş verər? 



 20:31 27.01.2023     1716

Avokado qidalanma baxımından bir çox faydaları olan meyvədir.  Aparılan çoxsaylı elmi araşdırmalar bu meyvənin sağlamlığımıza və xarici görünüşümüzə müsbət təsirlərini sübut etməkdə davam edir. Bəs, hər gün bir avokado yesəniz, nə olar? Orqanizminiz buna necə reaksiya verər? Həqiqətən, əldə edilən nəticələr möhtəşəmdirmi? 

Avokado yesəniz, bunlar baş verər: 

9. Ağzınız həmişə gözəl qoxar. Ağızdakı pis qoxuların əsas səbəbi həzmsizlik və mədənin fəaliyyətindəki pozğunluqlardır. Avokadonu gündəlik rasiona daxil etsəniz, bu kimi problemlərlə rastlaşmazsınız.  Meyvənin tərkibində ağzınızdakı bakteriyaları öldürən, ağzınızın gözəl qoxmasını təmin edən antibakterial və antioksidant flavonoidlər var.   Bu sayədə avokado ağız xərçənginin qarşısını almaqda mahirdir. Bəli, doğru eşitdiniz. Ohayo Dövlət Universitetinin əməkdaşları (The Ohio State University) bir tədqiqat aparıblar.  Sonda isbat ediblər ki, avokadonun tərkibindəki maddələr ağız xərçənginin əmələgəlmə riskini önəmli dərəcədə azaldır, xəçəng hüceyrələrini öldürür. Bundan əlavə,  xoşxassəli şiş hüceyrələrinin bədxassəli şiş hüceyrələrinə çevrilməsinə mane olur. Yəni, ürəklə ağız yaxalayıcı məhsulları atıb, ona verdiyiniz pula avokado almağa başlamalısınız. 
8. Böyrəklər daha səmərəli fəaliyyət göstərir. Avokadonun tərkibində möcüzəvi bir mineral var: kalium.  Bu maddə orqanizminizin kimyəvi kanallar yolu ilə sağlam maye balansının qurulmasını təmin edir. Təbii ki, sağlam maye balansı sağlam böyrəklər deməkdir. Buna görə, böyrək xəstələrinə məsləhət görülür ki, rasionlarına avokado daxil etsinlər. Amma burda bir istisna var: hiperkaliemiya durumunda avokadodan mümkün qədər uzaq durmağınız məsləhətdir. Çünki yüksək miqdardakı kalium fayda vermək əvəzinə təhlükə yarada bilir.  Hiperkaliemiyadan əziyyət çəkmirsinizsə, amma buna baxmayaraq, avokado yemək barədə tərəddüd keçirirsinizsə, həkimlə məsləhətləşməkdə gecikməyin. 
7. Xolesterol və triqliserid səviyyələri azalır.  Səviyyəsi yüksəlmiş xolesterol və ya triqliserid sağlamlığı təhdid edir. Əsas məsələ isə, hər ikisinin səviyyəsinin yüksəlməsinin ürək xəstəlikləri ilə olan əlaqəsidir.  Avokado ən qısa zamanda imdadınıza çatacaq.  Bildiyimiz kimi, 2 tip xolesterol var:  A) aşağı sıxlıqlı lipoproteinlər arteriyaların divarlarında yığıntı əmələ gəlməsinin səbəbidir; B) yüksək sıxlıqlı lipoproteinlər  isə  artıq miqdardakı xolesterolu qaraciyərə çatdırır ki, ən böyük daxili orqanımız onu orqanizmdən xaric edə bilsin;  Meksikalı alimlər apardıqları araşdırma zamanı aşkarlayıblar ki, avokado yemək “pis xolesterolun”, yəni, aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini aşağı salır. Eyni zamanda, qandakı triqliserid miqdarını 20% azaldır, “yaxşı xolesterolun”, yəni, yüksək sıxlıqlı lipoproteinlərin səviyyəsini 11% artırır. 
6. Qaraciyər daha səmərəli fəaliyyət göstərir. Qaraciyərlə bağlı sağlamlıq problemlərini həll etmək olduqca çətindir.  Amma avokado üçün “çətin” kəlməsi yoxdur. Çünki o, qaraciyərin “dostu”dur; orqanizmin glutation istehsalını dəstəkləyir.  Qaraciyər zərərli maddələri süzmək və hüceyrələri hər hansı bir xəsarətdən qorumaq üçün bu antioksidanta möhtacdır.  Avokado E və C vitaminləri ilə zəngindir.  Sərbəst radikalları  sürətlə neytrallaşdıran və qaraciyərinizi qoruyan birləşmələr məhz bu vitaminlər sayəsində yaranır.  Avokado E vitamininin K vitamini ilə  “birgə işləməsi üçün” münbit şəraitə malikdir. Onların birgə işi hüceyrələrdəki iltihablanmanı yox edir və təkrar əmələ gəlməsinin qarşısını alır. 
5. Yüksək təzyiqi aşağı salır.  Təzyiqiniz tez-tez qalxırsa avokado rasionunuzun bir hissəsi olmalıdır.  Meyvədəki kaliumun maye balansını nizamlaması   yüksək təzyiqin aşağı salınmasında faydalıdır. Kalium, eyni zamanda, osteoparozu, yəni, sümük əriməsini əngəlləyir. Bu dediklərimin hamısı elmi və tibbi araşdırmalar nəticəsində aşkarlanıb.  Bunlardan biri Braziliyadakı Espirito Santo Federal Universitetinin fiziologiya bölümündə aparılan tədqiqatdır. Nəticələr heyrətamizdir. Adətən, kaliumla zəngin qidalar qəbul edənlərin  təzyiqi yuxarısı 200-dən aşağı, aşağısı isə 80-dan aşağı olur. 
4. Görmə qabiliyyətini gücləndirir.  Gözlərinizin sağlamlığı ümumi sağlamlığınız ilə əlaqəlidir.  Ümumi sağlamlığın açarı isə düzgün qidalanmadır.  Gündəlik rasionunuza avokado daxil etsəniz, gözləriniz sevinəcək. Çünki meyvə bol miqdarda antioksidantlarla, xüsusilə də, gözlərinizi zərərli mavi işıqdan qoruyan lutein və zeaksantinlə zəngindir. Çinli mütəxəssislərin apardığı bir araşdırmaya görə, nə qədər  lutein və zeaksantin ilə zəngin qidalar qəbul etsəniz, retina o qədər sağlam olur. Fransız və ingilis alimləri isə lutein və zeaksantinin katarakta və “sarı nöqtə xəstəliyi” də adlanan makulodistrofiya  ilə mübarizə apardığını təsdiqləyiblər. 
3. Xərçəngə qarşı qoruyur. Tərkibindəki karotenoidlər, təkli doymamış yağlar sayəsində meyvə döş xərçəngi və prostat xərçəngi əleyhinə ən əlçatan vasitələrdəndir. Bəzi mövcud xərçəng növlərinin isə inkişafına mane olur, şişlərin həcminin azalmasına xidmət edir.  Mütəxəssislər tərəfindən aparılan çoxsaylı araşdırmalar üzə çıxarıb ki,  avokadonun malik olduğu təbii birləşmələr  xərçəngli hüceyrələrin ölümünə səbəb olur. 
2. Arıqlamağa kömək edir.   Avokadoda yüksək miqdarda lif var.  Toxluq hissi yaradan liflər əlavə yeməyə mane olmaqla bərabər,  asta sürətlə həzm edilir.  ABŞ-ın məhşur dieotoloqları qadınların hər gün nizamlı şəkildə 25 qr avokado yemələrinin vacibliyini vurğulayırlar.  Kişilər üçün bu göstərici 35 qr-dır.  Ən gözəli  odur ki, qida vərdişlərinizi kökündən dəyişməməklə arıqlamağa nail olursunuz.  Daha uğurlu və sürətli nəticə əldə etmək üçün avokado ilə yanaşı,  alma, təzə lobya, şirin kartof  və çiyələk kimi liflə zəngin digər qidalar da  yeyə bilərsiniz. Gündəlik avokado yeyə-yeyə idmanla məşğul olsanız,  nəticə daha heyrətamiz olacaq. 
1. Dərini təravətləndirir. Bəli, avokado  orqanizmin daxilində də, xaricində də xarüqələr yaradır.  Diqqət yetirsəniz, ən bahalı kosmetoloji vasitələrin  istehsalında avokadodan bolluca istifadə edildiyinin şahidi olarsınız.  C və E vitamini ilə zəngin olan meyvə məhz bunlar sayəsində  dərinin elastikliyini qoruyur,  günəş şüalarının vurduğu zərərin miqdarını azaldır.  Bundan əlavə, avokado dərinin qocalmasını da ləngidir.  Meyvə Omega-9 yağ turşularına malikdir. Bu yağ turşuları dərinin nəmliyini nizamlayır, hüceyrələrin yenilənməsinə səbəb olur.  Beləcə, dəriniz sığallı, yumşaq olur, zədələnmiş nahiyələr sürətlə sağalır. 

Bahadur Seyidov / Demedia.az