Sarımsaq suyunun faydaları - Görün bədənə nələr edir



 21:33 27.01.2023     1922

Bu gün sizə sarımsaq suyunun faydalarından və zərərlərindən danışacağam. 

Sarımsağın sağlamlığa faydaları hələ qədimdən insanlara məlum idi.  Bir çox xəstəliklərin müalicəsində effektiv vasitə kimi istifadə olunmasının tarixi də qədimdir. İndi də, diqqət etsəniz, xalq təbabətində sarımsaqdan hazırlanan müalicəvi vasitələrin sayının çox olduğunu görərsiniz.  Hətta vərəm və vəba kimi infeksion xəstəliklər zamanı belə, sarımsaq  köməyə çatıb. Kimyəvi tərkibi sayəsində mikrob əleyhinə, iltihab əleyhinə, bəzən ağrıkəsici kimi də çıxış edə bilir.

Sarımsaq mətbəxdə də məhşurdur.  Təzə-təzə, əzilmişi, turşusu, tozu mətbəxin və süfrələrin əvəzsiz hissəsi olan sarımsağın suyu da faydalıdır.

Sarımsaq suyunun orqanizmə faydaları. 

Bu vasitə bütün orqanizmin sağlamlığını dəstəkləyir.  Tərkibindəki C və B vitaminləri, antioksidantlar və kalium, maqnium, natrium kimi mikroelementlər sayəsində sarımsaq suyu həzmi yaxşılaşdırır, iştahı açır.  Həmçinin, mədə yanmasından və köpdən yaxa qurtarmağa kömək edir. İçki ürək-damar xəstəlikləri zamanı, qan dövranının pozulması zamanı, pis xolesterolun səviyyəsinin yüksəlməsi zamanı da müsbət effekt verir. Pozulan yaddaşı bərpa edən və səbəbsiz baş ağrılarını aradan qaldıran sarımsaq suyu soyuqdəymə və bakterioloji xəstəliklərlə mübarizə aparmaqda da mahirdir.  Tərkibindəki antioksidantlar orqanizmi bədxassəli şişlərdən qoruyur, hüceyrələrin həyat döngüsünü dəstəkləyir.  Açıq yaraların yuyulması və dəridəki problemlərin öhdəsindən gəlinməsi üçün də sarımsaq suyundan istifadə etmək mümkündür.  Mikrobları məhv etməklə qalmır, üstəlik, toxumaların özünü bərpasına da kömək edir. Sarımsaqdakı allicin damarları xolesterin yığıntılarından təmizləyir, onların təkrar toplanmasına mane olur.  Efir yağı isə virus əleyhinə xüsusiyyətə malikdir.  Buna görə də, elə sarımsağın ətri bəs edir ki, nəfəs yollarındakı hər hansı virus məhv olsun. 

Sarımsaqdakı bütün xeyirli elementlərdən faydalanmaq üçün sarımsaq suyu hazırlamaq məqsədilə seçilən tərəvəzə nəzarət etmək lazımdır. Belə ki, seçilən sarımsağın dişləri orta ölçüdə, quru, rəngi daha ağ olmalıdır.  Nəm və bürüşmüş dişlər çürümənin ilkin siqnallarını verir. Yaxşı olar ki, bu cür məhsuldan imtina edəsiniz.

Sarımsaq suyunun hazırlanması: 

Sürtgəcdən keçirilmiş 2 diş orta ölçülü sarımsağı, 2 dilim limonu, yarım çay qaşığı zeytun yağını 1 stəkan qaynar suya qatın. 10 dəq dəmlənməsini gözləyin.  İlıq halda günün istənilən saatında içə bilərsiniz.  Gördüyünüz kimi, resept çox sadədir və inqridientlər  ilin bütün aylarında əlçatandır.  Limon sarımsağın faydalarını daha da artırır.  O, orqanizmi vitaminlərlə təmin edir,  toksinləri bədəndən atır, maddələr mübadiləsini yaxşılaşdırır. Zeytun yağı isə damarları möhkəmləndirir, dərini təravətləndirir. Sarımsaq suyunu hər gün içmək mütləq deyil. Həftədə 1-2 dəfə içilməsi yetərlidir.  Daha çox faydalarını görmək istəyənlər səhər acqarına içməyi seçə bilərlər. 

Sarımsaq suyunun qəbul edilməsi: 

Vasitə  daxilə qəbul edilməklə yanaşı, xaricə də tətbiq edilə bilər. Artrit zamanı ağrıları kəsir, immuniteti möhkəmlədir, soyuqdəymədən qoruyur. İçki bağırsaqların fəaliyyətini yaxşılaşdırır, orqanizmi parazitlərdən təmizləyir. 
Oynaqlardakı ağrılar zamanı. Sarımsaq suyunun kimyəvi tərkibi oynaq toxumalarını və bağlarını qoruyur. Osteoartrozun profilaktikasında işə yarayır. Bundan əlavə, içki B qrupu vitaminləri, selen və mis  ilə zəngindir. Bunlar da, öz növbəsində, oynaq toxumalarının sintezində iştirak edirlər.  Sarımsaq suyu artrit zamanı iltihablanmanı aradan qaldırır, ağrını kəsir. 4 diş sarımsağı sürtgəcin xırda gözündən keçirin. 1 stəkan təmiz suya qatın. 10-20 dəqiqə dəmlənməsini gözləyin. Sonra gün ərzində kiçik porsiyalarla qəbul edin. 

Soyuqdəymə zamanı. Sarmsaq suyu orqanizmin infeksiyalara müqavimət göstərməsinə kömək edir. Fitonsidlər bakteriyaların hərəkətini məhdudlaşdırır, onları öldürür. Əgər hansısa nahiyədə iltihablanma başlayıbsa, sarımsaq suyu həmin nahiyənin immunitetini yüksəldir. Bəlğəmgətirici xüsusiyyəti sayəsində bərkimiş bəlğəmi yumşaldır və tökülməsini təmin edir.  Sarımsaq suyunu yalnız daxilə qəbul etmək üçün deyil, xaricə tətbiq etmək üçün də hazırlaya bilərsiniz. Qazançanı su ilə doldurun və içinə 3-4 diş sarımsaq atın. Qaynadın və azca soyumasını gözləyin. Başınıza dəsmal,yaxud isti şal salaraq nəfəs yollarınızı sarımsaq suyunun buxarı ilə inqalyasiya edin. 

Ateroskleroz zamanı.  Sarımsaq suyu damarları xolesterin yığıntılarından təmizləyir, onların divarlarını möhkəmlədir, elastik olmalarını təmin edir və qan axınını nizamlayır. Damar tıxanıqlığını vaxtında aşkar etmək və öhdəsindən gəlmək lazımdır ki, sonrakı mərhələdə infarkt və ya insultla qarşılaşmayasınız.  Ateroskleroz simptomsuz irəliləyir; heç bir diskomfort hissi yaratmır. Amma qəfildən fərqinə varırsınız ki, damarların rəngi dəyişib, ürəkdə hər hansı problemlər boy göstərməyə başlayıb. Narahatlıqdan yaxa qurtarmaq üçün həftədə 1 dəfə belə olsa, sarımsaq suyu içməyi unutmayın. 2 diş əzilmiş sarımsağı 1 stəkan suya qatsanız da bəs edir. 

Dırnaq göbələyi zamanı.  Dırnaqlardakı göbələk infeksiyası həyat keyfiyyətini aşağı salan narahatlıqlardandır. Günbəgün  daha çox toxumanın zədələnməsinə səbəb olan göbələyin müalicəsi də uzun zaman tələb edir. Və bu, sarımsaq suyunun köməyilə sona çatacaq xəstəliklərdəndir. Sarımsağın kimyəvi tərkibi göbələklərin inkişafına və yayılmasına mane olur. 1 litr qaynar suya 1 xörək qaşığı duz əlavə edin.  4 xörək qaşığı duzlu suyun içinə 1 baş əzilmiş sarımsaq qatın. Alınan qarışımı xəsarət almış nahiyəyə çəkin, üstündən ovun. Bu vasitə göbələk infeksiyasını yox edəcək. 
Üzdə səpkilər zamanı. Sızanaqları və səpkiləri yox etmək, üz dərisinin parlaqlığını bərpa etmək, dəridəki iltihablanmanı azaltmaq üçün ev üsulu  təsirli vasitə hazırlamaq mümkündür. 100 ml filtrdən keçirilmiş suya 3 baş əzilmiş sarımsaq qatın.  Alınan qarışımı pambıq vasitəsilə üzə çəkin.   Elə ki, dərinin rəngi dəyişdi, göyərdi, yaxud qızardı, soyuq su ilə üzünüzü yuyun. 

Şəkərli diabet zamanı. Sarımsaq suyunun sinir sisteminə və ürək-damar sisteminə faydaları böyükdür. Şəkərli diabetin ilk olaraq, sinir sisteminə və ürək-damar sisteminə ziyan vurduğu məlumdur. Məhz buna görə, müalicəvi içkini rasiona daxil etmək lazımdır. Sarımsaq qanda şəkərin səviyyəsini azaldır, yeməkdən sonra onun qəfil yüksəlməsinə mane olur. Mütəmadi olaraq, sarımsaq suyu qəbul etmək şəkərli diabetin profilaktikasında önəmlidir, eyni zamanda, vəziyyətin kəskinləşməsinə imkan vermir. 

Artıq çəki zamanı. Arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sarımsaq suyudur. Onun vitamin və minerallarla zəngin tərkibi maddələr mübadiləsini sürətləndirir və artıq çəkidən yaxa qurtarmağa kömək edir. Sarımsaq suyu, təkcə, artıq mayedən deyil, artıq yağlardan da xilas olmaq üçün faydalıdır.   Arıqlamaq məqsədilə içilən sarımsaq suyunu  nahardan əvvəl içsəniz yaxşıdır. Adətən, məhz bu zaman kəsiyində maddələr mübadiləsinin sürətlənməyə, mədənin daha çox şirə ifraz etməyə  ehtiyacı olur.  Üstəlik, yağlar da bu ərəfədə yanmağa daha çox meyillidir. 

Kandidoz zamanı. Göbələyin daha çox toxumanı zədələməsi və daha geniş nahiyəyə yayılmasından sonra simptomları özünü göstərir. Orqanda qaşınma, gicişmə yaranır, bəyaz axıntılar olur. Sarımsaq suyu xoşagəlməz simptomların qarşısını alır. Çünki  vasitə infeksiya və göbələk əleyhinə xüsusiyyətə malikdir. Eyni zamanda, nahiyəvi immuniteti möhkəmləndirməyə qadirdir. 1 litr suya sürtgəcdən keçirilmiş 2 diş sarımsaq əlavə edin.  Qarışımla nahiyəni yuyun. Proseduru səhər və axşam, problem yox olanadək təkrarlayın. 

Tonzillit və ya faringit zamanı. Bu bakterioloji xəstəliklər boğazda qızarma, şişmə və ağrılarla müşahidə olunur. Mütəmadi olaraq, boğazı sarımsaq suyu ilə qarqara eləmək xəstəliyin simptomlarını azaltmağa kömək edir.  Vasitə bakteriyaları məhv edir, iltihablanmanı azaldır və nahiyəvi immuniteti yüksəldir. Bütün bunlar da sürətli sağalmanın açarıdır. 1 baş sarımsağı sürtgəcdən keçirin, 1 stəkan suya qatın.  Dəmlənməyini gözləyin. Sonra cuna ilə süzün və boğazınızı bu su ilə qarqara edin. Sağalanadək proseduru təkrarlayın. 
Bronxial astma zamanı. Hazırda dünyada geniş yayılan xəstəliklərdəndir. Səbəb kimi, çirklənmiş ekologiya, pis vərdişlər və virus infeksiyaları göstərilir. Problemin həcmini azaltmaq və pristuplararası müddəti uzatmaq üçün sarımsaq suyundan istifadə edə bilərsiniz. Mütəmadi olaraq, səhər və axşam sarımsaq suyu içmək  bronxial astma zamanı həyat keyfiyyətinin nisbətən yaxşılaşmasına kömək edir. Yaz və payız aylarında profilaktik tədbir kimi də sarımsaq suyuna müraciət etmək yaxşıdır. Sadəcə, sarımsaq suyu qəbul edərkən orqanizmin reaksiyasını dəqiq müşahidə etmək lazımdır ki, hər hansı problem çıxarsa gecikmədən həkimlə məsləhətləşə biləsiniz. 

Zərərləri və əks təsirləri. 

Sarımsaq suyunun tətbiqi bəzi hallarda qadağandır: 
-kəskin qastrit və ya kəskin pankreatit zamanı içki vəziyyəti daha da kəskinləşdirir, nahiyədə diskomfort və ağrı yaradır; 
-sarımsağa qarşı individual allergiya varsa; 
-bağırsaqdakı iltihabi xəstəliklər zamanı; 
-hamilə və süd verən qadınlar sarımsaq suyundan uzaq dursalar yaxşıdır: çünki uşaqda allergiya yarana bilər; 
-sidik yolları xəstəlikləri zamanı; 
-qanda laxtalanma varsa; 
-epilepsiya kimi bir çox nevroloji xəstəliklər zamanı; 

Sarımsaq suyunu azyaşlı uşaqlara vermək olmaz. Vasitənin “kəpənək effekti” bağırsaq mikroflorasının məhvi,  səbəbsiz qarın ağrıları, ishal və ya qəbizlik kimi üzə çıxa bilər. Qeyd edim ki, qandurulducu preparatlar qəbul edirsinizsə, paralel olaraq, sarımsaq suyu içmək olmaz.  Əks halda, qanaxma riski yüksələr.  Yaxşı olar ki, xalq təbabətinin bir hissəsi olan sarısmaq suyunu qəbul etməzdən əvvəl orqanizminizə bələd olan mütəxəssislə məsləhətləşəsiniz. 

Bahadur Seyidov / Demedia.az