Dəfnə yarpağı çayının faydaları - Araşdırma



 20:33 31.01.2023     2665

Hamımız, heç olmasa, bir dəfə yeməklərimizin xüsusi ətrə malik olması üçün dəfnə yarpağından istifadə etmişik.  

Vətəni Aralıq dənizi hövzəsi sayılır. Xüsusən, Krım və Qafqazlar... Bu gün subtropik ölkələrdə daha çox becərilir.

Mətbəxlərdə və tibbdə geniş istifadə olunur.  Qədim zamanlarda müqəddəs sayılan dəfnə yarpağı  bəzi mərasimlər zamanı hədiyyələr sırasına da daxil edilirdi. Hazırkı “laureat” kəlməsinin kökündə də məhz bu cür mükafatlandırma və hədiyyə vermə dayanır. 

Dəfnə yarpağı orqanizm üçün çox faydalıdır. Bununla bərabər, onun istifadəsi bəzən “kəpənək effekti” ilə də nəticələnə bilir. Əvvəlcə, faydaları haqqında məlumat vermək istəyirəm. 

Şəkərli diabet zamanı.  Bildiyimiz kimi, hazırda dünyada geniş yayılan bu xəstəlik ya genetik olur, ya da mədəaltı vəzinin işinin pozulmasından qaynaqlanır. Belə ki, orqan lazımi qədər insulin ifraz edə bilmir. Bu da qanda şəkərin miqdarının yüksəlməsinə gətirib çıxarır. Vaxtında qarşı tədbirlər görülməsə, vəziyyət get-gedə kəskinləşir. Şəkərli diabet zamanı xüsusi pəhriz saxlanılması vacibdir.  Hətta pəhriz müalicənin yarısı hesab olunur.  Haqqında danışdığım pəhriz zamanı dəfnə yarpağı rasiondan çıxarılmır. Əksinə, ondan hazırlanan məhlulların istifadəsi tövsiyə  edilir.  Mütəmadi olaraq, qəbul edilən dəfnə yarpağı qanda qlükozanın miqdarını tənzimləyir və karbohidratların mübadiləsini sürətləndirir. Xüsusilə, II tip şəkərli diabetdə dəfnə yarpağı daha çox faydalıdır. Bir çox insan rasionlarına dəfnə yarpağı əlavə etdikdən sonra əhvallarının yaxşılaşdığını vurğulayır. Məhsulun qlikemik indeksi 15-dən aşağıdır. 

Pankreatit zamanı. Mədəaltı vəzinin iltihablanması aşkar edildikdən sonra ilk iki gün “aclıq pəhrizi” tətbiq edilir. Növbəti günlərdə isə mərhələli qidalanmaya keçilir. Bəli, dəfnə yarpağı da həmən qəbul edilmir. Çünki o, mədə-bağırsaq traktatındakı bütün faydalı maddələri birnəfəsə xaric edir. Bu da xəstənin özünü daha da pis hiss etməsinə səbəb olur. Mərhələli qidalanma zamanı istifadə edilən dəfnə yarpağı isə orqanın sağalmasına kömək edir. 

Qastrit zamanı. Baxmayaraq ki, qastrit də ciddi pəhriz tələb edən xəstəliklərdəndir, dəfnə yarpağı burda da istisna təşkil edir. O, mədə-bağırsaq traktatında heç bir gərginlik yaratmır, xəstəliyin simptomlarını artırmır. Əksinə, həzm prosesini asanlaşdırır, bütün həzm orqanlarının  işini yüngülləşdirir. Həmçinin, mədədəki ağrıları azaldır. Sadəcə, əvvəlcə, xəstəliyin yaranma səbəbini bilmək lazımdır ki, müalicə də ona uyğun aparılsın. Alkoqol asılılığı, düzgün qidalanmamaq, siaret çəkmək belə, qastritin səbəbləri sırasındadır. Və siz bu səbəbi düzgün bilməsəniz, dəfnə yarpağından necə düzgün istifadə etmək lazım olduğu haqqında çaş-baş qalacaqsınız. 

Bağırsaqlar üçün. Tərkibindəki faydalı komponentlər və efir yağı  sayəsində dəfnə yarpağı bütün həzm  orqanlarının işini dəstəkləyir. Qidanın mənimsənilməsinə kömək edir, mədədəki yanma və qıcıqlanmanı azaldır, spazmları  aradan qaldırır. Dəfnə yarpağının ətri iştahı yaxşılaşdırır. Efir yağı isə bağırsağın daxili divarını kimyəvi maddələrin mənfi təsirlərindən qoruyur. 
Köp zamanı. Bu problem zamanı həddən artıq dəfnə yarpağı qəbul etmək olmaz. Çünki onun qazyaratma qabiliyyəti var. Bununla belə, dəfnə yarpağından imtina etmək istəmirsinizsə, çalışın  rasionunuzda lifli qidalar çox olsun. Bunun sadə yolu gün ərzində meyvə-tərəvəz və göyərti yeməkdir. 

Podaqra zamanı. Bilirik ki, sözügedən xəstəliyin əsas yaranma səbəbi purin mübadiləsinin pozulmasıdır. Sidik turşusu oynaqlardakı yumşaq toxumaları sıradan çıxarır. Müalicə üçün dərman preparatlarının istifadəsi mütləqdir. Amma pəhriz də az rol oynamır. Bu zaman yaxşı olar ki, ət yeməklərindən imtina edəsiniz. Tərəvəzlərə və göyərtilərə isə rasionda daha çox yer ayırasnız. Dəfnə yarpağı məhlulu podaqra zamanı insanın köməyinə çatır. Belə ki, məhlul duzların orqanizmdən xaric olunmasını sürətləndirir. Bu da oynaqlardakı iltihablanmanın miqdarını azaldır, ağrıları kəsir. 

Qaraciyər üçün. Qaraciyər xəstəlikləri zamanı dəfnə yarpağından az istifadə edilməlidir. Çünki həddən artıq qəbulu orqanın pozulmuş fəaliyyətinə mənfi təsir edir. Amma dəfnə yarpağından istifadəni tamamilə dayandırmaq da yaxşı hal deyil. Belə ki, yarpaq damarları təmizləyir, beləcə, qaraciyərin toksinlərdən yaxa qurtarmasına kömək edir. 

Babasil zamanı. Hələ qədim zamanlardan dəfnə yarpağı babasilin müalicəsində geniş istifadə edilib. Ondan məhlullar hazırlanıb. Bu məhşurluğu yarpaq antiseptik və iltihab əleyhinə xüsusiyyətləri ilə qazanıb. Mütəmadi olaraq, dəfnə yarpağından istifadə edənlərin bağırsaqlarının divarları möhkəm olur və mövcud xəsarətlər sağalır. Babasil zamanı dəfnə yarpağının əsas faydaları bunlardır: 

Efir yağları babasili yaradan bakteriyaları məhv edir; 
Büzücü komponentlər qanaxmanın qarşısını alır; 
Nahiyədəki diskomfort hissini azaldır; 
Dəfnə yarpağından hazırlanmış məhlul ağrıları azaldır;  Sistit zamanı. Sidik kisəsinin iltihablanması zamanı dəfnə yarpağı vannası köməyə çatır. Bu zaman dəfnə yarpağı dezinfeksiyaedici kimi çıxış edir və bir çox bakteriyaları öldürür. Antibiotiklərlə aparılan müalicəyə paralel olaraq edilən vannalar sidiyin xaric edilməsini də asanlaşdırır. 
Bronxit zamanı. Bronxit səbəbilə yaranan öskürəkdən dəfnə yarpağı vasitəsilə yaxa qurtara bilərsiniz.  Bu zaman dəfnə yarpağı  ilə inqalyasiya eləmək, yaxud onu daxilə qəbul etmək işə yarayır. Antimikrob və iltihab əleyhinə effekt göstərən dəfnə yarpağı bronxit zamanı aşağı düşən həyat keyfiyyətinin yaxşılaşmasını təmin edir. Bu zaman dəfnə yarpağı yağı ilə sinəni kompres eləmək də  faydalıdır. Belə ki, ağciyərlərin qan dövranı yaxşılaşır. Sadəcə, müalicəyə başlamazdan əvvəl həkimlə məsləhətləşin ki, sonradan “kəpənək effekti” və ya hər hansı əks təsir ilə qarşılaşmayasınız. 

Dəfnə yarpağından istifadə qaydaları: 

Sistitin müalicəsində: bu xəstəliyə qadınlar arasında daha tez-tez rast gəlinir. Səbəb sidik yollarının anatomik quruluşudur. Müalicə üçün antimikrob preparatlardan istifadə olunur. Baxmayaraq ki, patalogiya yayğındır, hələ də sistitin əmələ gəlməsini önləyən universal vasitə kəşf edilməyib. Dəfnə yarpağı ilə hazırlanan resept isə xalq təbabətinə aiddir. 25-30 qr quru dəfnə yarpağını qaynar suya əlavə edin. Su soyumamış içində oturun ki, nahiyə dəfnə yarpağı qatılmış suya məruz qalsın. Prosedurun müddəti 10-15 dəqiqədir. Bu müddət ərzində sidik kisəsi dezinfeksiya olunacaq. Bir də, çalışın ki, bədəniniz soyumamış isti, qalın paltar geyinəsiniz. Yaxud həmən yorğanın altına girəsiniz. Belə vanna eləməyin effekti  çox ləng üzə çıxır. Amma zamanla sistitin simptomları yox olur, insan özünü yaxşı hiss edir.  Bir şeyi də qeyd edim ki, istənilən nəticəni əldə edənədək prosesi təkrarlaya bilərsiniz. 
Qaymoritin müalicəsində: 1 stəkan qaynar suya 3-6 orta ölçülü dəfnə yarpağı atın. Dəmlənməsini gözləyin. Sonra tənzifi və ya cunanı kiçik ölçüdə məhlula batırın. Burnunuzu və alnınızı bu tənziflə, yaxud cunayla örtün. Soyuyanadək saxlayın. Həftədə bir neçə dəfə proseduru təkrarlayın. 
Oynaqların təmizlənməsində: 5-6 dəfnə yarpağını qazana atın və üzərinə qaynar su əlavə edərək 5 dəq qaynadın. Sonra məhlulu termosa tökün. Dəmlənməyindən əmin olduqdan sonra gün ərzində 3-4 dəfə yeməkdən əvvəl, hər dəfə 2-3 udum olmaqla bu məhluldan için. 
Aybaşının normallaşması üçün: aybaşı ağrıları hər bir qadının həssas yeridir. Ağrılar dözülməzdirsə və aybaşının vaxtı dəyişibsə, səbəblərini bilmək üçün mütəxəssisə müraciət etmək mütləqdir. Əgər ciddi problem yoxdursa, ev şəraitində də aybaşını tənzimləmək mümkündür. Bunun üçün: 
8-12 dəfnə yarpağını qaynar suya  atın; 
5-6 dəq qaynadın; 
Hazır məhlulu termosa tökün və dəmlənməyini gözləyin; 
Məhlulu gündə bir neçə dəfə qəbul eidn və növbəti gün aybaşınızın normallaşmasının şahidi olacaqsınız. 

Dəfnə yarpağı çayının faydaları. 

Qaraçayın bahalı vaxtlarında dəfnə yarpağı çayı gündəlik içki idi. Əslində, bu içki sağlamlıq üçün çox faydalıdır.  O, susuzluğu yatırdır və orqanizmin maye balansını qoruyur. Lakin hər kəs bu çayı xoşlamır. Dəfnə yarpağı çayının faydaları bunlardır: 
-şişkinlikləri yox edir; 
-metabolizmanı sürətləndirir; 
-toksinləri orqanizmdən xaric edir; 
-susuzluğu aradan qaldırır; 
-immuniteti möhkəmləndirir; 
-arterial təzyiqi aşağı salır; 
-artrit zamanı köməyə çatır;
-duzları orqanizmdən xaric edir; 
-böyrəklərdəki daşı əridir; 

Bir məsələ var ki,  6 yaşından aşağı uşaqlara bu çayı vermək olmaz. Həmçinin, hamilə və süd verən analar da  dəfnə yarpağı çayı içməməlidirlər. Yaxşı olar ki, dəfnə yarpağı çayını içməzdən əvvəl həkimlə məsləhətləşəsiniz. 

Dəfnə yarpağı tüstüsünün istifadəsi: 

Yanan dəfnə yarpağından yüksək miqdarda keyfiyyətli efir yağı ayrılır. Bu, ətrafdakı pis qoxulardan xilas olmağa kömək edir. Bununla yanaşı, efir yağı sinir sisteminə sakitləşdirici kimi təsir edir. İnsan rahatlıq hiss edir. Emosional gərginliyin və stressin aradan qaldırılmasında da dəfnə yarpağı tüstüsü effektivdir.  Tüstünün ağrıları kəsdiyi də məlumdur. Yuxu rejimini normallaşdırır, depressiyanın qarşısını alır.

Zərərləri və əks təsirləri: 

Bütün qidalar kimi, düzgün qəbul edilmədikdə dəfnə yarpağı ziyanlı ola bilir. Ən əsası, məhsulun keyfiyyətli olmasına nəzarət etməkdir. Həddən artıq istifadəsi qida zəhərlənməsinə gətirib çıxarır. Kiçik uşaqlara dəfnə yarpağı vermək olmaz. Bəzi hallarda dəfnə yarpağından imtina etmək labüddür: 
-kəskin və xroniki böyrək xəstəlikləri; 
-köpə meyillilik həddən artıq olarsa; 
-hepatit; 
-mədə xorası.

Bahadur Seyidov / Demedia.az