Qalxanabənzər vəziyə zərər verən faktorlar - Araşdırma



 21:32 01.02.2023     1157

Qalxanabənzər vəzi endokrin orqandır. Demək olar ki, orqanizmin bütün sisteminin işini tənzimləyən hormonları bu orqan nəzarətdə saxlayır. Boyunun ön üst hissəsində yerləşir.  Vəzi 2 hormon istehsal edir: tironin və tiroksin. Əgər bunların birində sintez problemi yaranarsa, müxtəlif xəstəliklər meydana çıxır.  Problemin qaynağı qəbul edilən bəzi preparatlar, hamiləlik, yod çatışmazlığı və ya anadangəlmə patalogiyalar ola bilər. 

İndi isə qalxanabənzər vəzinin işində problem yaranan zaman üzə çıxan  simptomlarla tanış olaq. 
Çəkinin dəyişməsi.  Qalxanabənzər vəzinin işində problem yaranarsa insanlar qəfildən arıqlamağa başlayırlar.  Bu, yeyilən qidanın keyfiyyətindən asılıdır.   Hormon çatışmazlığı zamanı, adətən, insanlar artıq çəki yığır.  Hərçənd, yeyilən  yeməyin miqdarında heç bir dəyişiklik olmur.  Səbəb maddələr  mübadiləsinin önəmli dərəcədə yavaşlamasıdır.   Belə hallarda fiziki aktivlik belə, problemin öhdəsindən gəlməyə kömək etmir. Yalnız hormon səviyyəsini bərpa etməklə istənilən nəticəyə nail olmaq mümkündür. 

Əhval-ruhiyyənin korlanması.  Qalxanabənzər vəzi sinir sisteminə də təsir göstərir.   Hormon çatışmazlığı  ruhi düşkünlüyə, halsızlığa səbəb olur. Əksər hallarda isə, lazımsız aqressiyalar  müşahidə edilir.  Həkimlərin sözlərinə görə, insanlar çox vaxt  üzləşdikləri problemin fərqində belə, olmurlar.  Onlar elə bilirlər ki, həyat öz axarı ilə davam edir. Lakin ətrafındakılar onun psixi durumundakı kəskin dəyişiklikləri müşahidə edə bilirlər.  Həqiqətən də,  bu patalogiyanın fərqinə varmaq, elə də, asan deyil. Yeganə yol “özünü qiymətləndirmə”dir. Yəni, insan öz əhval-ruhiyyəsi barədə düşünməlidir. Əgər həyatda heç nə sizə sevinc vermirsə, səbəbsiz yerə əhvalınız korlanırsa mütəxəssisə müraciət edin. 
Boyun nahiyəsində diskomfort.  Qalxanabənzər vəzi boğazda yeləşdiyindən onun böyüməsini hiss etməmək mümkün deyil.   Böyümə düyünlərin yaranmasının nəticəsidir.  Bu zaman qidanı udmaqda və nəfəs almaqda çətinliklər də  meydana çıxır. Siz boğazınızda nəsə qalması hissinə də qapıla bilərsiniz. Bu hallarda həkimə müraciət etməyiniz və müalicəyə başlamağınız məsləhətdir. 
Dırnaqların və saçların kövrəkliyi. Qalxanabənzər vəzi hormonlarının çatışmazlığı dırnaq və saçlardan yan ötüşmür: onlar tez qırılırlar, parlaqlıqlarını itirirlər.  Çəngə-çəngə saç tökülməsi müşahidə edilir.  Rast gəlinən əlamətlər sırasında kirpik və qaşların tökülməsi də var.  Düzgün müalicə ilə hormon balansını bərpa etmək mümkündür. Balanslı  hormon orqanın bütün işini normallaşdırır. 
Aybaşı pozğunluğu. Qalxanabənzər vəzinin işindəki problem qadınlarda başqa bir əlamətlə-aybaşı pozğunluğu ilə də  özünü göstərir. Nəticədə, aybaşının dövriliyi pozulur, qanaxma uzunmüddətli olur, ağrılar artır. Bəli, çoxlarına normal görünsə də, bunlar qalxanabənzər vəzinin xəstəliyinin işarətləridir. Xüsusilə də, aybaşı pozğunluğu qəflətən meydana çıxırsa mütəxəssislə məsləhətləşin. Çünki bu cür-qəfil hormonal dəyişikliklərin fəsadı daha ciddi ola bilir. Qısırlıq və hamiləlik zamanı düşüklər məhz hormonal dəyişikliklərin fəsadının nəticəsidir.
Bədən temperaturunun dəyişməsi. Qalxanabənzər vəzinin hormonları orqanizmdə normadan artıq olduqda bədən temperaturu yüksəlir, bu da əksərən tərləmələrlə özünü göstərir. Prosesin əksi  baş verdikdə, yəni, hormonlar normadan aşağı  olduqda üşütmə, zəiflik kimi əlamətlər meydana çıxır. Qalxanabənzər vəzi bədəndəki temperatura cavabdeh olduğundan onun işinin pozulması arzuolunmaz nəticələrə gətirib çıxarır. 
Dərinin quruluğu. Öz-özlüyündə bu problem ciddi bir şeydən xəbər vermir. Çünki dərinin quruluğuna səbəb olan faktorlar çoxsaylıdır. Məsələn: vitamin çatışmazlığı, allergik reaksiylar və s. Əgər yuxarıda saydığımız əlamətlərlə birgə dərinin quruluğu müşahidə olunursa, o zaman qalxanabənzər vəzinin xəstəliyindən şübhələnməyə dəyər. 
Qəbizlik. Tiroid hormonlarının çatışmazlığı zamanı qəbizlik riski yüksəlir.Bu, onunla əlaqədardır ki, bağırsağın  sfinkter hissələri zəifləyir və onlar bağırsağın içindəki kütləni itələyə bilmir. Hormonların çox olması isə ishala gətirib çıxarır. 
Ürək ritminin dəyişməsi. Hormonların yüksəlməsi taxikardiya, yəni, ürək döyüntülərinin sayının artması ilə müşahidə edilir. Qalxanabənzər vəzinin hormonları ürək ritmini tənzimləyir. Ona görə də, hormonların dəyişikliyə uğrmasına paralel şəkildə ürək döyüntüləri də dəyişir.   Əksinə olaraq, hormon əksikliyi bradikardiya ilə, yəni, ürək  döyüntülərinin sayının azalması ilə nəticələnir. 

İndi isə qalxanabənzər vəziyə zərər verən faktorlarla tanış olaq. 
Əsəb gərginliyi. Daimi stressin əsəb sisteminə və baş beyinə mənfi təsir göstərməsi nəticəsində onların qalxanabənzər vəziyə nəzarəti itir. Bu zaman isə vəzin hormon ifraz səviyyəsində dəyişikliklər meydana çıxır. Amma bunun tərs yönü də var: qalxanabənzər vəzinin fəaliyyəti  pozulanda əsəb sistemi zərər çəkir.  Ona görə də, xəstəliyin yaranma səbəbini dəqiq müəyyənləşdirmək lazımdır. 
Zərərli qidalar.  Tərkibində zərərli konservantlar, müxtəlif kimyəvi birləşmələr  olan qidaları rasionunuzdan çıxartsanız, yaxşı olar. Bunlar qalxanabənzər vəzinin fəaliyyətinə mənfi təsir göstərirlər. Sizin rasionunuz balanslı şəkildə olmalıdır: zülallar, yağlar, karbohidratlar lazımi səviyyədə orqanizmə daxil olmalıdır. Bu komponenlərtdən hər hansı birinin yetərsizliyi qalxanabənzər vəzinin fəaliyyətində problem yaradır. Çalışın ki, rasionunuza yodla zəngin qidalar daxil edin. Məsələn: yodlu duz, dəniz kələmi, yosunlar və digər dəniz məhsulları kimi. Orqanizmin gündəlik yod tələbatı 200 µq-dır (mikroqramdır). Amma bir şeyi yadda saxlayın  ki, duzdakı yod çox tez buxarlandığından hermetik qablarda saxlanmalıdır.  
Qazlı içkilər. Mütəxəssislər bu içkilərin qəbul edilməsinə qarşıdır. Çünki konservantlar və kimyəvi birləşmələrlə zəngindirlər. Dediyimiz əlavələr içkiyə ona görə vurulur ki, istifadə müddəti daha uzun olsun.  Kimyəvi və sintetik birləşmələr qalxanabənzər vəziyə mənfi təsir göstərir. 
Keçirilən viral xəstəliklər.  Müxtəlif patalogiyalarda virus “agentləri” qan axını ilə qalxanabənzər vəziyə daxil ola bilir. Nəticədə, orqanda iltihablanma başlayır və qalxanabənzər vəzi qana həddən artıq hormon ötürür. Ardınca hipertireoz simptomları baş qaldırır. Vəzin yaxınlığındakı orqanlar da ona müxtəlif bakteriyalar və viruslar ötürə bilir. Məsələn; diş kökündə iltihablanma, limfa vəzilərində iltihablanmalar, tonzillit (angina) və s. Vəzidə ilthablanmanın uzunmüddətli  davamiyyəti kistaların yaranmasına, yaxud avtoimmun proseslərinin baş verməsinə səbəb ola bilir. Virus infeksiyası keçirdikdən sonra qalxanabənzər vəzinin fəaliyyətinin pozulması simptomları sizi narahat edirsə, həkimə getməyiniz məsləhətdir. 
Qan dövranının pozulması. Qan dövranının pozulması və mikrosirkulyasiyanın pisləşməsi bütün orqanlara olduğu kimi, qalxanabənzər vəziyə və baş beyinə də mənfi təsir göstərir. Ona görə  ki, bütün orqanların fəaliyyəti damarların vəziyyətindən asılıdır. 
Alkoqol və siqaret asılılığı. Zərərli vərdişlər qalxanabənzər vəzinin yüklənməsinə səbəb olur. Bu da onun fəaliyyətinin pozulmasına gətirib çıxarır. Öz sağlamlığnız naminə bu zərərli vərdişlərdən imtina edin. 
Estrogen səviyyəsi.  Qadınlarda klimaks ərəfəsində cinsi hormonların səviyyəsinin aşağı düşməsi nəticəsində qalxanabənzər vəzinin fəaliyyətində problemlər müşahidə edilə bilir. Çünki bu zaman qalxanabənzər vəzi  hipofiz vəzinin hormonlarına qarşı həssas olur. Qeyd edim ki, hipofiz vəzi qalxanabənzər vəzinin fəaliyyətini nizamlayır. 
Şüalanmanın təsiri. Yüksək miqdarda radioaktiv şüalanmaya məuz qalmaq da qalxanabənzər vəziyə zərər vurur və hormon sintezini pozur. 
Passiv həyat tərzi. Bu faktor qan dövranı ilə birbaşa bağlıdır. Yuxarıda da dediyimiz kimi, yaxşı qan dövranı sağlamlığın əsasıdır. Hər bir insan gün ərzində, minimum, 30 dəq piyada gəzməlidir. 

Qalxanabənzər vəzinin işinin pozulması nəticəsində meydana gələn xəstəliklər haqqında da məlumat vermək istəyirəm. 
-tireotoksikoz (hipertireoz): qalxanabənzər vəzinin xəstəliyi olub qanda tiroid hormonlarının miqdarının artması ilə xarakterizə olunur. Bu xəstəliyin əsas əlamətləri aşağıdakılardır: 
çəkinin qəfil itirilməsi; 
ürək ritminin yüksəlməsi; 
əsəbilik;
qəbizlik;
ovqatın tez-tez dəyişməsi;
aqressiyaya meyillilik; 
çox tərləmə;
görmə qabiliyyətinin zəifləməsi;
çəpgözlük; 
aybaşı pozğunluğu; 
Tireotoksikozun ən birinci səbəbi qalxanabənzər vəzinin avtoimmun xəstəliyi, digər deyimlə, Bazedov xəstəliyidir. Patalogiyanın əsasında immun hüceyrələrinin orqanizmin özünə-qalxanabəznər vəzi hüceyrələrinə qarşı aqressiyası dayanır. Əksər hallarda, bu xəstəlik qadınlarda müşahidə edilir. 
-hipotireoz:  bir öncəki patalogiyanın tam əksinə proses baş verir.  Qalxanabənzər vəzinin funksiyasının zəifləməsi və tiroid hormonlarının çatışmazlığı ilə xarakterizə edilən xəstəlikdir. Əsas əlamətləri bunlardır: 
ürək ritminin zəifləməsi;
daimi halsızlıq;
şişkinlik; 
qəbizlik;
depressiya; 
saçların tökülməsi; 
kökəlmə;
aybaşı pozğunluğu; 
Patalogiyanın səbəbi kimi, qalxanabənzər vəzinin iltihabi xəstəliklərini və ya uzunmüddətli yod çatışmazlığını göstərmək olar. 
-eutireoz: qalxanabənzər vəzinin normal fəaliyyəti və digər patalogiyaların simptomlarının müşahidə edilməməsi. Qanda tiroid hormonlarının normada olması heç də həmişə yaxşı hal deyil.  Bu, hələ qalxanabənzər vəzinin sağlamlığından danışmır. Çünki hipertireozla hipotireoz arasındakı müvəqqəti fasilə də ola bilər. Bəzi şiş xəstəlikləri zamanı vəzi öz funksiyalarını müəyyən müddət ərzində dondura bilir. Ona görə də, tibbi müayindən mütəmadi olaraq keçin ki, bu cür xəstəliklər  vaxtında aşkarlana bilsin. 

Qalxanabənzər vəzinin xəstəliklərinin profilaktikası. Orqanın ömrünü uzatmaq üçün müəyyən qaydalara əməl etməlisiniz: 
-düzgün qidalanın; 
-radiasiyadan uzaq durun;
-zərərli vərdişlərdən əl çəkin;
-aktiv həyat tərzi keçirin; 
-yodla zəngin qidaları rasionunuza daxil edin; 
-mütəmadi olaraq, həkim müayinəsinə gedin; 
Yuxarıda sadaladığım simptomların hər hansı biri ilə üzləşdiyinizi düşünürsünüzsə, həkim qəbuluna yazılmağa tələsin. 

Bahadur Seyidov / Demedia.az