Qara zirənin inanılmaz faydaları - Araşdırma



 13:09 02.02.2023     2211

Qara zirə haqqındakı yazılı mənbələrin tarixi bizim eradan çox əvvələ gedib çıxır. Misir fironu Tutanhamonun sağlamlığındakı problemlərin aradan qaldırılması üçün qara zirədən istifadə edildiyi məlumdur.

Bundan əlavə, misirlilər qara zirə toxumlarını ölən insanlarla bərabər məzara qoyurdular. İnanırdılar ki, bu möcüzəvi toxumlar  ölülər diyarında belə, insanların sağlamlıqlarının qeydinə qalacaq.  Digər bir əfsanəyə görə, Kleopatra qara zirədən gəncliyini, gözəlliyini, həyat eşqini qorumaq üçün istifadə edib. 

Keçən əsrin ikinci yarısında qara zirə toxumunun faydalarını üzə çıxarmaq üçün 200-dən çox araşdırma aparılıb. Əldə edilən nəticələrin ortaq yönü bu idi: “Qara zirə  sağlamlığın keşiyində dayanır.” 

Qara zirə bioloji aktivliyi ilə seçilir. Onun toxumunda həyat üçün olduqca vacib elementlər var.  
C, D, A, E, K, PP və B qrupu vitaminləri; 
Dəmir, sink, kalsium, fosfor, selen, kalium permanqanat və s.
Fol turşusu, amin turşuları; 
Omega-9, Omega-3, Omega-6 yağ turşuları; 
Efir yağı; 
Tkamin, kumarin, riboflavin, piridoksin; 
Tanenlər; 
Fosfolipidlər; 
Beta karoten;
Fitosterollar; 
Zülallar; 
Proteinlər; 
Karbohidratlar; 
Liflər; 

Qədimdə qara zirəni immuniteti möhkəmləndirmək məqsədilə daha çox istifadə edirdilər. Müasir tibb də zirənin bu qabiliyyətindən xəbərdardır. Qara zirə yağı bağırsaq infeksiyaları və müxtəlif göbələklər ilə mübarizə aparmaqda mahirdir.  Həzm prosesinə müsbət təsir edir, mədə-bağırsağın işini normallaşdırır. Öd suyunun ifrazında prosesin aqressivliyini azaldır.  Bu xüsusiyyətləri sayəsində qara zirə qəbizliyin aradan qaldırılması,  bağırsaqların hərəkətliliyinin bərpası məqsədilə ən çox üz tutulan vasitələrdəndir. Laktasiyanı stimullaşdırır; bu da onun süd verən anaların rasionuna daxil edilməsinin səbəbidir. 
Qara zirə toxumunun tərkibindəki komponentlər müxtəlif xəstəliklərə qarşı savaşır. İmmun sistemini möhkəmlədirdiyinə görə, infeksion və ya virus qaynaqlı xəstəliklərin profilaktikasında istifadə edilir.  Tənəffüs yolları iltihabı zamanı  göstərdiyi müsbət təsir təqdirəlayiqdir. Həmçinin, qanda şəkərin səviyyəsini azaldır.  Buna görə də, müxtəlif tip diabet zamanı orqanizmin köməyinə çatır. 
Soyuqdəymədən qaynaqlanan xəstəliklərin sürətlə sağalmasını təmin edir. Bundan əlavə, ürək-damar sistemindəki hər hansı problem zamanı, sidik yollarının təmizlənməsi, böyrəklərin işinin dəstəklənməsi məqsədilə də qara zirə toxumuna üz tutulması geniş yayılıb. Artıq çəkidən yaxa qurtarmaq istəyənlər üçün də qara zirə əlçatan vasitədir. 
Qara zirənin əsas faydaları bunlardır: 
-İmmuniteti möhkəmləndirir; 
-Qanda pis xolesterinin səviyyəsini aşağı salır; 
-Mədə-bağırsağın işini yaxşılaşdırır; 
-İştahı açır; 
-Bağırsaqlarda yumşaldıcı kimi çıxış edir; 
-Arterial təzyiqi aşağı salır; 
-Öd kisəsinin, qaraciyərin və böyrəklərin işini normallaşdırır; 
-İş qabiliyyətini artırır, yaddaşı gücləndirir; 
-Böyrəklərdə və sidik kisəsində daş varsa, əridir; 
-Həzm orqanlarının əzələlərini elastikləşdirir; 
-Xəstəliyin səbəb olduğu mənfi əhval-ruhiyyəni aradan qaldırır; 
-Artıq mayenin orqanizmdən xaric olunmasını təmin edir; 
-Mikrob əleyhinə və parazit əleyhinə vasitədir; 
-Saç köklərini möhkəmləndirir və sürətlə uzanmalarına səbəb olur; 
-Orqanizmi zərərli maddələrdən və parazitlərdən təmizləyir; 

Qəbul qaydaları: 
Antibakterial xüsusiyyətinə və geniş istifadə arealına baxaraq əminliklə demək olar ki, müxtəlif narahatlıqlar zamanı qara zirə köməyə çatır. Hazırda müalicəvi məqsədlə qara zirə yağı və ya qara zirə məhlulu daha çox istifadə edilir. 
Dermatofit zamanı.  Zədələnmiş nahiyələrə qara zirə yağını ehtiyatla çəkin. Bundan əlavə, hər gün yeməkdən 20 dəq əvvəl 1 çay qaşığı qara zirə yağı içmək də faydalıdır. 
Baş ağrıları zamanı. Bərabər miqdarda qara zirə toxumu, adi cirəgülü toxumu və mixək götürün. Bunları qarışdırın və toz halına düşənədək üyüdün. Alınan qarışımdan gündə  1 çay qaşığı  ya axşam yatmazdan əvvəl, ya da səhər acqarına qəbul edin. 
Yüksək təzyiq zamanı. Qara zirə toxumunu üyüdün, 1 xörək qaşığı götürün, 1 stəkan qaynar suya əlavə edin. 30-50 dəq dəmlənməyini gözləyin. Vasitəni səhər acqarına, yeməkdən 15 dəq əvvəl için. Bundan əlavə, qarışımın effektini artırmaq üçün gün ərzində 1-2 diş təzə sarımsaq yemək də məsləhətdir. 
Diş ağrısı zamanı. 1 çay qaşığı qara zirə toxumunu üyüdün. Üzərinə az miqdarda zeytun yağı əlavə edin. Qarışdırın. Alınan məcunu ağrıyan dişin üzərinə qoyun və 5-6 saat gözləyin. Sonra ağzınızı ilıq suyla yaxalayın. 
Soyuqdəymə zamanı. Bu  vaxt  qara zirə toxumu ilə inqalyasiya köməyə çatır. Üyüdülmüş qara zirə toxumunu  qaynar suya əlavə edin. Ağzını bağlayın, 15 dəq dəmlənməsini gözləyin.  Başınıza dəsmal salın və qabın ağzını açan kimi özünüzü buğa verin. Çalışın ki, buğda nəfəs aldığınız müddət 15-20 dəq olsun. 
Burun axması zamanı. Tənzifi qara zirə  yağına batırın və burun dəliklərinin ağzına qoyun. 20 dəq sonra götürün. Burnunuzu təmizlədikdən sonra proseduru təkrar edə bilərsiniz.  Burun axması güclüdürsə, gün ərzində 3 dəfə belə etmək fürsətiniz var. 
Yuxusuzluq zamanı. Yarım stəkan südə 1 çay qaşığı bal əlavə edin və qarışdırın.  Qara zirə toxumlarını üyüdün, toz halına salın, bir çimdik qarışıma əlavə edin. Hər gün axşam yeməyindən 15-20 dəq əvvəl bu qarışımı için. 
Sinusit zamanı. Qara zirə yağını burun dəliklərinə sürtün və dərindən nəfəs alın. Sonra burnunuzu təmizləyin. İnqalyasiya üçün yarım stəkan qaynar suya 1 xörək qaşığı qara zirə yağı qatın. Bundan əlavə, gündə 2 dəfə yeməkdən 15 dəq əvvəl 1 çay qaşığı qara zirə yağı içmək də müsbət effekt verir.  
Otit zamanı. Soğan suyuna qara zirə yağı əlavə edin və mikrodalğalı sobada isidin. Gündə 3 dəfə, hər dəfə 2-3 damcı olmaqla bu qarışımdan ilıq halda qulağa  damızdırın. 
Ürəkbulanma zamanı. 1 xörək qaşığı mentol və yarım çay qaşığı qara zirə toxumu götürün. Qarışdırın və 1 stəkan qaynar suya əlavə edin. Sutkada 3 dəfə acqarına  qarışımı qəbul edin. 
Helmintozlarla mübarizə zamanı.   100 qr qara zirə toxumunu tavada qovurun. 15 qr soğanı sürtgəcdən keçirin.  Qara zirə toxumlarının üzərinə əlavə edin və bir neçə saniyə daha tavanı odun üzərində saxlayın. Səhər acqarına, yeməkdən 20 dəq əvvəl qarışımdan 1 xörək qaşığı qəbul edin. 
Boğaz ağrıları zamanı. 1 xörək qaşığı qara zirə toxumunu 250 ml qaynar suya qatın və dəmlənməyini gözləyin. Məhlul otaq temperaturunda olanda onunla boğazınızı qarqara edin. Proseduru gündə 3 dəfə təkrarlayın. 
Qanda xolesterinin səviyyəsi yüksək olanda. 1 çay qaşığı boymadərən qurusunu və 1 çay qaşığı qara zirə toxumunu üyüdün, yaxşıca qarışdırın. Bunları 1 stəkan bala əlavə edin. Qarışdırın və soyuducuda bir neçə saat saxlayın. Hər səhər acqarına, yeməkdən 15 dəq əvvəl  bu qarışımdan 1 xörək qaşığı qəbul edin. 
Dəri xəstəlikləri zamanı. Gündə 3 dəfə, lazım olsa, daha çox zədələnmiş dəriyə qara zirə yağı çəkin. Bundan əlavə, qara zirə yağından hazırlanmış məhlulu balla qarışdıraraq da dəriyə çəkmək olar. 
Bəlğəmgətirici vasitə. 1 xörək qaşığı qara zirə toxumunu yarım litr qaynar suya əlavə edin. 15 dəq vam odda qaynadın. Soyuyandan sonra cuna ilə süzün. Gündə 3 dəfə, hər dəfə 100 ml olmaqla yeməkdən 15 dəq əvvəl məhluldan için. 
Böyrəklərdə və ya öd kisəsində daş varsa. 1 çay qaşığı üyüdülmüş qara zirə toxumunu balla qatın. Hər gün bu qarışımı qəbul edin. 
Qızdırma zamanı. Qaraçayı, yaxud yaşıl çayı, cəfərini, nanəni, adi cirəgülünü birlikdə 1 stəkan qaynar suda dəmləyin.  Məhlula 6-7 damcı qara zirə yağı əlavə edin. Gündə 3 dəfə yeməkdən sonra bu məhlulu için. Prosedur 1 həftə davam etməlidir. 
Zərərləri və əks təsirləri. 
Faydalılıq dərəcəsinin yüksək olmasına baxmayaraq, qara zirə orqanizmə mənfi təsir göstərə də bilər. Hamilələrə bu məhsuldan uzaq durmaq tövsiyə edilir. Çünki o, uşaqlığın fəaliyyətində aktivlik yaradır. Bundan əlavə, bir çox hallarda qara zirədən istifadə risklidir. 
-Kəskin şəkərli diabet; 
-Kəskin formalı öd kisəsi daşı; 
-Mədə turşuluğundan qaynaqlanan qastrit; 
-İrəliləyən tromboflebit; 
-Hipotoniya; 
-Ürəyin işemik xəstəliyi; 
-Aktiv avtoimmun proses; 
-İndividual həssaslıq; 
3 yaşdan aşağı uşaqlar üçün qara zirədən istifadə yolverilməzdir. Həmçinin, qeyd etməliyəm ki, həddən artıq qəbul edilən qara zirə allergiyaya, ishala, həzmsizliyə səbəb ola bilər.  Unutmayın ki, müalicə məqsədilə istifadə edilən istənilən təbii vasitə haqqında mütəxəssislə məsləhətləşmək ən yaxşısıdır. 

Bahadur Seyidov / Demedia.az