197 ölkəni gəzdi... - Dünyanı gəzən RİYAZİYYAT MÜƏLLİMİ



 20:01 02.02.2023     683

Türkiyəli riyaziyyat müəllimi Murat Fıçıcı Marşal adaları daxil dünyada ayağını basmadığı ölkə qalmadığını açıqlayıb.

Demedia.az xəbər verir ki, 30 ildə 197 ölkənin hamısını gəzən Fıçıcı həm də 2000-ə yaxın gəncin xaricə getməsinə köməklik edib.

Murat Fıçıcı Boğaziçi Universitetinin Riyaziyyat fakültəsini bitirdikdən sonra 13 ildir riyaziyyatdan dərs deyir və 30 ilə yaxındır ki, dünyanı gəzir. Yanvarın 26-da Sakit Okeandakı Marşal adalarından dünyanın bütün ölkələrinə ayaq basmaq məqsədinə çatdığını açıqlayan Fıçıcının səyahət sevgisi universitet illərinə gedib çıxır. Dostları ilə Türkiyəni avtostopla, avtobusla və qatarla gəzən Fıçıcı “bir müddət sonra zəncirimiz qırıldı” deyərək xaricə getməyə başladıqlarını deyir. İlk xaricə səfərini Hindistana etdiyini və müəllimlik illərində bir çox ölkəyə səyahət etdiyini izah edən Fıçıcı səyahətin həm özünün, həm də bir çox gəncin həyatını necə formalaşdırdığını belə izah edir:
Müəllim olduğum illərdə sinifdə ən nadinc uşaqlar tənəffüs vaxtı yanıma gəlib, xarici ölkələrə səyahətimlə bağlı xatirələrimi danışmağımı xahiş edirdilər. Əvvəllər düşünürdüm ki, 'Biz bu uşaqları məktəbdə qazana bilmərik, amma dünyanı gəzməyə icazə versək, onlar tarixi, coğrafiyanı və mədəniyyətləri öyrənəcəklər'. Sonra beynimdə gəlirinin bir hissəsini gənclərə dünyanı tanımaq üçün sərf edəcək biznes açmaq ideyası formalaşmağa başladı. Bu düşüncə ilə peşəmi qoyub müəllim olduğum Əskişəhərdə kafe açdım. 20 il əvvəl başladığım bu biznes zamanla böyüdü və bu müddət ərzində 18-25 yaş arası təxminən 2000 gəncin xaricə getməsi üçün sponsorluq etdim. Gənclərin yemək, içki, yaşayış, nəqliyyat kimi bütün xərclərini qarşılayıram.

Aysun / Demedia.az