Böyrəklərdə problemin 4 əlaməti  - DİQQƏTLİ OLUN



 12:49 03.02.2023     959

Dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də yetkin insanların çoxu xroniki böyrək xəstəliyi olduğunu bilmədən həyatına davam edir.  

Böyrəklərdə problem olduğunu göstərən əlamətlər üzə çıxanda onları min bir yerə yozurlar.  Özləri isə yalnız xəstəliyin  kəskinləşməsi zamanı, yaxud sidikdə yüksək miqdarda protein gördükdə “böyrəyimi həkimə göstərməliyəm” fikrinə qapılırlar.  Dünya üzrə, xroniki böyrək xəstələrinin yalnız 10%-i öz xəstəliyinin dərkindədir. 

Böyrək xəstəliklərinin diaqnozu  tibbi müayinələr nəticəsində qoyulur. Lakin   böyrəklərdə problem olduğunu göstərən əlamətlərin fərqinə varmaqla da vəziyyəti dərk etmək mümkündür.  Yüksək təzyiq, şəkərli diabet,  ailədə genetik olaraq böyrək çatışmazlığı varsa, yaxud yaşınız 60-ı keçibsə,  ildə, ən azı, 2 dəfə böyrəklərinizi müayinə etdirmək labüddür.  Üstəlik, əmin olun ki, hiss etdiyiniz bütün narahatlıqları həkimə danışmısınız. Lazım gələrsə, həkimə getməzdən qabaq hiss etdiklərinizi bir kağıza yazın. 

Xroniki böyrək xəstəliyinin işarətləri: 
Yorğunsunuzsa, hansısa bir işi görməyə enerjinizin qalmadığını hiss edirsinizsə, diqqətinizi toplaya bilmirsinizsə,  xroniki böyrək xəstəliyiniz ola bilər. Böyrəyin işindəki kiçik bir ləngimə belə, qanda toksinlərin miqdarının artmasına səbəb olur. Bu da insanda yorğunluğa, halsızlığa, diqqət dağınıqlığına gətirib çıxarır. Böyrək xəstəliyinin  yol açdığı digər bir problem isə anemiyadır. 
Yata bilməmək. Böyrəklər filtrizasiyanı lazımi səviyyədə yerinə yetirə bilməsə, sidiklə xaric ediləcək zərərli maddələr qanda qalmaqda davam edir. Bu da yuxuya getməyi olduqca çətinləşdirir. Xroniki böyrək xəstəliyi ilə köklük arasında əlaqə var. “Yuxu apnesi” xroniki böyrək xəstələrində daha geniş yayılıb. 
Dəridə quruma və qaşınma. Sağlam böyrəklərin önəmli vəzifələri çoxdur. Orqanizmdən  lazımsız  maddələri və  artıq mayeni xaric edirlər. Qırmızı qan hüceyrələrinin əmələ gəlməsinə kömək edirlər. Sümüklərin güclü qalmasını təmin edirlər, orqanizmin mineral balansını qoruyurlar. Böyrəklər qandakı mineral və qida balansını təmin edə bilməsə, dəridə quruma və qaşınma baş qaldırır.  Dəridəki bu problem xroniki böyrək xəstəliyi ilə yanaşı, mineralsız qalan oynaqların da həyəcan siqnalı sayıla bilər. 
Sidiyə daha tez-tez getmək. Xüsusilə, gecələr daha çox sidiyə gedirsinizə, bu, böyrək xəstəliyinin işarəti ola bilər. Böyrəklərdəki filtrlərin xəsarət alması sidiyə çıxma refleksinin artmasına yol açır.  Bəzi hallarda, sidiyə tez-tez getmə kişilərdə prostat vəzinin böyüməsinin, qadınlarda isə sidik yolları infeksiyasının işarəti sayıla bilər. 
Sidikdə qan varsa. Sağlam böyrəklər  sidik yaradır, zərərli maddələri bu sidik vasitəsilə orqanizmdən xaric edir.  Amma qan hüceyrələri orqanizmdə qalır.  Böyrəklərdəki filtrlər xəsarət aldıqda, qan hüceyrələri sidiyə sızır. Böyrək xəstəliyinin işarəti olmaqdan əlavə, sidikdə qan görülməsi şişlərin, böyrək daşlarının və infeksiyanın da xəbərçisi sayılır. 
Sidik köpüklənirsə. Xüsusilə, tualetdə sifonu iki dəfə, üç dəfə çəkməyinizi gərəkdirəcək qədər  həddən artıq köpüklü sidik o deməkdir ki, sidikdə protein var.  Bu protein albumin adlanır.  
Göz ətrafında torbalanmalar. Sidikdə protein böyrəklərdəki problemin erkən mərhələdə olduğundan xəbər verir. Göz ətrafındakı torbalanmalar isə məhz sidiyə sızan proteindən “danışır”. 
Ayaqlarda, topuqlarda şişkinlik.  Böyrəyin fəaliyyətində ləngimə ayaqların və topuqların şişməsinə gətirib çıxarır. Əl və ayaq barmaqları kimi, uc orqanlardakı şişkinliklər ürək xəstəliklərinin, qaraciyər xəstəliklərinin, xroniki ayaq damarı xəstəliklərinin də işarətləri ola bilər. 
İştahsızlıq.  Çox rastlanan bu hal böyrəklərin funksiyasının pozulmasına da işarədir. Böyrəklər öz vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, zərərli maddələr orqanizmdən xaric edilmir. Toksinlə yüklənmiş bədən isə qida qəbulundan imtina edir. 
Əzələlərdə spazmalar. Orqanizmin su-elektrolit balansının pozulması  böyrəklərin fəaliyyətindəki ləngimələrin  nəticəsi ola bilər. Məsələn; aşağı düşən kalsium səviyyəsi və nəzarətdən çıxmış fosfor  əzələlərdəki spazmlara səbəb olur. 

Bir başqa məsələyə keçək: böyrəklərdəki ağrılara görə, xəstəlikləri çeşidləmək mümkündürmü?  Yəni, növünə görə, ağrı böyrəkdə hansı xəstəliyin: xərçəngin, böyrək daşının və s. olduğunu bildirirmi?  
Böyrək iltihablanması necə baş verir? Əgər bakteriyalar böyrəklərə çatırsa, böyrək infeksiyalarına yol açırlar.  Normal şərtlər daxilində bakteriyalar böyrəyə sidik yolu ilə, xüsusilə də, müalicə edilməyən sidik yolu infeksiyasından sonra gəlirlər. Böyrək infeksiyasının ən geniş yayılmış əlamətləri sırasında ürəkbulanma, kəskin ağrılar, sidiyə gedərkən yanma və ağrı, sidikdə qan və ya irin, pis qoxulu və ya bulanıq sidik, qusma, bel və ya qasıq  nahiyəsində ağrı, titrəmə və qızdırma var. Bu simptomlarla üzləşən insanların  təcili olaraq həkimə müraciət etməsi lazımdır. 

Böyrək daşı ağrısı.  Zamanla duzlar və minerallar böyrəkdə yığılır, bərkiyir, beləcə, böyrək daşı meydana gəlir. Kiçik ölçülü daşlar, adətən, sidiklə orqanizmdən xaric olurlar. Bunlar hər hansı güclü simptoma səbəb olmur.   Böyük ölçülü daşlar  sidik istehsal edilərkən narahatlıqlar yaradır.  İrəliləyərək böyrəkdə, yaxud sidik yolunda sıxışıb qala bilir. Böyrək daşlarının işarətləri və simptomları arasında sidikdə qan, sidiyə gedərkən ağrı, qusma,  ürəkbulanma, bel və ya qarında kəskin ağrılar var.  Normal şərtlərdə kiçik ölçülü daşları düşürmək üçün bolluca su içmək və reseptsiz ağrıkəsicilərdən qəbul etmək tövsiyə edilir. Amma unutmayın ki, proses olduqca ağrılıdır. 

Böyrəkdə kistanın olduğunu bilmək mümkündürmü? Xoşxassəli şişlər və ya xərçəng olmayan kistalar normalda içi maye ilə dolu olan kisələrə verilən addır. Böyrək kistaları böyrəklərdən birində və ya hər ikisində ola bilər. Adətən, hər hansı bir xüsusi simptomla özlərini biruzə vermirlər. Çox böyüyən, partlayan və ya infeksiyaya yoluxan kista nahiyədə həssaslığa, qızdırmaya, kəskin ağrılara, beldə, böyürlərdə,  qarında spazmalara səbəb ola bilir. Kiçik kistalar, əksərən, müalicə  tələb etməz. Müalicənin lazımlı olduğu anlarda isə mütləq həkimin dediyinə qulaq asmalısınız. Çünki kistaların müalicəsi  ənənəvilikdən çox, individuallığa əsaslanır. 

Böyrəklərin polikistoz  xəstəliyi.  Bir və ya hər iki böyrəkdə bir neçə kistanın əmələ gəlməsinə səbəb olan genetik xəstəlikdir.  Bu xəstəlik insanın böyrəklərini deformasiyaya uğradır, zamanla böyrək çatışmazlığı kimi problemlərə yol açır. Böyrəklərin polikistoz  xəstəliyinin simptomları arasında böyrək daşlarına, tək və ya hər iki böyrəkdə ağrıya, sidik yolu infeksiyasına, sidikdə qan olmasına və yüksək təzyiqə rast gəlinir. 
Böyrək xərçəngi. Böyrəklərdəki şişlər ilkin mərhələdə heç bir narahatlıq yaratmır. Amma irəlilədikcə, şişin həcmi böyüdükcə böyürlərdə, beldə və ya qarında  ağrılar meydana çıxır.  Həmən həkimə müraciət edilməli, nəzarətli müalicə kursu   başlamalıdır. 

Böyrəyin xəsarət alması. Futbol, boks, at minmək, basketbol kimi, şiddətli  vərdişlər  böyrəyin xəsarət alma riskini artırır. Belə olan halda, qarının sağında və solunda, belin alt qismində  ağrılar hiss olunur. Zədənin  ağırlığına uyğun olaraq, ağrı kəskin və ya xəfif ola bilər. 

Bahadur Seyidov / Demedia.az