Böyrək problemi yaşayanlar: Bu qidaları rasiondan çıxarın



 11:41 06.02.2023     972

Əvvəlcə, onu qeyd etmək istəyirəm ki, böyrəklər orqanizmin filtridir. Hər gün böyrəklərdən, demək olar ki, 1700 litr qan keçir.  Həmçinin, litr yarımadək sidik keçir ki,  qidalardan ayrılan, orqanizm tərəfindən mənimsənilməyən toksinlər məhz bu yolla xaric olunur.  

Böyrəklərdəki filtrizasiya prosesini  olduğu kimi qiymətləndirmək bəzən ağlımıza da gəlmir.  Böyrəklərdəki hər hansı narahatlıq qanda da problemlərin yaranmasına səbəb olur. 

Bədənimiz elə qurulub ki, daxildəki hər hansı problem haqqında xaricə siqnallar ötürə bilir. Məsələn; böyrək narahatlıqları müxtəlif nahiyələrdəki şişkinliklər vasitəsilə özünü biruzə verir. Əgər səhər yuxudan oyananda  nəyinsə düzgün olmadığını düşünürsünüzsə, məsələn; yuxu rejiminiz pozulubsa, bu, artıq narahat bir günün başlanğıcıdır. Və bunun böyrəkdəki narahatlığın da əlaməti ola biləcəyi hər saat adamın ağlına gəlmir.  

Əksər hallarda böyrək problemlərinin əsas “günahkarı” sidik turşusu və onun duzlarıdır. Bu maddələrin orqanizmdə hətta normal miqdarda olması belə, bəzən narahatlıq yaradır.  Sidik turşusu və duzları sidik kisəsində daş yaradır, podaqra riskini artırır.  Bu kimi xoşagəlməz hallardan qaçmağın ən bəsit yollarından biri düzgün qidalanmaq, digəri isə lazımi miqdarda maye qəbul etməkdir. 

Böyrək problemi yaşayan insanların rasiondan çıxarmalı olduğu qidalar: 
Duz. Duz suyu çox tələb edir. Bu sözləri, bəlkə, 100 dəfə eşitmişik. Məhz duz şişkinliklərin səbəbidir. Bundan əlavə, həddən artıq içilən su da, eynən, su qıtlığı kimi, arterial təzyiqi yüksəldir.  Bu, böyrək problemi yaşayan insanın  ürək-damar sisteminin işində də anormallığın meydana gəlmə səbəblərindəndir. 
Yağlı/qızardılmış ət.  Burda emala məruz qalmış, hisə verilmiş ətləri də unutmaq olmaz; onlar trans yağlarla zəngindir. Böyrək damarlarında spazmlara yol açan bu cür ət məhsulları, birbaşa böyrəkdəki qan dövranını pozur. 
Alkoqollu içkilər. Bu zaman böyrək kanallarında distrofiya yaranması riski ilə üz-üzəyik. 
Konservlər.  Tərkibindəki purin sayəsində konservlər podaqra riskini yüksəldir. 
İspanaq.  Əsl oksalat mənbəyidir. Sidik turşusunun tərkibində oksalat bol olduğunda  sidik yollarında daş əmələ gəlməsinə səbəb olur. 

Böyrəklərin təbii şəkildə təmizlənməsi. 
Uşaqlıqdan bəri, bizə deyirlər ki, vitamin və minerallarla zəngin meyvə-təvəzdən yaxşı bədən təmizləyən vasitə yoxdur. Bəs, bu siyahıya nələr daxildir? 
Gül kələm. Yüksək miqdarda A, B, C, K vitamininə malik olan gül kələm, eyni zamanda, tərkibindəki antioksidantlar sayəsində böyrək kanallarına xəsarət yetirmək imkanı olan zərərli maddələri neytrallaşdırır.  Gül kələm yeyildikdə, böyrəklərdə baş tutan filtrizasiya prosesi sürətlənir, sidiklə bərabər daha çox toksin bədəndən atılır. Böyrəkdə və ya sidik kisəsində daş olan zaman gül kələm profilaktik məqsədlə xəstənin rasionuna daxil edilir. 
Qaragilə. Böyrək ləyənlərində daş əmələ gəlməsinin qarşısını alan qaragilə  böyrək kanallarını xəsarətdən qoruyan antioksidantlarla da zəngindir.  Şəkərli diabet riski ilə üz-üzə olan və yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün də qaragilə müalicəvi qidadır. 
Yerkökü. Təbii karoten mənbəyidir. A vitamini ilə zəngin olan qidalar siyahısında yerkökü ilə yanaşı, bolqar bibəri,  qulançar da var. Bunlar böyrək problemlərinin kəskinləşməsinə imkan vermir. 
Balqabaq. E vitamini mənbəyidir.  Nənələrimiz əbəs yerə çalışmırdılar ki, rasionumuzda balqabaq sıyığı, balqabaq şirəsi, yaxud sobada bişmiş balqabaq olsun. 
İtburnu.  Böyük miqdarda C vitamininə malikdir. Ondan hazırlanan məhlul  universal faydalılıq dərəcəsi ilə seçilir. Məhlulu hazırlamaq üçün: 2 xörək qaşığı yetişmiş itburnu meyvəsini 1 stəkan suya qatın, 15 dəq qaynadın. Gündə 2 dəfə ilıq halda için. 
Alma və  gavalı. Hər iki meyvə pektin ilə zəngindir. Pektin  həzm sistemindəki toksinləri təmizləyir. Təzə sıxılmış alma şirəsi təkcə böyrəkləri təmizləməklə qalmır, eyni zamanda, öd kisəsinin və qaraciyərin işini normallaşdırır. Bir daha vurğulayıram: məhz təzə sıxılmış alma şirəsi. Mağazalardakı şirələrə istehsalçılar müxtəlif konservantlar qatırlar ki, məhsulun rəf ömrü uzun olsun. Həmçinin, mağazalardakı məhsulun tərkibində şəkər də çoxdur. Bu cür şirələri içmək orqanizmdə turşu-qələvi balansının pozulması ilə nəticələnir.  Təzə sıxılmış alma şirəsini ya yemək zamanı, ya da yeməkdən sonra içmək məsləhətdir.  Acqarına içilən alma şirəsi mədədə müəyyən narahatlıqlara səbəb ola bilər. 
Kəpək. B qrupu vitaminlərinə malik olan kəpək  böyrəyin qan dövranını yaxşılaşdırır. 
Mərcanı.  Bu giləmeyvə yüksək miqdarda vitamin və faydalı maddələrə  malikdir.  Mərcanı şirəsi sidik  sisteminin funksionallığını artırır,  daş əmələ gəlməsində böyük rol oynayan oksalatların və duzların orqanizmdən xaric edilməsini sürətləndirir. Bir daha vurğulayıram ki, arzuolunan müsbət nəticəni əldə etmək üçün yalnız təzə sıxılmış şirə içmək lazımdır. Əgər evdə şirə hazırlamaq imkanınız yoxdursa, mağazadan almağa məcbursunuzsa, heç olmasa, qabın üstünü oxuyun.  Konservantların və  dadlandırıcıların miqdarı nə qədər az olsa, o qədər yaxşıdır. 
Sarımsaq. Mütəmadi olaraq, sarımsaq yemək böyrək xəstəlikləri riskinin azalması deməkdir. Xüsusilə, II tip şəkərli diabet diaqnozu qoyulmuş insanlar sarımsağa üstünlük verməlidirlər.  Bəli, sarımsaq diabetin kəskinləşməsinə mane olur. Bu da böyrəyin sağlamlığının qorunması deməkdir. Bundan əlavə, sarımsaq qanda lipoproteinlərin səviyyəsini nizamlayır, beləcə,  gələcəkdə damar tıxanıqlığı yaranma riski də aşağı düşür. Sarımsaq  böyrək xəstəliklərinin baş qaldırmaması üçün aparılan profilaktik tədbirlərə daxil edilməlidir. 
 Xiyar.  Sidiyin ifrazını normallaşdırır. Sidik yollarında daş varsa, profilaktik tədbir kimi, rasionda xiyarın miqdarı artırılmalıdır.  Böyrəyi təmizləmək üçün isə xiyar şirəsi tərəvəzin özündən daha optimaldır. Hər gün 3-4 dəfə  qəbul edilən 150 ml xiyar şirəsi böyrəkləri təmizləyir, onun funksionallığını artırır, xəstəlik riskini önəmli dərəcədə aşağı salır. 
 Əkin indausu. Tərkibindəki kalium ilə  sidik yollarında daş əmələ gəlməsinə mane olur, varsa, vəziyyətin kəskinləşməsinə imkan vermir. Rasiona indau daxil etməklə, orqanizmin su-elektrolit balansını qorumaq mümkündür.  Bitki hipertenziya ilə mübarizə aparmaqda da orqanizmin köməyinə çatır.  Qeyd edim ki, hipertenziya təkcə böyrəkdə deyil, digər  orqanlarda da qan dövranının pisləşməsinə səbəb olur. 
 Qarpız.  Sidikqovucu olan qarpızın böyrəkləri yuduğu haqqındakı mifi hamımız eşitmişik. Bu gün sizi əmin etmək istəyirəm ki,  bundan belə, eşitdiklərinizə mif deyil, həqiqət kimi yanaşa bilərsiniz. Maddələr mübadiləsini sürətləndirən qarpız gələcəkdə daş əmələ gətirəcək olan yığıntıların və çöküntülərin sidiklə bərabər orqanizmdən xaric olunmasının təminatçısıdır. 
 Üzüm. Böyrək patalogiyaları ilə mübarizə aparmaqda orqanizmin daha bir köməkçisi də üzümdür. Qırmızı və ya qara üzüm sortları resveratrol`la zəngindir. Resveratrol nefrositləri möhkəmləndirir, onların ifrazat qabiliyyətini yüksəldir.  Bundan əlavə, üzümdə flavanoidlər də var ki, bu sayədə meyvə iltihab  əleyhinə vasitə də sayılır. Sidik yollarında hər hansı iltihablanma varsa, üzüm  yeməklə qısa müddətdə bu problemin həllinə nail ola bilərsiniz. 
Yaşıl çay. Kofenin və adi qaraçayın ən yaxşı alternativi sayılan yaşıl çay antioksidant kimi çıxış edir. Böyrəklərin sağlamlığının keşiyində dayanır. 

Böyrəklərin təmizlənməsi üçün lazım olan xüsusi vitamin və minerallar. 
Bir daha vurğulamaq istəyirəm ki, lazımi mineral və vitaminləri təbii mənbələrdən əldə etmək, orqanizmin qayğısına qalmaqdır. 
-kalsium. Sutkalıq kalsium norması 1-2 qramdır. Normaya riayət edilməsi böyrəkdə daş əmələ gəlməsinin qarşısını alır. Bu zaman belə bir sual yaranır: “Bəs, kalsium qəbulu özü daş əmələ gəlməsinə səbəb ola bilərmi?” Ən doğru cavab budur: “Yox!” Əksinə, gündəlik qəbul edilən kalsium və ya kalsiumla zəngin qidalar böyrək sağlamlığının zəmanətidir. 
-B6 vitamini. Gün ərzində qəbul edilən 50 µg B6 vitamini oksalatın böyrəyə verdiyi zərərin miqdarını önəmli dərəcədə azaldacaq. Bu, nə anlama gəlir? B6 vitamini çatışmazlığı bütün orqanizmdə metabolizma tsiklini pozur. Beləcə, orqanizmə daxil olan oksalat emal edilmədən-elə olduğu kimi qalır. Onun çoxluğu isə sidik yollarına mənfi təsir edir. 
-Omega-3. Müasir insan hər gün Omega-3 ilə zəngin qidalar qəbul etməlidir. Daxili sistemin filtrizasiyası üçün Omega-3 olduqca vacibdir. Aktiv həyat tərzi bizi məcbur edir ki, Omega-6 ilə zəngin qidalar qəbul edək. Biz də bu məcburiyyətimizi sevə-sevə yerinə yetiririk. Amma az adam bilir ki, Omega-6 çoxluğu sidik yollarında iltihablanma yaradır. Böyrək xəstəliyi olanlarda isə daş əmələgəlmə prosesinin “start” düyməsi basılır.  Balıq yağı orqanizmi  daim ehtiyac duyduğu Omega-3 ilə təmin edir.  Beləcə, yağ turşuları arasındakı balans qorunur. 
-kalium.  Su-elektrolit balansını dəstəkləyən kalium  sidiyin  rahatca xaric olunmasını da təmin edir. Böyrəkdə və ya sidik kisəsində daş varsa, kaliumla zəngin qidalar profilaktik tədbirlər siyahısında öz yerini almalıdır. Böyrək xəstəliklərinin risk qrupunda olan insanlar  kaliumla zəngin  rasiona daha maraqlı olmalıdırlar. 
-su rejimi. Böyrəklərin təmizliyi üçün orqanizmdə dövr edən suyun miqdarına nəzarət etmək lazımdır. Sutkalıq su normasını, məsələn; 2 litrdən az olmayaraq, qəbul edin. Həyat tərziniz, çəkiniz, hətta hərəkətləriniz belə, sudan asılıdır.  Stəkan ölçüsü ilə desək, təqribi rəqəmlər budur: qadınlar sutka ərzində 8 stəkan su içməli, kişilərsə 12 stəkan su içməlidir. Əgər fiziki gərginlik tələb edən hər hansı işlə məşğulsunuzsa, suyun miqdarını artırmaq daha məqsədəuyğundur.  

Bir şeyi də unutmayın ki, böyrək problemlərinin bəziləri yaşla əlaqədardır.  Siz  qidalanmanıza və gündəlik individual maye qəbulunuza nəzarət etməklə, orqanların qeydinə qala bilərsiniz. 

Bahadur Seyidov / Demedia.az